“Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində görüş
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin və Azərbaycan Xanımları Beynəlxalq Klubunun birgə təşkilatçılığı ilə “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, Monitorinq Mərkəzində keçirilən görüşdə xaricdə yaşayan diaspor nümayəndələri və bu istiqamət üzrə respublikamızda fəaliyyət göstərən ziyalı xanımlar iştirak ediblər.
Tədbiri açan Mərkəzin direktoru professor Sevinc Əliyeva soydaşlarımızı vahid məfkurə ətrafında birləşdirən milli-mənəvi dəyərimiz olan ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan dilinin beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsində Ümummilli Liderin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb. O, ana dilimizin dünyanın ən mötəbər kürsülərindən səsləndirilməsini, dominant dillərin təsirinə baxmayaraq, xarici ölkələrdə öz dilini, mədəniyyətini yaşadan və layiqincə təmsil edən həmvətənlərimizin fəaliyyətini qürurverici hal kimi dəyərləndirib. Bildirilib ki, doğma dilimizin təbliği Monitorinq Mərkəzi üçün də prioritet məsələdir.
S.Əliyeva xaricdə yaşayan soydaşlarımız tərəfindən dilimiz və mədəniyyətimizin təbliğinə dair keçirilən tədbirləri yüksək qiymətləndirməklə müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizlə əməkdaşlığın zəruriliyindən bəhs edib.
Diaspor nümayəndələri Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Diaspor Təşkilatları qarşısında qoyulan vəzifələrdən söz açıb, xaricdə Azərbaycan dilinin tədrisi prosesinin təkmilləşdirilməsi, müxtəlif tədris səviyyələri üzrə dərsliklərin nəşr olunması, şagird və tələbələrin müvafiq ədəbiyyatla təmin edilməsi, yay məktəblərinin yaradılması kimi zəruri məsələləri müzakirə edib, Monitorinq Mərkəzi tərəfindən həftəsonu məktəblərin fəaliyyətinə dəstək verilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Aparılan müzakirələrin yekunu olaraq xaricdəki mərkəz və cəmiyyətlərin fəaliyyətləri yaxından öyrənilməklə Azərbaycan dilinin dünya miqyasında nüfuzunun yüksəldilməsi və tətbiqi istiqamətində görüləcək vəzifələr müəyyənləşdirilib.