AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli xanımlar və cənablar!
Hörmətli millət vəkilləri!
Bu gün üçüncü çağırış Milli Məclis öz işinə başlayır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm.
Dünən Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdi. Beləliklə, Milli Məclisə seçilmiş deputatlar öz fəaliyyətinə başlayırlar. Bütövlükdə, parlament seçkilərinin Azərbaycanın demokratik inkişafında çox mühüm rolu vardır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilib və bizə imkan verəcək ki, Azərbaycan hərtərəfli inkişaf etsin, Azərbaycanda siyasi proseslər daha da sürətlə aparılsın, ölkədə demokratik islahatlar davam etdirilsin və bütövlükdə Azərbaycan demokratik dövlətə çevrilsin.
Mən bu gün bu kürsüdən ikinci çağırış Milli Məclisin fəaliyyətinə toxunmaq istərdim. 2000-ci ildə seçilmiş Milli Məclis və onun millət vəkilləri çox böyük işlər görmüşlər, səmərəli işləmişlər. Son 5 il ərzində Azərbaycanda çoxlu qanunlar qəbul edilmişdir ki, bu da ölkəmizin hərtərəfli inkişafı üçün gözəl qanunvericilik bazasını yaratdı. Hesab edirəm ki, qəbul olunmuş qanunlar ölkəmizin inkişafında bundan sonra da mühüm rol oynayacaq və bütövlükdə, Azərbaycanda çox geniş qanunvericilik bazası yaradılacaqdır.
İnkişaf etmiş ölkələrdə, parlamentarizmin böyük ənənələri olan ölkələrdə qanunvericilik bazası da çox genişdir. Ancaq Azərbaycanda vəziyyət fərqli idi. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayanda bizim qanunlarımız yox idi. Konstitusiyamız 1995-ci ildə qəbul edilmişdir və ondan sonra qanunvericilik prosesi geniş vüsət almışdır. Azərbaycanda yeni qanunların qəbul edilməsi məsələsi çox böyük əhəmiyyət kəsb edirdi. Çünki hər bir ölkənin həyatında əsas rolu qanunlar oynayır. Biz Azərbaycanda hüquqi dövlət qururuq və ona görə qanunun aliliyi hər şeydən üstün olmalıdır. Bu baxımdan ikinci çağırış Milli Məclisin fəaliyyəti çox müsbət olmuşdur. Milli Məclisin komissiyaları çox səmərəli işləmişdir. Parlamentin rəhbərliyi, spiker Murtuz Ələsgərov və onun müavinləri çox böyük işlər görmüşlər. Mən buna görə onlara öz minnətdarlığımı bildirmək istəyirəm.
Eyni zamanda, son 5 il ərzində Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara da qoşuldu. Bu, bizim dünya birliyinə, Avropa strukturlarına inteqrasiya siyasətimizin tərkib hissəsidir. Son 5 il ərzində Azərbaycanda qəbul edilmiş yeni mütərəqqi qanunlar ölkəmizin demokratik inkişafına güclü təkan verdi və biz bu gün bunun bəhrəsini görürük.
Bu gün isə üçüncü çağırış Milli Məclis öz işinə başlayır. Mən ümid edirəm ki, Azərbaycanda yaranmaqda olan müasir parlamentarizmin ənənələrini siz davam etdirəcəksiniz.
2005-ci ilin parlament seçkiləri ölkə həyatında çox mühüm bir proses və hadisə idi. Bir neçə ay ərzində Azərbaycanda parlament seçkilərinə hazırlıq dövrü ərzində, ölkədə gedən siyasi proseslər daha da sürətlənmiş, ölkə demokratik inkişaf baxımından daha da möhkəmlənmişdir. Parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün hər şey edilmişdir və nəticə etibarilə açıq, ədalətli, şəffaf şəkildə parlament seçkiləri keçirilmiş və yeni deputatlar mandat əldə etmişlər. Bu ərəfədə həm müvafiq sərəncamlar imzalandı, həm də seçki kampaniyasının aparılmasında çoxlu yeniliklər oldu. Sərbəst toplaşma azadlığı təmin edilmişdi və bəzi istisnalar olmaq şərtilə, Azərbaycanın bütün yerlərində namizədlər seçicilərlə əlaqə saxlamışlar, öz görüşlərini keçirmişlər. Bəzi hallarda isə qəsdən törədilmiş hadisələr nəticəsində buna imkan olmadı.
2000 namizədin qeydiyyatdan keçməsi də özlüyündə parlament seçkilərinə əhali tərəfindən böyük inamın təzahürü idi. Çünki əgər belə olmasaydı, bu inam olmasaydı, heç vaxt 2000 adam bu yarışa girməzdi. Media qurumları seçki kampaniyasında çox fəal iştirak etmişlər. Bu da yenilikdir. Deyə bilərəm ki, hətta biz bu baxımdan inkişaf etmiş ölkələri geridə qoyduq. Çünki inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində özəl telekanallar seçki kampaniyasında iştirak etmirlər. Onlar yalnız reklam vaxtından istifadə edib bu və ya digər namizədlərə öz efir vaxtını verirlər. Azərbaycanda isə bütün özəl kanallar bu parlament təşviqatında fəal rol oynamışlar. Başqa yeniliklər də oldu. İlk dəfə Azərbaycanda exit-poll keçirildi. Ondan sonra barmaqların mürəkkəblə işarələnməsi məsələsi öz həllini tapdı.
