AZƏRBAYCAN MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN VƏZİYYƏTİ AŞPA-NIN DİQQƏTİNDƏDİR
Hazırda Böyük Britaniyadan olan deputatı O’Harra Cənubi Qafqazda mədəniyyətin vəziyyəti ilə bağlı yeni məruzə üzərində işləyir. Onun bununla əlaqədar regiona səfər etməsi nəzərdə tutulur. Bu səfər bir neçə dəfə təxirə salınsa da, hər halda, yaxın zamanlarda baş tutacağı gözlənilir.
Avropa Şurasının baş katibi Terri Devisin təşəbbüsü ilə daha bir missiya yaradılmış və onun da bölgəyə səfəri planlaşdırılmışdır. Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin və qurumun Elm, təhsil və mədəniyyət komitəsinin üzvü Rafael Hüseynov bu məsələ ilə bağlı demişdir:
- Baş katib Terri Devisin təşəbbüsü ilə yaradılan və Cənubi Qafqazda mədəniyyətin vəziyyətini araşdıracaq missiyanın regiona gəlməsini biz daha çox istəyirik. Çünki həmin missiyanın tərkibinə ən müxtəlif sahələrin mütəxəssisləri daxil olacaq və kifayət qədər müfəssəl və obyektivliyi şübhə doğurmayacaq bir tədqiqatın aparılacağı gözlənilir.
Şübhəsiz ki, O’Harranın da səfəri maraqlıdır. Hələ ötən sessiyada biz nail olduq ki, həmin səfər çərçivəsində təkcə Azərbaycandakı abidələrin vəziyyəti deyil, Ermənistan və Gürcüstandakı Azərbaycan abidələrinin hazırkı vəziyyəti də araşdırılsın. Hələ ki, nə missiyanın, nə də O’Harranın regiona səfərlərinin tarixi məlum deyildir. Lakin bizim fikrimizcə, missiyanın səfərinin daha öncə olması əhəmiyyətlidir. Çünki həmin səfərdə iştirak edəcək geniş tərkibli ekspertlər qrupunun obyektiv rəyi O’Harranın hazırlayacağı həm məruzəyə, həm də ilkin araşdırma rəyinə müsbət təsir göstərə bilər.
Elm, təhsil və mədəniyyət komitəsinin indiki sessiya çərçivəsində keçirilmiş iclasında müzakirə üçün təqdim edilən materiallardan biri bizim keçən sessiyada hazırladığımız “Ermənistandakı Azərbaycan mədəniyyət abidələrinin vəziyyəti” adlı sənəd idi. Həmin sənəddə biz həm ermənilər tərəfindən tamamilə dağıdılmış, həm də artıq məhv olmaq üzrə olan və yaxud erməniləşdirilmiş Azərbaycan mədəniyyət abidələri haqqında ətraflı bəhs etmişik.
Bu sənəd payız sessiyasının gedişi zamanı komitədə bir daha müzakirə edildi və məruzəçi O’Harraya tövsiyə olundu ki, regiona səfəri zamanı, xüsusilə Ermənistandakı Azərbaycan mədəniyyəti abidələrinin vəziyyətini araşdırarkən, həmin sənədi əsas kimi götürsün və orada adı çəkilən abidələrlə bağlı xüsusi tədqiqat aparsın.
O’Harra regiona noyabr ayında səfər etməyi planlaşdırdığını bildirmişdir. Lakin texniki səbəblər üzündən baş tutmasa, onda yeni ilə keçiriləcəkdir.