SİYASƏT
AZƏRBAYCAN HƏR BİR XALQIN NÜMAYƏNDƏLƏRİNİN MİLLİ MƏNSUBİYYƏTİ İLƏ QÜRUR DUYDUĞU BİR ÖLKƏDİR
AZƏRTAC xəbər verir ki, İsrailin Afula şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi həm də İsrail dövlətinin yaranmasının 60 illiyini qeyd etmişdir.
Tədbirdə iştirak edən İsrailə köçmüş azərbaycanlılar hər iki hadisənin önəmi barədə danışmış, Azərbaycan və yəhudi xalqları arasındakı sıx əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulamışlar. AZİS-in idarə heyətinin üzvü, professor Mixail Aqarunov bildirmişdir ki, Azərbaycan hər bir xalqın nümayəndələrinin milli mənsubiyyəti ilə qürur duyduğu bir ölkədir. Bu isə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və yürütdüyü siyasətin nəticəsi və uğurudur. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, AZİS-in idarə heyətinin üzvü Yeganə Salman da ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən söhbət açmış, Prezident İlham Əliyevin ümummilli liderin ideyalarını və siyasətini uğurla həyata keçirdiyini bildirmişdir.
AZİS-in prezidenti, İsrail Knessetinin üzvü İosif Şaqal demişdir ki, Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin 85 illik, İsrail dövləti yaradılmasının isə 60 illik yubileyinin birlikdə qeyd olunması xalqlarımızın daha da yaxınlaşmasına təkan verəcəkdir. İ.Şaqal bildirmişdir ki, Azərbaycan və İsrail dövlətləri arasında iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir və getdikcə daha da inkişaf edir.
İosif Şaqal bütün israillilər adından Azərbaycan xalqına, ilk növbədə, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə ölkədə bərqərar olmuş beynəlmiləlçilik və tolerantlığa, 20 minlik yəhudi icmasının inkişafına verdikləri dəstəyə görə minnətdarlığını bildirmişdir.