Bir sözlə, bütün tədbirlər görüldü ki, Azərbaycanda şəffaf seçkilər keçirilsin, seçki saxtakarlığına imkan olmasın, əgər hansısa hallarda bu saxtakarlıq olarsa, onu gizlətmək mümkünsüz olsun. Nəticələr də bunu təsdiq etdi. O dairələrdə ki, qanun pozuntuları olub, qanunsuz müdaxilələr, yaxud saxtakarlıq olub, bildiyiniz kimi, orada nəticələr ya dəyişdirilib, ya da ləğv edilibdir. Nəticələr 10 dairədə ləğv edilib, 2 dairədə son nəticələr dəyişdirilibdir. Bütövlükdə, 12 dairədə seçkilərin keçirilməsində problemlər yaranmışdır. Məhz bizim tərəfimizdən qəbul edilmiş Sərəncamlar, verilmiş göstərişlər, atılmış addımlar imkan yaratdı ki, bu qanun pozuntularının aşkarlanması mümkün olsun. Bütövlükdə, seçki kampaniyası çox uğurlu keçdi. Hesab edirəm ki, hər bir namizəd sərbəst şəkildə öz platformasını, fikirlərini seçicilərə çatdıra bilmişdir.
Seçkilərin nəticələri Azərbaycanda hökm sürən ab-havanın təzahürüdür. Mən şəxsən şübhə etmirdim ki, seçkilərdə Azərbaycan dövlətçiliyinə xidmət edən, Azərbaycanı istəyən, sevən vətənpərvər insanlar, öz biliyi, fəaliyyəti ilə hörmət qazanmış insanlar üstünlük əldə edəcəklər. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan xalqı öz seçimini edibdir. Bu gün xalqla iqtidar arasında olan bu birlik, bu inam bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Parlament seçkiləri bunu bir daha təsdiqlədi. Mən çox sevinirəm ki, parlamentdə təmsil olunan deputatlar açıq, ədalətli mübarizədə qələbə qazandılar və əlbəttə, bu, parlamentin legitimliyinə də öz böyük töhfəsini vermiş oldu.
Bildiyiniz kimi, Azərbaycanda parlament seçkiləri böyük maraq doğurmuşdur. Müxtəlif xarici təşkilatlar buraya çoxlu müşahidəçi göndərmişdi. Bir neçə ölkənin nümayəndələri parlament seçkilərini yaxından izləmişlər. Bu da təbiidir. Çünki Azərbaycan Avropa, Avratlantik strukturlarına sürətlə inteqrasiya edir. Azərbaycanda bütün meyarlar gərək yüksək səviyyəyə cavab versin. Belə olan halda əlbəttə, parlament seçkilərinin ədalətli, şəffaf keçirilməsi həm bizim maraqlarımıza cavab verirdi, həm də bizimlə əməkdaşlıq edən beynəlxalq təşkilatların, tərəfdaşlarımızın marağında idi.
Bildiyiniz kimi, müxtəlif beynəlxalq təşkilatlar və onların müşahidəçiləri burada işləmişlər və rəylər təqdim etmişlər. Bu rəylər öyrənilir, təhlil edilir, harada ki, ədalətli irad varsa, o irad təbii ki, qəbul edilir və bu iradlardan nəticə çıxarılır. Harada ki, ədalətsiz yanaşma, yaxud irad varsa, hansısa səhv məlumatın əsasında yaranmış yanlış fikir varsa, əlbəttə, biz bunu qəbul edə bilmərik. Harada ki, qərəzli irad varsa, biz bunu bütövlükdə rədd edirik. Çünki biz ədalətin tərəfdarıyıq. Parlament seçkilərinin şəffaf, ədalətli keçirilməsi üçün hər şey edilibdir. Biz öz niyyətimizi açıq şəkildə ortaya qoyduq və axıra, sona qədər sübut etdik ki, biz sadiqiq.
Amma o da faktdır ki, Azərbaycan son illər ərzində çox sürətlə inkişaf edən bir ölkədir. Azərbaycanın regionda və dünyada önəmi artmaqdadır. Bizim siyasi çəkimiz artmaqdadır. İqtisadi potensialımız güclənir, bizim coğrafi, coğrafi-siyasi önəmimiz sürətlə artır. Təbii sərvətlərlə zəngin olan, çox mühüm yerdə yerləşən, dünyəvi ölkəyə, Avropa, Avratlantik strukturlarına inteqrasiya yolu seçmiş ölkəyə, əlbəttə, böyük maraq var və bəzi hallarda müxtəlif siyasi hadisələr bəzi dairələr tərəfindən başqa məqsədlər üçün də istifadə olunur. Heç kəs üçün sirr deyil, belə hallar olmuşdur, biz də onun şahidiyik ki, seçkilərə mənfi yanaşan bəzi dairələr bunu siyasi motivlərlə etmişlər. Bu, bir növ siyasi təzyiqin əlaməti idi. Biz bunu hamımız bilirik və gərək buna da hazır olaq. Bu, var, sabah da olacaqdır. Biz buna hazır olmalıyıq. Mən də buna hazıram.
Yenə də deyirəm ki, biz əməkdaşlığın tərəfdarıyıq. Biz qarşılıqlı hörmət və ehtiram əsasında, bərabərlik əsasında qurulmuş münasibətlərin tərəfdarıyıq. Biz öz siyasətimizi, o cümlədən xarici siyasətimizi açıq və aydın bəyan etmişik. İki il bundan əvvəl Prezident vəzifəsinə seçilən zaman mən bu siyasəti bəyan etdim və indi bu siyasət davam etdirilir. Təbii ki, Azərbaycan kimi cəlbedici ölkə, belə cazibədar ölkə bütün bu sadaladığım amilləri nəzərə almaq şərtilə, şübhəsiz ki, müxtəlif maraqların toqquşması yerinə çevrilə bilər. Biz buna imkan verməməliyik. Mən dəfələrlə bunu demişəm. Azərbaycan rəqabət yox, qarşıdurma yox, əməkdaşlıq məkanına çevrilməlidir. İlk növbədə, Azərbaycanın milli maraqları təmin olunmalıdır. Mən Azərbaycanın milli maraqlarının təmin olunmasında əlimdən gələni əsirgəmirəm. Biz hamımız, o cümlədən deputat korpusu bu məqsədə qulluq etməliyik. Ən əsası Azərbaycanın milli maraqları, Azərbaycan xalqının inkişafı, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsidir. Onsuz da biz bu gün bölgədə liderlik mövqelərinə sahibik. Bu gün Azərbaycanın iştirakı olmadan, razılığı olmadan, siyasi iradəsi olmadan bölgədə heç bir - nə siyasi, nə iqtisadi, nə də başqa layihə reallaşdırıla, yaxud hadisə baş verə bilməz. Getdikcə bizim çəkimiz, önəmimiz artacaqdır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınmasından sonra, Azərbaycandan keçən müxtəlif enerji və nəqliyyat dəhlizləri fəaliyyətə başlayandan sonra bizim önəmimiz qat-qat artacaqdır. Azərbaycan artıq regional müstəvidən çıxıb dünya miqyasında çox önəmli rol oynayan ölkəyə çevriləcək və çevrilməlidir. Bizim məqsədimiz məhz bundan ibarətdir. Bütün görülən tədbirlər, atılan addımlar, iqtisadi, siyasi islahatlar, Azərbaycanın hərtərəfli inkişafı, demokratiyanın inkişafı məhz bu məqsədi daşıyır.
