İDMAN
AZƏRBAYCAN DÜNYA İDMAN İCTİMAİYYƏTİNİN DİQQƏTİNİ CƏLB EDİR
idman və turizm naziri Əbülfəz Qarayev mayın 17-də keçirilmiş ənənəvi mətbuat konfransında “Gənclər siyasəti haqqında” Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanı nazirliyin gələcək fəaliyyətində əsas hadisə adlandırmışdır. 1992-ci ildə qəbul olunmuş “Gənclər haqqında” Qanundan fərqli olaraq, yeni Qanun dövlətin gənclər siyasətinin bütün cəhətlərini, o cümlədən təhsilsahəsini, gənc ailələrə yardım, idmanın inkişafı məsələlərini əhatə edir. Nazir gənclərin 3-cü Respublika forumu ilə bağlı görülmüş işlərdən danışaraq bildirdi ki, onun başlandığı vaxtdan bəri 15 mindən çox tədbir keçirilmiş, bunlarda təxminən 1,5 milyon gənc iştirak etmişdir. Forumun yekun iclasının vaxtı yaxın günlərdə müəyyənləşdiriləcəkdir.
Azərbaycan paytaxtı müxtəlif beynəlxalq yarışlar keçirilməsi üçün ən əlverişli yer kimi dünya idman ictimaiyyətinin diqqətini cəlb edir. Bakıda keçirilmiş sərbəst güləş üzrə Avropa çempionatına, beynəlxalq voleybol, həndbol turnirlərinə əcnəbi qonaqların yüksək qiymət verməsi buna sübutdur. Bu yay Bakıda “Nə? Harada? Nə vaxt?” oyunu üzrə ilk dünya çempionatı və yeniyetmə şahmatçıların Avropa çempionatı keçiriləcəkdir.
Respublika nişahgahının tikintisi və Tofiq Bəhramov adına Respublika stadionunun yenidən qurulması işləri yüksək sürətlə gedir. Stadionda ot örtüyü artıq dəyişdirilmişdir, soyunub-geyinmə otaqlarının abadlaşdırılması işlərinə tezliklə başlanacaqdır. İdman-Konsert Kompleksinin damının dəyişdirilməsi üçün yaxın vaxtlarda iki tender elan ediləcəkdir. Gəncədə, Naxçıvanda və Bərdədə də olimpiya mərkəzlərinin açılışı planlaşdırılır.
Nazir Azərbaycanda turizmin inkişaf perspektivlərindən və servisin səviyyəsinin yüksəldilməsindən söhbət açaraq dedi ki, Azərbaycan mütəxəssislərinə Qərb standartlarının öyrənməsi sahəsində Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi - TİKA ilə mövcud işbirliyi inkişaf etdirilir. Bundan əlavə, ABŞ səfirliyinin yardımı ilə Baş Turizm İdarəsinin üç əməkdaşı Amerikada üçhəftəlik staj keçəcəkdir. Mayın axırlarında keçiriləcək 1-ci Azərbaycan beynəlxalq turizm sərgisində 10 ölkənin 40 şirkəti iştirak edəcəkdir. Sərgi çərçivəsində Böyük İpək yolu üstündə yerləşən ölkələrin memarlıq abidələrinə həsr olunmuş konfrans keçiriləcəkdir.