Azərbaycan kuboku: Premyer Liqa təmsilçiləri mərhələ adlayıblar
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də futbol üzrə Azərbaycan kuboku yarışında səkkizdəbir final mərhələsinin oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, iki gün ərzində keçiriləcək mərhələnin görüşlərində artıq dörd komanda dörddəbir finala adını yazdırıb.
“Bayıl Arena”da keçirilmiş qarşılaşmada “Sumqayıt” MOİK-a 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. “Sumqayıt”ın dörddəbir finaldakı rəqibi dekabrın 3-də müəyyənləşəcək. “Qarabağ”-“Səbail” matçının qalibi ilə ilk görüş dekabrın 11-13-də, cavab qarşılaşması isə bir həftə sonra oynanılacaq.
Bakının “İnter” klubu birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”a böyük hesabla qalib gələrək dörddəbir finala yüksəlib - 5:1. Bu mərhələdə “İnter”in rəqibi dekabrın 3-də keçiriləcək “Şahdağ”-“Kəpəz” görüşünün qalibi olacaq.
Digər oyunda AZAL komandası “Rəvan”ı dörd cavabsız qolla məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb. AZAL-ın dörddəbir finaldakı rəqibi “Qəbələ” və “Zaqatala” komandaları arasında keçiriləcək səkkizdəbir final matçının qalibi olacaq.
Günün sonuncu dörddəbir finalçısı Premyer Liqa təmsilçisi “Neftçi” olub. Paytaxt klubu birinci divizion təmsilçisi “Şərurspor”u qəbul edib. Qarşılaşma “Neftçı” klubunun qalibiyyəti ilə başa çatıb - 2:0. “Neftçi” növbəti mərhələdə “Turan Tovuz”-“Zirə” cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, mərhələnin digər dörd qarşılaşması dekabrın 3-də keçiriləcək.