Mən tam əminəm ki, əgər biz Azərbaycanda güclü iqtisadi və siyasi potensial yaratmaq istəyiriksə, Azərbaycanda həm iqtisadi, həm də siyasi islahatlar paralel şəkildə aparılmalıdır. Biz bilirik, bəzi ölkələrdə belə fikir var ki, öncə gərək iqtisadiyyat möhkəmlənsin, güclü iqtisadi baza formalaşsın, ondan sonra demokratikləşmə poroseslərinə daha da böyük təkan verilə bilər, yaxud bu istiqamətdə hansısa daha da cəsarətli addımlar atıla bilər. Mən bu fikrə şərik deyiləm. Mən düşünürəm ki, bu iki proses paralel şəkildə getməlidir. Əgər Azərbaycanda demokratiya tam şəkildə bərqərar olmasa, azad cəmiyyət yaranmasa, bizim iqtisadi uğurumuzun heç bir əhəmiyyəti olmayacaqdır. Əgər ictimai nəzarət yoxdursa, əgər azadlıq yoxdursa və ölkə demokratik deyilsə, uğurlarımız nə qədər olursa-olsun, bizim təbii sərvətlərimiz olsun, yaxud neft kəmərlərimiz olsun, büdcəmiz artsın - bunun heç bir əhəmiyyəti olmayacaqdır.
Biz bəzi neft hasil edən ölkələrin təcrübəsini öyrənmişik və görürük ki, harada uğur var, harada vəziyyət yaxşı deyildir. Bunu görmək, müqayisə etmək və işləri bu istiqamətdə aparmaq lazımdır. Mənim siyasətim bundan ibarətdir və bu günə qədər atılmış bütün addımlar məhz bu məqsədi daşıyır: güclü iqtisadiyyat yaratmaq, iqtisadi potensialı möhkəmləndirmək, cəsarətli iqtisadi islahatlar aparmaq və eyni zamanda, Azərbaycanda demokratik prosesləri sürətləndirmək.
Bu istiqamətdə parlament seçkilərinin çox böyük əhəmiyyəti vardır. Əlbəttə, başqa addımlar da atılır. Parlament seçkiləri ərəfəsində görülmüş işlər, yeni Seçki Məcəlləsinə edilmiş dəyişikliklər və başqa yeniliklər artıq bir səviyyə yaratdı. Bundan sonra Azərbaycan artıq bu səviyyədən aşağı enməyəcəkdir. Bundan sonra daha böyük addımlarla irəliləyəcək, daha mütəşəkkil qaydada seçkilər keçiriləcəkdir və əminəm ki, bu seçkilərdə bizi narahat edən qanun pozuntuları aradan qaldırılacaqdır.
İndiki seçkilərdə Prezidentin göstərişlərinə əməl etməyən insanlar cəzalandırıldı və bu proses davam edəcəkdir. Hamı bilməlidir ki, əgər mən bəyan edirəmsə, - bunu bir dəfə, iki dəfə yox, rayonlarda olduğum zaman bütün görüşlərdə, burada keçirdiyim toplantılarda vurğulamışdım, - gərək heç kəs müdaxilə etməsin, yerli icra orqanları seçki prosesinə müdaxilə etməsinlər. Seçkilər şəffaf keçirilməlidir. Heç bir namizədə problem yaradılmamalıdır. Hamı eyni, bərabər hüquqa malik olmalıdır. Amma məni eşitməyən, göstərişlərimə əməl etməyən məmurları mən cəzalandırdım. Artıq bəziləri həbs olunub, bəziləri işdən çıxarılıb və bu proses davam edəcəkdir.
Bu seçkilərə media tərəfindən böyük diqqət göstərilmişdir. Yəqin bu da təbiidir. Xüsusilə xarici telekanallar və qəzetlər, digər informasiya agentlikləri bu seçkilərə böyük maraq göstərirdilər. Yəqin siz də o yazıları, məlumatları izləmisiniz. Seçkilərə hələ bir neçə ay qalmış müxtəlif fərziyyələr irəli sürülürdü ki, görəsən, Azərbaycanda növbəti inqilab olacaq, yoxsa yox. Bəziləri yazırdılar ki, olacaq, bəziləri yazırdılar ki, olmayacaqdır. Mən bu barədə öz fikrimi dəfələrlə, hələ bir neçə ay bundan əvvəl, seçki kampaniyası başlayan gün ifadə etmişəm. Bu gün həyat göstərir ki, mən haqlıyam. Çünki inqilabı, yaxud da çevrilişi şərtləndirən amillər var.
