AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB DÖVLƏT BAŞÇILARI ŞURASININ İCLASINDA İŞTİRAK ETMİŞDİR
Kişinyov, 9 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Kişinyovda keçirilən iclasında iştirak etmişdir.
Prezident İlham Əliyev və digər dövlət başçıları MDB Dövlət Başçıları Şurasının iclasının keçirildiyi Respublika sarayına gəldilər.
Moldova parlamentinin sədri, Prezidentin vəzifəsini icra edən Mixay Qimpu və digər yüksək vəzifəli şəxslər Prezident İlham Əliyevi sarayın önündə hörmət və ehtiramla qarşıladılar.
Dövlət başçıları xatirə şəkli çəkdirdilər.
Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.
Moldova Prezidentinin vəzifəsini icra edən Mixay Qimpu iclasın gündəliyini elan etdi.
İclasda dünya maliyyə böhranının nəticələrinin aradan qaldırılması, təhlükəsizliyin təmin olunması, habelə MDB qurumlarının fəaliyyətinin optimallaşdırılması qaydalarına dair Birlik dövlətlərinin əməkdaşlığının fəallaşdırılması ilə əlaqədar sənəd layihələri müzakirə edildi. Daha sonra MDB çərçivəsində çoxsahəli əməkdaşlığın, o cümlədən, iqtisadiyyat, enerji, miqrasiya məsələlərində işbirliyinin genişləndirilməsinə dair qəbul olunan qərarların səmərəliliyinin artırılması ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçıları fövqəladə halların nəticələrinin aradan qaldırılmasında birgə fəaliyyət, humanitar sahədə inteqrasiya proseslərinin dərinləşdirilməsi, 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illiyinin qeyd olunmasına hazırlıq və yubileylə əlaqədar dünya ölkələrinə müraciətin qəbul olunması, 2010-cu ilin Müharibə Veteranları İli elan edilməsi məsələlərini də nəzərdən keçirdilər.
Şuranın geniş tərkibdə iclası oldu. Müzakirələrdən sonra iclasın yekun sənədləri imzalandı.
Daha sonra mətbuat konfransı keçirildi. Bildirildi ki, MDB-də sədrlik gələn ilin yanvarında Rusiya Federasiyasına keçəcəkdir. MDB Dövlət Başçıları Şurasının növbəti iclası isə 2010-cu ilin dekabrında Moskvada keçiriləcəkdir.
Bununla da iclas işini yekunlaşdırdı.
######
![]() |
![]() |

