AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNNİTQİ
Hörmətli xanımlar və cənablar!
Mən bu dəvətə görə sizin hamınıza öz təşəkkürümü bildirirəm. Bu gün mənim Fransaya rəsmi səfərim başlayıbdır. Çox şadam ki, bu səfər uğurla davam edir. Artıq çox mühüm görüşlər keçirilibdir.
Ölkələrimiz arasında uğurlu əməkdaşlıq aparılır. Bu əməkdaşlıq bütün sahələrdə öz gözəl nəticələrini verməkdədir. Siyasi, iqtisadi, mədəni sahələrdə ölkələrimiz uğurla əməkdaşlıq edir və bu, bizim ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.
Fransa, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədridir. Biz ümid edirik ki, digər həmsədrlərlə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında daha fəal rol oynayacaqdır.
Fransa, həm də Avropanın aparıcı ölkələrindən biridir. Nəzərə alsaq ki, Azərbaycan da öz gələcəyini Avropa strukturlarına inteqrasiyada görür, bu baxımdan da bizim ikitərəfli münasibətlərimiz böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Fransa ilə bizi dostluq əlaqələri bağlayır və bu əlaqələr çox güclüdür. Əminəm ki, gələcəkdə də onlar daha da güclənəcəkdir.
Bütün bu amilləri nəzərə alaraq, demək olar ki, nə üçün Azərbaycan Prezidenti öz ilk rəsmi səfərini Fransaya edibdir. 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev ilk səfərini Fransaya edibdir. 2004-cü ildə Azərbaycanın Prezidenti öz ilk səfərini Fransaya edibdir. Bu ənənə artıq yaranıbdır və ümidvaram ki, bundan sonra da yaşayacaqdır.
Arzu edirəm ki, bizim ikitərəfli münasibətlərimiz bundan sonra da inkişaf etsin, güclənsin, bizi bir-birimizə daha da yaxın etsin.
Xanım nazir, bu badələri sizin sağlığınıza, hörmətli dostlar, sizin sağlığınıza və Fransanın şərəfinə qaldırıram. Sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Rəsmi qəbulda Fransa parlamentinin üzvləri, xarici işlər, müdafiə, iqtisadiyyat, maliyyə, sənaye nazirliklərinin nümayəndələri və iş adamları iştirak edirdilər.