Ümumiyyətlə, bu hadisəyə inqilabmı, çevrilişmi demək də, əlbəttə, hər bir insanın, yaxud təşkilatın yanaşmasından asılıdır. Əgər buna müsbət hal kimi baxırlarsa, deyirlər ki, bu, inqilabdır. Əgər bunu qəbul etmirlərsə, deyirlər ki, bu, çevrilişdir. Başqa ölkələrdə, postsovet ölkələrində baş vermiş hadisələrə qiyməti yəqin ki, o ölkələrdə yaşayan xalqlar verəcəklər. Ona görə mən bu məsələyə toxunmaq istəməzdim. Amma Azərbaycana gəldikdə, əlbəttə ki, burada çevriliş etmək üçün müəyyən amillər lazım idi və onlar da Azərbaycanda yoxdur.
İlk növbədə, Azərbaycanda iqtidarla xalq arasında uçurum olmalıydı. Bizdə əksinə, xalqla iqtidar arasında birlik var, inam var. Biz bunu gündəlik fəaliyyətimizlə daha da möhkəmləndiririk. Digər tərəfdən, çevriliş etmək üçün güclü müxalifət lazımdır və cəsarətli müxalifət lideri lazımdır. Azərbaycanda nə o var, nə də bu. Bundan başqa, bunu etmək üçün təkcə müxalifətin güclü olması kifayət etməz. Ciddi ictimai bir fikir də olmalıdır. İctimai, yaxud da sosial sifariş olmalıdır. Bu, Azərbaycanda bütövlükdə yoxdur və mövcud deyildir. Azərbaycan ictimaiyyəti bunu dəstəkləmir. Parlament seçkiləri, onun nəticələri və seçkilərdən sonra baş vermiş hadisələr bunu bir daha təsdiqləyir. Əksinə, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşır. Azərbaycanda sözün əsil mənasında vətəndaş həmrəyliyi mövcuddur. Mən deyə bilmərəm ki, Azərbaycanda siyasi həmrəylik var. Yox. Əfsuslar olsun, biz hələ o səviyyəyə çatmamışıq, gərək siyasi mədəniyyət o səviyyəyə çatsın ki, siyasi partiyalar, yaxud siyasi mübarizə aparan tərəflər bu mübarizəni sivil qaydada aparsınlar. Ancaq Azərbaycanda vətəndaş həmrəyliyi var. Azərbaycan iqtidarının apardığı siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Ona görə Azərbaycanda çevrilişi təmin edəcək heç bir amil yox idi. Ancaq buna baxmayaraq biz bilirik ki, media mənsubları bəzi hallarda sensasiya axtarışındadırlar. Bilirəm, buraya gəlmiş çoxlu xarici jurnalistlər bir az məyus oldular ki, Azərbaycanda bu hadisəni görmədilər. Ancaq mən dedim, onlara deyin ki, üzr istəyirik, əgər bu hadisələri görmək istəyirlərsə, getsinlər bunu öz ölkələrində görsünlər. Bu, kimin üçünsə, tutaq ki, bir sensasiyadır, yaxud hadisədir, bizim üçün isə bu, bizim həyatımızdır, müqəddəratımızdır. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş çox möhkəm qorunur və saxlanılır.
Bilirəm ki, seçkilərdən sonra müxalifətin bəzi mitinq cəhdləri də böyük maraq doğururdu və bəzi jurnalistlər artıq başlıqları da hazırlamışdılar ki, sabah öz qəzetlərində, yaxud telekanallarında çevriliş haqqında məlumat verəcəklər. Ancaq Azərbaycan xalqı bir daha göstərdi ki, o, kimin tərəfindədir və seçkilər bunu bir daha sübut etdi. Bəziləri, müxtəlif ictimai əsaslarla fəaliyyət göstərən təşkilatlar hesab edirdilər ki, bu seçkilərdən sonra Azərbaycan iqtidarı və onun Prezidenti zəifləyəcək və belə olan halda, Azərbaycanda hansısa işləri görmək daha da asan olacaqdır. İqtidar yaralı, zəif olacaq və bunun nəticəsində burada müəyyən maraqlar təmin ediləcəkdir. Amma həyat göstərdi ki, Azərbaycan iqtidarı bu seçkilərdən sonra daha da möhkəmləndi.
Bir də bilirsiniz ki, on ay ərzində iqtisadiyyatı 23 faiz artan ölkələrdə, adətən, çevrilişlər baş vermir. Bizim uğurlu iqtisadi, sosial siyasətimiz xalq tərəfindən bəyənilir və dəstəklənir. Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşübdür. Keçən il təxminən 9 faiz aşağı düşübdür. Artıq mənə verilmiş ilkin məlumatlara görə, bu il də kəskin şəkildə aşağı düşəcəkdir. 300 mindən artıq yeni iş yerlərinin yaradılması, iqtisadi islahatlar, sənaye istehsalının 30 faiz artması heç bir ölkədə yoxdur. On ayda ümumi daxili məhsulun 23 faiz artması heç bir ölkədə yoxdur. Maaşlar qalxır, tələbələrin təqaüdləri qalxdı, müxtəlif kateqoriyalı insanların maaşları qalxır. Bu proses davam edəcəkdir. Bizim büdcəmiz 67 faiz artıb, 4 milyard dollara gəlib çatıbdır. İki il bundan əvvəl 1 milyard dollar səviyyəsində idi. İnvestisiya xərclərimiz artır, geniş abadlıq, quruculuq işləri aparılır. Rayonlar abadlaşır, ən ucqar kəndlərə yollar salınır, su, neft kəmərləri çəkilir, elektrik stansiyaları, məktəblər, xəstəxanalar tikilir. Bunu görməmək mümkün deyildir. Bunu biz də görürük, insanlar da görürlər.
