AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏMKİR RAYONUNA GƏLMİŞDİR
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
Şəmkir, 25 may (AZƏRTAC). Mayın 25-də Prezident İlham Əliyev Göygölə səfərini başa çatdıraraq Şəmkir rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Şəmkirin mərkəzi parkındakı abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev abidənin ətrafında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, burada əsaslı quruculuq və abadlıq işləri aparılmışdır, şəhərin bu hissəsi sakinlərin mənalı istirahət ocaqlarından birinə çevrilmişdir. Mərkəzi parkda salınan geniş yaşıllıq zolaqları həm şəhərin simasına xüsusi yaraşıq verir, həm də ulu öndərin xatirəsinin əbədiləşdirildiyi bu məkana xoş ovqat gətirir.
######
