CƏMİYYƏT
Azərbaycan Ordusunun hərbi hissələrində ağacəkmə aksiyaları davam edir
Bakı, 9 aprel, AZƏRTAC
Respublikamızda “Heydər Əliyev İli” çərçivəsində, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq hərbi hissələrdə növbəti ağacəkmə aksiyaları keçirilib.
Müdafiə Nazirliyinin nümayəndələrinin, rayon icra hakimiyyəti və YAP-ın rayon təşkilatının əməkdaşlarının, könüllülər, eləcə də hərbi qulluqçuların iştirak etdiyi aksiyalarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri qoyulub. Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar əkilib.