Mənim məqsədim ondan ibarətdir ki, bu gözəl makroiqtisadi göstəriciləri biz insanların gündəlik həyatının normasına çevirək. Çünki adi vətəndaşı ümumi daxili məhsul və onun yüksəlməsi o qədər də maraqlandırmır. Bəlkə də bilmir bu nədir. Onu real həyatı, güzəranı maraqlandırır. Biz bunu təmin etməliyik. Ancaq bunu mərkəzdən etmək mümkün deyildir. Biz bütün qərarları burada qəbul edirik. Maliyyə nizam-intizamını möhkəmləndiririk. Büdcə gəlirlərini artırırıq. Azərbaycanda iqtisadi islahatların aparılması üçün lazımi qərarlar qəbul edirik. Ancaq əgər yerlərdə rüşvətxor məmurlar buna imkan yaratmırsa, onda bizim heç bir planımız, proqramımız həyatda öz əksini tapa bilməz. Ona görə mənim tərəfimdən son müddət ərzində bir çox rayonlarda icra hakimiyyətinin başçıları dəyişdirildi və indi onların, mənim təyin etdiyim insanların tam əksəriyyəti yaxşı işləyir.
Yenə də parlamentdə bu demokratik inkişaf prosesinə, ictimai nəzarət məsələsinə qayıdıram. İctimai nəzarət olmalıdır, o cümlədən parlament tərəfindən ki, büdcə xərclərindən necə istifadə olunur. 4 milyard dollar son hədd deyildir. Biz bilirik ki, bu, gələcəkdə 5 milyard dollara çatacaq, ondan sonra daha böyük olacaqdır. Xərclər artdıqca, nəzarət də güclənməlidir. Bu, mütləq və mütləq olmalıdır. Çünki hər bir vətəndaş bunu öz gündəlik həyatında hiss etməlidir. Mən şübhə etmirəm ki, qarşıda qoyulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir. Son iki ilin təcrübəsi bunu əyani şəkildə göstərir. Nəyi demişiksə, onu da etmişik. Bilirdik ki, nəyi edə bilməyəcəyik, onu deməmişik. Onu sonra deyəcəyik. Nə vaxt ki, buna zəmin yaranacaqdır. Heç vaxt, heç bir populist vədlə çıxış etməmişik. Bəzi müxalifət nümayəndələrindən fərqli olaraq, deməmişik ki, biz hər bir vətəndaşa 200 dollar pul verəcəyik. Çünki biz öz insanlarımıza, vətəndaşlarımıza hörmətlə yanaşırıq.
Biz bilirik ki, Azərbaycan xalqının çox böyük intellektual potensialı var. Azərbaycan xalqı dünyada gedən prosesləri çox yaxşı bilir. Əgər onlara deyirlərsə ki, hər bir vətəndaşa 200 dollar pul veriləcək, sadəcə onlar bunu təhqir kimi qəbul edirlər ki, görün, Azərbaycan xalqı haqqında nə fikirdədirlər? Əgər onlar hakimiyyətə gəlsələr, Azərbaycan xalqı ilə necə rəftar edəcəklər? Biz bunu 1990-cı illərin əvvəllərində görmüşük. Azərbaycan xalqı da bunu görübdür, yaxşı xatırlayır və Azərbaycanı bərbad vəziyyətə salan, bu ölkəni talayan, Azərbaycanda vətəndaş müharibəsini başlayan, Azərbaycanı uçuruma sürükləyən qüvvələrə Azərbaycan siyasətində heç vaxt yer olmayacaqdır. Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcəkdir.
Bir-iki kəlmə də xarici siyasət haqqında demək istəyirəm. Çünki parlamentin funksiyası həm də parlamentlərarası əlaqələri möhkəmləndirməkdən ibarətdir. Artıq bizim müxtəlif beynəlxalq təşkilatlarla çox səmərəli əməkdaşlığımız var. Mən hesab edirəm ki, parlament bu məsələyə böyük diqqət göstərməlidir. Mən də, yəqin siz də xarici səfərlərdə bunun şahidi oluruq ki, Azərbaycan haqqında məlumat kifayət qədər deyildir. Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinin o qədər də xəbəri yoxdur. Ona görə hər bir nümayəndə heyətinin səfəri həm də bu məqsədi daşımalıdır. Təsadüfi deyil ki, son iki il ərzində bir sıra xarici ölkələrdə Azərbaycanın səfirlikləri açılıbdır. Bu, o məqsədi daşıyır. Yəni, bir tərəfdən, diplomatiyamız daha fəal, çevik olsun, digər tərəfdən, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırılsın. Ona görə parlamentin də bu istiqamətdə böyük addımları olmalıdır. Bütövlükdə, parlamentin bu sahədə fəaliyyəti təqdirəlayiqdir və daha da güclənməlidir.
Azərbaycanın xarici siyasəti dəyişməz olaraq qalır. Biz öz siyasətimizi ilk növbədə, Azərbaycan xalqının maraqları üzərində qururuq və bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Biz bütün dostlarımızla, tərəfdaşlarımızla yaxşı münasibətlərin olmasını istəyirik. Mən çox məmnunam ki, qonşularımızla münasibətlərimiz çox yüksək səviyyədədir və gündən-günə güclənir. Bu, çox vacibdir. Çünki biz burada, bu bölgədə yaşayırıq. Qonşularımızın arasında yaşayırıq. Əlbəttə, qonşularla yaxşı münasibətlərin qurulması ölkədə və bölgədə sabitliyin, əməkdaşlığın əsaslarını möhkəmləndirir. Digər tərəfdən, Azərbaycan regional müstəvidə çox fəal iştirak edir və mübaliğəsiz demək olar ki, artıq regionda lider dövlətə çevrilib və öz mövqelərini möhkəmləndiribdir.
Bizim Avratlantik strukturları ilə əməkdaşlığımız çox səmərəlidir və müsbətdir. Bu istiqamətə böyük diqqət göstərilir və xarici siyasətimizin bu istiqaməti növbəti illərdə daha da güclənməlidir. Avropa İttifaqı ilə əlaqələr yüksək səviyyədədir. Azərbaycan beş ildir Avropa Şurasının üzvüdür və Avropa Şurası ilə artıq çox gözəl əməkdaşlıq edir. Onu da demək istəyirəm ki, bunu indi yeni seçilmiş deputatlar da bilsinlər. Avropa Şurası yalnız Azərbaycan üzrə məruzəçilərdən ibarət deyildir. Bunu da bilin.
