AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BELARUSUN BAŞ NAZİRİ SERGEY SİDORSKİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Prezident sarayında Belarus Respublikasının Baş naziri Sergey Sidorskini qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi.
Azərbaycanın Belarusda səfirliyinin açılması barədə qərar qəbul etdiyini nəzərə çarpdıran Prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işində mühüm rol oynayacağını vurğuladı.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Belarusun Baş nazirinin Azərbaycana səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəkdir.
Qəbula və ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab Sergey Sidorski Belarus Prezidenti Aleksandr Lukaşenkonun səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Belarus hökumətinin yüksək səviyyəli rəsmilərinin təmsil olunduğu geniş tərkibdə nümayəndə heyətinin Bakıya səfərinin ilk günündən Azərbaycanda qonaqpərvərliklə qarşılanmasından məmnun qaldığını söyləyən qonaq ölkələrimizin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğuladı. Cənab Sergey Sidorski dedi ki, Belarus rəhbərliyi və hökuməti ölkələrimizin əlaqələrinin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəkdir. Baş nazir əmin olduğunu bildirdi ki, Azərbaycan-Belarus əlaqələri bundan sonra da daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Prezident İlham Əliyev Prezident Aleksandr Lukaşenkonun səmimi salamlarına görə təşəkkürünü bildirdi və özünün də salamlarını, xoş arzularını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Görüşdə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər barədə də müzakirələr aparıldı.