AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AMERİKA TİCARƏT PALATASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Prezident sarayında Amerika Birləşmiş Ştatları Ticarət Palatasının nümayəndə heyətini qəbul etmişdir.
ABŞ Ticarət Palatasının ölkələrimizin iqtisadi əməkdaşlığının inkişafında mühüm rol oynamasından məmnun qaldığını vurğulayan dövlətimizin başçısı dedi ki, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, büdcəsi artır, ikitərəfli əlaqələrimizin səviyyəsi bizi çox qane edir. Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq əvvəllər enerji sektoru ilə məhdudlaşırdısa, indi getdikcə iqtisadiyyatın digər sahələrini də əhatə edir. Amerikadan böyük şirkətlərin bundan sonra da Azərbaycana gələcəyinə ümid edirəm.
Prezident İlham Əliyev dedi ki, Vaşinqtonda ABŞ Ticarət Palatasında çox vacib görüşlər keçirilmişdir. Azərbaycan ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Əməkdaşlığımızın bütün sahələrində inkişaf var. Əminəm ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq bundan sonra da uğurla davam edəcəkdir. Dövlətimizin başçısı ABŞ-ın bir çox aparıcı şirkətlərinin Azərbaycanda fəal iştirakından məmnunluğunu bildirdi.
ABŞ Ticarət Palatası nümayəndə heyəti adından danışan səfir Rino Harniş iqtisadi və ticarət əlaqələrinin ölkələrimizin ikitərəfli əməkdaşlığında mühüm rol oynadığını bildirdi. O, Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığa dair birgə işçi qrupunun ötən həftə Vaşinqtonda keçirdiyi görüşlərin son dərəcə uğurlu olduğunu söylədi. Cənab Rino Harniş dedi ki, həmin tədbirdə Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında qarşıdakı altı ay üçün fəaliyyət planı razılaşdırılmışdır. Bu çox əhəmiyyətlidir və hesab edirəm ki, Azərbaycan-Amerika münasibətlərinin inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.