Avropa Şurası o təşkilatdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edibdir. Bax, o qətnamədə Ermənistanı işğalçı dövlət kimi ifşa edibdir. İlk dəfə olaraq yazılmışdır ki, Ermənistan! Yazılmamışdır ki, hansısa erməni qüvvələri, yaxud ermənilər. Yazılmışdır ki, Avropa Şurasının bir ölkəsi Avropa Şurasının digər ölkəsinə qarşı təcavüz edibdir. Bu təcavüz nəticəsində 20 faiz torpaq işğal altına düşüb, 1 milyondan artıq qaçqın-köçkün yaranıbdır. Ona görə biz bu istiqaməti gərək yaxından təqib edək və Avropa Şurası ilə əməkdaşlığımızı daha da möhkəmləndirək.
İslam Konfransı Təşkilatı ilə bizim çox gözəl əməkdaşlığımız var. İslam Konfransı Təşkilatı o təşkilatdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair öz qərarlarını dəfələrlə ortaya qoymuşdur. Bütövlükdə, islam dünyası ilə bizim münasibətlərimiz daha da fəal olmalıdır. İslam həmrəyliyi prinsipləri daha da geniş tətbiq olunmalıdır. Şübhəsiz ki, bu təşkilatla bizim əməkdaşlığımız prioritet xarakter daşıyır.
Azərbaycan MDB çərçivəsində fəaliyyət göstərir və öz fəaliyyətini davam etdirəcəkdir. Mən MDB-nin zirvə görüşlərində iştirak edirəm. O görüşlər də imkanlar yaradır ki, MDB ölkələrinin dövlət başçıları ilə ikitərəfli formatda müzakirələr aparılsın. Nüfuzu artmaqda olan GUAM təşkilatında Azərbaycan fəal rol oynayır. Hamımız yaxşı bilirik ki, GUAM-ın yaranmasında Azərbaycanın və onun lideri Heydər Əliyevin ən böyük rolu olmuşdur. Bu gün bu təşkilat, necə deyərlər, yeni bir müstəviyə qədəm qoyur. Təşkilatın yeni perspektivləri açılır və əlbəttə, Azərbaycanın bu təşkilatda iştirakı təşkilatın daha da güclənməsinə xidmət göstərir.
Əlbəttə, bizim üçün ən ağrılı, ən problemli olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bildiyiniz kimi, danışıqlar aparılır. Prezidentlər, xarici işlər nazirləri görüşürlər. Müsbət hal ondan ibarətdir ki, artıq danışıqlar Praqa prosesi çərçivəsində aparılır. Praqa prosesi də hamımız bilirik ki, mərhələli həll deməkdir. Bu, həmişə bizim mövqeyimiz olubdur. Həmişə demişik ki, Dağlıq Qarabağ problemi yalnız mərhələli həll əsasında öz həllini tapa bilər. Bu gün bu istiqamətdə işlər aparılır. Müxtəlif variantlar müzakirə olunur.
Deyə bilərəm ki, Minsk qrupunun fəaliyyəti son zamanlar daha da gözəgörünən olubdur. Bu da təqdirəlayiq bir haldır. Minsk qrupunun fəaliyyəti onu göstərir ki, həqiqətən, indi Minsk qrupunun və onun həmsədrlərinin marağı var ki, bu məsələ öz həllini tapsın. Ancaq istəyirəm, indi burada öz mövqeyimi bir daha bildirim. Bunu həm Minsk qrupuna, həm də Ermənistan rəhbərliyinə, bu məsələ ilə məşğul olan bütün başqa tərəflərə demişəm, bu gün də deyirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Başqa heç bir variant müzakirə olunmur. Başqa heç bir variant nəzərdən keçirilmir. Bu, bizim prinsipial mövqeyimizdir.
Mən bunu çox müsbət hal kimi qiymətləndirirəm ki, artıq bu tezis münaqişənin həlli ilə məşğul olan tərəflərdə də öz çəkisini artırır. Bu, bizim prinsipial mövqeyimizdir. Bu, o həddir ki, bu həddən o tərəfə biz heç vaxt, heç bir güzəştə gedə bilmərik. Bəzi hallarda deyirlər ki, qarşılıqlı güzəştlər olmalıdır. Mən sual verirəm, bizim nəyimiz var ki, onu ermənilərə güzəştə gedək? Bizim torpaqlarımız işğal altındadır, bizim soydaşlarımız qaçqın-köçkün şəraitində yaşayırlar. Bizim Ermənistana məxsus nəyimiz var ki, onlara qaytaraq? Ona görə qarşılıqlı güzəştlər deyəndə, gərək bilək, biz nəyi nəzərdə tuturuq. Azərbaycan tərəfindən indiki şəraitdə, Azərbaycanın gücləndiyi bir dövrdə, hərbi büdcəmiz 600 milyon dollar səviyyəsinə qalxdığı bir dövrdə, - bu da son hədd deyil, - bölgədə liderlik mövqelərini möhkəmləndirdiyi bir dövrdə on ildən artıq danışıqların aparılması da böyük güzəştdir. Bunu hamı bilməlidir.
