AZƏRBAYCAN-İRAN MÜŞTƏRƏK KOMİSSİYASININ İCLASI
Oktyabrın 29-da “Avropa” otelində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Komissiyanın beşinci iclası başlanmışdır.
İqtisadi inkişaf naziri, komissiyanın həmsədri Fərhad Əliyev iclası açaraq dedi ki, bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfərindən sonra ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətçə yeni, daha yüksək mərhələsi başlanmışdır. Sonra nazir ölkə Prezidentinin rəhbərliyi altında aparılan iqtisadi islahatlar barədə geniş məlumat verdi. O bildirdi ki, ictimai-siyasi sabitlik şəraitində həyata keçirilən ardıcıl islahatlar ölkənin iqtisadi inkişafında yüksək nəticələr əldə etməyə imkan vermişdir. Bazar münasibətlərinin bərqərar olması xətti götürmüş Azərbaycan sahibkarlığın inkişafı, əlverişli sərmayə mühiti yaradılması üçün bütün lazımi hüquqi bazanı təmin etmişdir.
İçlasda hər iki ölkənin ekspertləri tərəfindən müxtəlif sahələri əhatə edən layihələr barədə rəy və təkliflər bildirildi, nəqliyyat, rabitə, meliorasiya və su təsərrüfatı, balıqçılıq, ticarət, sərhəd və gömrük nəzarəti, bank sistemi, mədəniyyət, elm, təhsil və səhiyyə sahələrində əməkdaşlığın inkişafı perspektivləri müzakirə olundu.
Tərəflər Naxçıvan-Təbriz-Tehran istiqamətində sərnişin qatarlarının hərəkəti barədə razılaşmanı dəstəklədiklərini bildirdilər.
Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyevin və İranın kooperasiya naziri Əli Sufinin sədrliyi ilə keçən iclasda ölkəmizin Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai iştirak edirdilər.
Oktyabrın 30-da Komissiya öz işini davam etdirəcəkdir.