AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV bp ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ ENDİ İNQLİSİ QƏBUL ETMİŞDİR
Bakı, 22 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də bp şirkətinin vitse-prezidenti Endi İnqlisi qəbul etmişdir.
Endi İnqlis dövlətimizin başçısına bp-Azərbaycan şirkətinin işçi heyəti ilə keçirdiyi görüşlər barədə məlumat verərək, ölkəmizdə bp-Azərbaycan şirkətinin həyata keçirdiyi işlərin çox uğurla getdiyini bildirdi. bp şirkətinin vitse-prezidenti “Azəri-Çıraq-Günəşli” layihəsinin növbəti mərhələsi hesab olunan “Çıraq” layihəsi üzrə işlərin də müvəffəqiyyətlə aparıldığını dedi.
Dövlətimizin başçısı bp ilə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. İstehsal sahəsində işlərin yaxşı getdiyini bildirən Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə etdi.
######