Bizim səbrimiz tükənməz deyildir. Biz öz sülh siyasətimizi bəyan etmişik. Bizim bu danışıqlarda qalmağımız da onu göstərir ki, məsələni sülh yolu ilə həll etmək istəyirik. Bu gün bir daha deyirəm, hələ ki sülh prosesinin potensialı tükənməyibdir. Ona görə gərək biz bundan istifadə edək. Amma nə vaxta qədər?! On ildən artıqdır atəşkəs rejimində yaşayırıq. On ildən artıqdır danışıqlar gedir və heç bir nəticə yoxdur. İndi biz diplomatik uğurlardan danışsaq, onun hələlik heç bir əhəmiyyəti yoxdur. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı artıq bu məsələ ilə bağlı ciddi məşğul olur və gündəliyə məsələ salınıbdır. ATƏT-in faktaraşdırıcı missiyası bizim xahişimizlə və təkidimizlə bölgəyə, işğal olunmuş torpaqlara öz nümayəndələrini göndərmişdir. Orada ermənilərin qanunsuz məskunlaşmasını aşkar etmişdir. Avropa Şurası tərəfindən çox müsbət qətnamə qəbul edilmişdir. Bütün bunlar bizim diplomatik uğurlarımızdır. Ancaq əgər məsələ öz həllini tapmırsa, bunların heç bir əhəmiyyəti yoxdur. Biz çalışırıq və çalışacağıq ki, bütün imkanlardan istifadə edib məsələni sülh yolu ilə həll edək. Ancaq eyni zamanda, biz güclü olmalıyıq. Güclü olan dövlət hər şeyə qadirdir. Biz iqtisadi potensialımızı gücləndirməliyik, büdcəmizi artırmalıyıq, siyasi çəkimizi artırmalıyıq və Azərbaycan güclü dövlət olandan sonra istənilən məsələni asanlıqla həll edə bilər.
Əziz dostlar!
Hörmətli deputatlar!
Mən sizin vaxtınızı çox almaq istəmirəm. Düzdür, mən bura üçün bir az darıxmışam. İki ildir ki, buradan ayrılmışam. Amma onu da bilirsiniz ki, mənim həyatımın səkkiz ili deputat kimi bu binada keçibdir. Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir. Burada əyləşənlərin bir çoxu ilə biz birlikdə işləmişik, çalışmışıq və bu gün də işləyirik. Baxmayaraq ki, mən artıq başqa vəzifədəyəm, amma bizim əlaqələrimiz davam edir. Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir - ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rihaf halını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaqdır.
Mən bu gün bu kürsüdən çıxış edərkən, əlbəttə, o illəri də xatırlayıram, öz fəaliyyətimi xatırlayıram. Bir daha deyə bilərəm ki, müstəqil Azərbaycan Respublikasının millət vəkili, Milli Məclisin deputatı olmaq böyük şərəfdir və böyük məsuliyyətdir. Mən sizə arzu edirəm ki, bu şərəfli missiyanızı uğurla icra edəsiniz, səmərəli işləyəsiniz və doğma vətənimizin çiçəklənməsi üçün öz töhfənizi verəsiniz. Sağ olun, sizə uğurlar arzulayıram.
(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı).
X X X
MURTUZ ƏLƏSGƏROV: Möhtərəm cənab Prezident!
İcazə verin, çox dərin və məzmunlu çıxışınıza görə Sizə öz adımdan, Milli Məclisin deputatları adından minnətdarlığımı bildirim. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin bu çıxışınızda qaldırılan məsələlər, müddəalar üçüncü çağırış Milli Məclisin iclaslarında daim rəhbər göstəriş kimi nəzərə alınacaqdır.
İndi isə gündəliyin ikinci məsələsinə keçirik. Növbəti məsələ Hesablayıcı Komissiyanın seçilməsidir. Milli Məclisin daxili nizamnaməsinin ikinci maddəsinə görə, Hesablayıcı Komissiyanın tərkibinə namizədləri ilk iclasa sədrlik edən göstərir. Ona görə də Hesablayıcı Komissiyanın tərkibini deputatların diqqətinə təqdim edirəm: Məlahət Həsənova, Zahid Orucov, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mixail Zabelin, İsa Həbibbəyli, Qüdrət Həsənquliyev.
X X X
Nizamnaməyə əsasən, namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edildilər.
X X X
MURTUZ ƏLƏSGƏROV: İndi isə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının əsas məsələsinə, yəni Milli Məclisin sədrinin seçilməsi məsələsinə keçirik. Milli Məclisin daxili nizamnaməsinin 31-ci maddəsinə görə, Milli Məclisin sədri vəzifəsinə namizədi deputatlar irəli sürə bilər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Azı 10 deputat tərəfdar çıxdığı halda, namizədlərin adları səsvermə bülleteninə daxil olunur. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Milli Məclisin ən qocaman deputatı və parlament seçkilərində ən çox deputat mandatı qazanmış Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi mən bu gün sizin qarşınızda Milli Məclisin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyini irəli sürürəm. Hesab edirəm ki, bu vəzifəyə Oqtay Əsədov tamamilə layiqdir. Siz onu tanıyırsınız, birinci və ikinci çağırış Milli Məclisin deputatı olmuşdur. Ona görə bunu təklif edirəm. Mən 9 ildən artıqdır ki, Milli Məclisə sədrlik edirəm. İndi bu kürsüyə artıq qocaman deputat kimi qalxdım. Güman edirəm ki, cavan deputat kimi gəlmişdim, indi isə qocaman deputat kimi gedirəm.
Cənab Prezident dedi, bütün fəaliyyətim boyu gördüyüm işlər haqqında sizə dəfələrlə hesabat vermişəm. Qısaca olaraq demək istəyirəm ki, bütün gördüyüm işlər, həyata keçirdiyimiz tədbirlər sizinlə birlikdə olub və mən həmişə Milli Məclisin hər bir deputatı ilə bilavasitə məsləhətləşmişəm. Çalışmışam ki, Milli Məclisin işi möhtərəm Prezidentimiz İlham Əliyevin tələb etdiyi səviyyəyə qaldırılsın. Siz bilirsiniz ki, mən Yeni Azərbaycan Partiyasının sıralarında olmağımla fəxr edirəm.
