“Azərbaycan Ordusu və milli mənəvi dəyərlərimiz” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu və milli mənəvi dəyərlərimiz” mövzusunda “dəyirmi masa” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığından, eləcə də azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqətindən danışaraq, hər bir hərbi qulluqçunun Vətəni şücaətlə qoruduğunu vurğulayıb.
Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani milli mənəvi dəyərlərimizin mənəvi-psixoloji hazırlıqda başlıca mənbə olduğunu vurğulayıb.
Çıxış edənlər milli mənəvi dəyərlərin təbliği ilə bağlı şəxsi heyətin daha geniş məlumatlandırılması yollarından danışıb, Azərbaycan Respublikası Prezidentinin hərbi qulluqçuların vəzifə maaşlarının artırılması Sərəncamının mühüm əhəmiyyət kəsb etdiyini və bunun dövlətimizin diqqət və qayğısının təzahürü olduğunu vurğulayıblar.