RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İORDANİYAYA RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Bakı, 13 oktyabr (AZƏRTAC). Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığına rəsmi səfəri başa çatmışdır.
Azərbaycan-İordaniya əlaqələrinin uğurlu inkişafında Prezident İlham Əliyev ilə Kral əlahəzrət II Abdullah ibn əl-Hüseynin şəxsi dostluğu da mühüm rol oynayır. Məhz Azərbaycan Prezidenti ilə şəxsi dostluğuna, eləcə də Azərbaycan-İordaniya əməkdaşlığına verdiyi yüksək önəmin bariz nümunəsi olaraq Kral əlahəzrət II Abdullah ibn əl-Hüseyn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vətənə yola salmaq üçün dövlətimizin başçısına ayrılmış iqamətgaha gəldi.
Kral Azərbaycanın dövlət başçısını hava limanına özü maşının sükanı arxasına keçərək müşayiət etdi.
Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmmanın Marka Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi.
Prezident İlham Əliyevi və xanımını İordaniya Kralı II Abdullah yola saldı.
X X X
Dövlətimizin başçısı həmin gün Bakıya qayıtdı.
Azərbaycan Prezidenti İlham Əliyevi Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
######