AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 2002-ci il 26 oktyabr tarixli fərmanı ilə Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri-2” gəmi-bərəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2002-ci il oktyabrın 28-i Azərbaycan Respublikasında matəm günü elan edilmişdir.
Həmin fərmanın icrası ilə əlaqədar olaraq, Gəmiçilikdə bir sıra təşkilati tədbirlər keçirilmişdir. Belə ki, bu müəssisənin nəqliyyat donanmasına məxsus gəmilərdə də Azərbaycan Respublikasının bayraqları ücdə bir qədər endirilmiş, “Merkuri-2” gəmi-bərəsinin qəzaya uğrayaraq batdığı zamanda, yəni yerli vaxtla saat 10.30-da Gəmiçiliyin müəssisələrində də bir dəqiqəlik matəm sükutu elan edilmiş və gəmilərdə isə bir dəqiqəlik fasiləsiz matəm fiti verilmişdir.
Bunlarla yanaşı, Gəmiçilik rəhbərliyinin təşəbbüsü ilə matəm günü saat 04.00-da bu müəssisəyə məxsus “Dağıstan” gəmi-bərəsi Bakı limanı körpüsündən “Merkuri-2” gəmi-bərəsinin qəzaya uğrayaraq batdığı əraziyə yola düşmüşdür. Göyərtəsində həmin gəmi-bərənin heyət üzvlərinin qohum-əqrəbasından və Gəmiçiliyin işçilərindən ibarət 35 nəfərin olduğu “Dağıstan” gəmi-bərəsi saat 10.30 radələrində hadisə yerinə çatmışdır. Orada dənizə Gəmiçiliyin kollektivi adından xatirə əklil buraxılmış, qərənfillər səpilmiş, mərhumların ruhuna dualar oxunmuş və Uca Allahdan onların rəhmətə qovuşmaları arzulanmışdır.
“Merkuri-2” gəmi-bərəsinin qəzaya uğradığı ərazidə cəsədləri tapılaraq torpağa tapşırılmış dənizçilərin məzarları da matəm günü Gəmiçiliyin nümayəndələri tərəfindən ziyarət edilmiş, mərhumların əzizlərinə, yaxınlarına bir daha başsağlığı verilmiş və onlara müvafiq mərasimlərin keçirilməsi ilə bağlı yardım göstərilmişdir.