AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA HƏLL EDİLMƏMİŞ PROBLEMLƏR YOXDUR
Baş nazir qonaqları salamlayaraq bildirdi ki, 2000-ci ildə Azərbaycan ilə Rusiya Federasiyasının Sverdlovsk vilayəti arasında hökumətlərarası müqavilə imzalandıqdan sonra iqtisadi münasibətlərin inkişafında müsbət dəyişikliklər yaranmışdır. Əmtəə dövriyyəsi artmış, yeni əlaqələr yaradılmış, təsərrüfat subyektləri arasında münasibətlər bərpa edilmişdir.
Artur Rasizadə ölkəmizdə iqtisadi vəziyyətdən danışaraq dedi ki, ilin əvvəlindən bəri ümumi daxili məhsul 9,9 faiz artmışdır. Ümumiyyətlə, son 5 ildə bu artım ildə 10 faiz olmuşdur. Hökumətin parlamentə təqdim etdiyi 2005-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində ÜDM-in artımı 14 faiz göstərilmişdir. Buna baxmayaraq, Baş nazirin qeyd etdiyi kimi, həll olunmamış problemlər hələ də qalır. Başlıca problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir ki, onun da nəticəsində Ermənistan silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal etmişdir, bir milyonadək Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Belə ağır şəraitdə Azərbaycan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, habelə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi qlobal layihələri həyata keçirir.
Eduard Rossel səmimi qəbula görə təşəkkür edərək bildirdi ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında səmərəli münasibətlər yaranmışdır və bunun əsasını Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2000-ci ildə qoymuşdur. O vurğuladı ki, Sverdlovsk vilayəti öz iqtisadi göstəricilərinə görə Rusiya Federasiyasında ilk yerlərdən birini tutur. Vilayətdə iqtisadiyyatın mütərəqqi texnika ilə təchiz edilməsi yüksək sürətlə gedir, müəssisələrdə müasir avadanlıq quraşdırılır. Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin göstəriciləri yaxşı olsa da, bunu üç dəfə artırmaq və SSRİ dövründəki səviyyəyə qaldırmaq mümkündür.
Eduard Rossel Sverdlovsk vilayətində yaşayan azərbaycanlılardan danışaraq dedi ki, onlar cəmiyyətin fəal üzvləridir və Rusiya Federasiyasının bu subyektinin inkişafında və tərəqqisində bilavasitə iştirak edirlər. Sverdlovsk vilayətinin başçısı Azərbaycanın Yekaterinburqda konsulluğunun açılması təklifini də irəli sürdü.