Azərbaycan Pekində keçirilən beynəlxalq kardiologiya konqresində təmsil olunub VİDEO
Pekin, 17 oktyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində dünya miqyasında ən nüfuzlu kardioloji tədbirlərdən biri sayılan Böyük Çin Səddi Beynəlxalq Kardiologiya Konqresi keçirilir.
AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkəsindən dövlət qurumları nümayəndələrinin, alim, həkim, ekspertlərin iştirak etdiyi konqresdə Azərbaycan da təmsil olunur. Konqresin “Ürək çatışmazlığı və kardiomiopatiya” adlı sessiyasında Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Mahir Dadaşova “Ürək çatışmazlığının müalicəsində innovativ yanaşmalar: dəqiq tibdən rəqəmsal sağlamlığa” mövzusunda məruzə ilə çıxış edib. O, sübutlara əsaslanan müasir yanaşmaları, süni intellekt və rəqəmsal monitorinq texnologiyalarının ürək çatışmazlığının erkən aşkarlanması və fərdiləşdirilmiş müalicəsində tətbiq imkanlarını elmi əsaslarla izah edib.
Eyni sessiyanın elmi rəylər bölməsinin iştirakçısı kimi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi ürək cərrahı, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev iştirak edib.
Konqresin bu sessiyasında Hindistan, Çin və digər ölkələrin aparıcı kardioloqları da çıxış edib. Azərbaycanın hər iki nümayəndəsinin iştirakını beynəlxalq həmkarlar yüksək qiymətləndirib və gələcək elmi əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Konqres çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə Tsinqhua Universitetinin Birinci Xəstəxanasının Ürək Mərkəzi arasında elmi-tədqiqat və akademik əməkdaşlığa dair memorandum imzalanacaq. Sənədin məqsədi kardiologiya sahəsində birgə elmi layihələrin icrası, müasir texnologiyaların tətbiqi, eləcə də mütəxəssislərin təlim və təcrübə mübadiləsini genişləndirməkdir. Bu əməkdaşlıq Azərbaycan kardiologiya elminin beynəlxalq platformalarda daha geniş tanıdılmasına, eləcə də ürək-damar xəstəliklərinin müasir müalicəsi, təlim və tədqiqat istiqamətlərində ölkəmizin mövqeyinin güclənməsinə mühüm töhfə verir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin