“AZƏRBAYCAN İNCƏSƏNƏTİ” KİTABI NƏŞR OLUNMUŞDUR
Əsərin “Qədim dövrlərdə incəsənət” adlı birinci bölməsində Azərbaycan incəsənətinin qaynağı sayılan Qobustan qaya təsvirlərindən, Naxçıvan, Qarabağ, Qazax, Mingəçevir və digər bölgələrdən tapılmış daş, metal və gildən hazırlanmış sənət nümunələrindən, Güney Azərbaycandakı məşhur Ziviyə tapıntılarından bəhs edirlir. Sonrakı bölmədə XII-XV əsərlərə aid məşhur memarlıq abidələri, Xoy, Marağa və Təbriz məktəblərinin dünya şöhrəti qazanmış miniatürləri, sirli keramika və digər sənət nümunələri, XVI-XVII yüzilliklərdə memarlığın, təsviri və dekorativ sənətin, xalçaçılıq və digər sahələrin inkişafı araşdırılır.
Kitabın üçüncü, “Son feodalizm və yeni dövrdə Azərbaycan incəsənəti” bölməsində XVII-XX yüzilliklərdə Rusiya-Azərbaycan mədəni əlaqələrinin güclənməsi sayəsində Şərq-Qərb estetik təfəkkürünün qovuşması, Avropa mədəniyyətinin ənənələrinə əsaslanan yeni tipli incəsənətin inkişafı, dövrün görkəmli memar və rəssamlarının yaradıcılığı ətraflı təhlil olunur.
Rasim Əfəndinin bu əsəri çoxəsrlik Azərbaycan incəsənətinin inkişafı, onun dünya incəsənət tarixində yeri və mövqeyi haqqında geniş məlumat verir. Kitabda 250 ağ-qara və rəngli illüstrativ materiallar da çap olunmuşdur.
Bu günlərdə Azərbaycanda Atatürk Mərkəzində elm və mədəniyyət xadimlərinin, xarici ölkələrin səfirliklərinin, paytaxt ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Azərbaycan incəsənəti” kitabının təqdimat mərasimi keçirilmişdir.