Azərbaycan-İran əlaqələri bundan sonra da inkişaf edəcək
Tehran, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov dekabrın 2-də bu ölkənin Mehr xəbər agentliyinə müsahibə verib.
Səfir deyib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərindən sonra iki dövlət arasındakı əməkdaşlıq əlaqələrində inkişaf müşahidə olunur. Prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri bir daha təsdiq etdi ki, xalqlarımız arasında sıx tarixi, dini, mədəni və iqtisadi bağlılıqlar mövcuddur və Azərbaycan-İran ikitərəfli əlaqələri bundan sonra da inkişaf edəcək.
C.Axundov diqqətə çatdırıb ki, hazırda dünyada İran və Azərbaycan kimi mədəni, dini, adət-ənənələri, tarixi və coğrafi baxımdan bu qədər bir-birinə yaxın olan başqa iki ölkə tapmaq mümkün deyil. İran ilə Azərbaycan arasında yaxşı dostluq münasibətləri var və son illərdə bu münasibətlər daha da genişlənib. Səfər zamanı İran İslam Respublikasının Prezidenti Həsən Ruhani çox gözəl vurğuladı ki, “Azərbaycan və İran xalqları iki bədəndə bir ruhdur....”
C.Axundov xatırladıb ki, səfər çərçivəsində Azərbaycan ilə İran arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 5 sənəd - 4 anlaşma memorandumu və 1 əməkdaşlıq haqqında memorandum imzalandı, prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər.
Qeyd edilib ki, Azərbaycan və İran prezidentlərinin görüşləri zamanı iki ölkə arasında neft-qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, sənaye, humanitar, balıqçılıq, ekologiya, turizm sahələrində, eləcə də infrastruktur layihələrinin icrası, bəndlərin, elektrik stansiyalarının tikilməsi ilə bağlı əməkdaşlıq, regional və beynəlxalq səviyyədə daha sıx əlaqələrin qurulması imkanları və s. vacib məsələlər müzakirə olundu.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran səfir bildirib ki, hər iki ölkə başçısının mətbuata birgə verdiyi bəyanatlar zamanı Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də biz İranın dəstəyini həmişə hiss edirik. İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir”.
Səfir deyib: “Ümumilikdə, səfər yüksək səviyyədə keçdi və düşünürük ki, bu səfər həm siyasi baxımdan, həm də əməkdaşlığın konkret sahələrini müəyyənləşdirmək və genişləndirmək baxımından əlaqələrin gələcək inkişafında mühüm rol oynayacaq”.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran