Azərbaycan IV Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Forumunun yekun sənədini imzalayıb
Vaşinqton, 28 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev “IV Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Forumunun Yekun Sənədi”ni imzalayıb. Sənəddə qadın və qızların dayanıqlı inkişafda və elm, texnologiya, mühəndislik işi və riyaziyyatda (STEM) iştirakının genişləndirilməsi istiqamətində zəruri tədbirlər öz əksini tapıb.
Azərbaycan həmişə qadın hüquqlarının dəstəklənməsi, qadınların və qızların hüquq və imkanlarının genişləndirilməsi siyasətinə sadiq olub. Son illər həyata keçirilən məqsədyönlü tədbirlər və xidmətlərin yaxşılaşdırılması qadınların bütün sektorlarda təmsil olunması sahəsində daha böyük inkişafı stimullaşdırıb, həmçinin həyat keyfiyyətinin yüksəldilməsinə təkan verib. Hələ 1918-ci ildə Azərbaycan ümumi seçki hüququnu tətbiq edib və Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub.
Azərbaycanın bu sənədə siyasi dəstək verməsi gender bərabərliyi və qadın hüquqlarının daha da inkişaf etdirilməsi üzrə milli siyasətin canlı təzahürüdür. Ölkənin gələcək inkişafı istiqamətində gündəlikdə duran prioritet məsələlərdən olan araşdırmalar, tədqiqatlar, innovasiyalar, layihələr və STEM-lə bağlı digər tədbirlərdə iştirak etmək istəyən bütün şəxslərə bərabər imkanlar yaradılır.
Bir sıra texnoloji inkubator və yüksək texnologiya parkları Azərbaycanın müxtəlif regionlarında uğurlu fəaliyyət göstərir, bununla da innovasiyalı texnoloji startapları birləşdirir və onlara vergi stimulları, tərəfdaşlıq, maliyyələşdirmə və ətraf mühitin qorunmasına həvəsləndirmə yolu ilə dəstək verirlər. Bu sektorlar qadın və qızlara müvafiq sahələr üzrə əlavə imkanlar yaradırlar.
Bu yaxınlarda 15 yaşlı Reyhan Camalova yağış suyundan enerji əldə etmək üçün nəzərdə tutulmuş “Rainergy” adlı məhsul ixtira edib. Hindistanda keçirilən 8-ci Qlobal Sahibkarlıq sammitində onun bu ixtirası nümayiş etdirilib. Reyhan, həmçinin BMT-nin Azərbaycanda modelləşdirmə konfransında Fəxri mükafata layiq görülüb və Avropanın ən iri ideya müsabiqəsi olan “Yaşlı biznes”in “ClimateLaunchpad” mərhələsinin finalına vəsiqə alıb. O, “Forbes” jurnalının “30 yaşadək 30” adlanan Asiyada sənaye, istehsal və energetika sahəsində sahibkarlar siyahısına daxil edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton