Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yeni beynəlxalq layihəyə qoşulub
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üzvü olduğu və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “WORK4ACE” layihəsinin onlayn başlanğıc görüşü (kick-off meeting) keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, prorektorun müavini Ülviyyə Abbasova və Beynəlxalq layihələr üzrə koordinator Leyla Nağıyeva iştirak ediblər. Günboyu davam edən görüşdə layihənin digər beynəlxalq iştirakçıları da çıxış edərək fikir mübadiləsi aparıb, qarşıya qoyulan öhdəlikləri və gələcək zəruri addımları müzakirə ediblər.
Qeyd edək ki, “Work4CE” layihəsinə üzv olan ölkələr Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin əsas məqsədi tələbə və məzunların işə düzəldilməsini yaxşılaşdırmaq üçün rəqəmsal dövrdə universitet-müəssisə əməkdaşlığının yeni formalarını, mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin birgə yanaşması sayəsində yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasında boşluğun aradan qaldırılmasını nəzərdə tutur.