Mən uzun illər Azərbaycanın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin yaxın silahdaşlarından olmuşam. Heydər Əliyev bütün həyatı boyu Azərbaycanı müstəqil dövlət kimi görmək arzusu ilə yaşayırdı və fəxr edirəm ki, indi onun layiqli davamçısı, müdrik Prezidentimiz İlham Əliyev bu yolda öz fəaliyyətini ləyaqətlə həyata keçirir. Hesab edirəm ki, mənim təklifimi qəbul edəcəksiniz. Qocaman deputat kimi mən ən layiqli adamı Milli Məclisin sədrliyinə namizəd göstərdim və güman edirəm ki, siz o namizədə öz səsinizi verəcəksiniz.
Yenə də deyirəm, mən 9 ildə sizin gözünüzün qabağında işləmişəm və gördüyüm işlər haqqında hər il sizə hesabat vermişəm. İndi isə yaşımla bağlı istəyirəm istirahət edəm. Eyni zamanda, sizinlə birlikdə Milli Məclisdə olacaq, deputat kimi fəaliyyət göstərəcəyəm. Möhtərəm Prezidentimiz, partiyanın sədri kimi mən buna görə Sizə, bütün deputat həmkarlarıma öz dərin minnətdarlığımı bildirirəm.
Əgər başqa təklifiniz yoxdursa, deməli, Milli Məclisin sədri vəzifəsinə yalnız bir nəfərin - deputat Oqtay Əsədovun namizədliyi göstərilir.
Deputat OQTAY ƏSƏDOV iclasda çıxış edərək dedi:
- Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar, xanımlar və cənablar!
İcazə verin, Azərbaycan Respublikası Milli Məclisi sədri vəzifəsinə namizədliyimi irəli sürmüş deputat həmkarlarıma öz səmimi minnətdarlığımı bildirim. Hamınızı əmin edim ki, əgər Milli Məclis mənə etimad göstərərsə, bu şərəfli vəzifəni layiqincə yerinə yetirməyə çalışacağam.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qabaqcıl dünya dövlətləri sırasına çıxarılması üçün görülən işlərə var gücümlə kömək göstərəcək və buna çalışacağam. Azərbaycanın inkişafının indiki mərhələsində parlamentin üzərinə çox böyük və məsul vəzifələr düşür. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün Milli Məclisdə, bütün başqa tədbirlərlə yanaşı, çevik idarəçilik mexanizminin tətbiq edilməsi də zəruridir.
Parlamentimiz öz işini daha da təkmilləşdirərək, demokratik dünya dövlətlərinin qanunvericilik orqanları səviyyəsinə yüksəlməlidir. Əmin ola bilərsiniz ki, mənə etimad göstərdiyiniz təqdirdə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi xəttinin parlament səviyyəsində həyata keçirilməsi mənim başlıca məqsədim olacaqdır. Bu vəzifəni yerinə yetirmək üçün bütün bacarığımı, biliyimi sərf edəcəyəm.
Diqqətinizə görə minnətdaram.
X X X
Deputatlardan Gülər Əhmədova, Bəxtiyar Əliyev, Elman Məmmədov, Gültəkin Hacıyeva, Əli Hüseynov, Fəzail Ağamalı, Nizami Cəfərov, Əli Əhmədov, Rəbiyyət Aslanova çıxış edərək, Oqtay Əsədovun fəaliyyətindən danışdılar, onun namizədliyini dəstəklədilər, həmkarlarını ona səs verməyə çağırdılar.
Hesablayıcı komissiyanın sədri Məlahət Həsənova səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verdi, üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilmiş deputatları təbrik etdi, dövlətimizin tərəqqisi naminə onlara uğurlar arzuladı.
Sonra gizli səsvermə keçirildi. Səsvermədə iştirak edən 106 deputatdan 105-i Oqtay Əsədovun lehinə, 1 nəfər isə əleyhinə səs verdi. Beləliklə, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi və parlamentin spikeri kürsüsünə dəvət olundu.
X X X
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV Murtuz Ələsgərovla səmimi görüşərək dedi:
- Mən istəyirəm ki, biz Murtuz müəllimə bir daha öz təşəkkürümüzü bildirək. Murtuz müəllim çox görkəmli siyasətçi, hüquqşünas, Yeni Azərbaycan Partiyasını yaradanlardan biridir. Uzun illər Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. Murtuz müəllim bütün illər ərzində Azərbaycan dövlətçiliyinə xidmət etmişdir. Parlamentə 9 il ərzində çox böyük məharətlə rəhbərlik etmişdir. Həmişə öz mövqeyini ortaya qoymuşdur. Əlbəttə, parlament qanunvericilik orqanıdır. Ancaq eyni zamanda, siyasi mübarizə meydanıdır və bu siyasi mübarizədə Murtuz müəllim həmişə birmənalı mövqedə idi. Onun fəaliyyəti nəticəsində son illər ərzində, 9 il ərzində parlament çox böyük qanunlar qəbul etmişdir. İki mindən çox qanun qəbul olunmuşdur. Biz müxtəlif konvensiyalara qoşulmuşuq.
Bu gün Azərbaycanda yeni bir siyasi mədəniyyətin, yeni bir ənənənin təməli də qoyuldu. Murtuz müəllim özü yeni spikerin namizədliyini irəli sürdü və bu gün Oqtay Əsədov spiker seçildi. Mən xahiş edirəm, biz hamımız Murtuz müəllimi bir daha təbrik edək. O, deputat kimi öz fəaliyyətini davam etdirəcək və bizimlə birlikdə səmərəli işləyəcəkdir. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
X X X
Deputat Murtuz Ələsgərov Prezident İlham Əliyevə xoş sözlərinə görə dərin minnətdarlığını bildirdi.
Sonra Milli Məclisin sədri OQTAY ƏSƏDOV çıxış edərək dedi:
- Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar!
Mənə etimad göstərib Azərbaycan Respublikası Milli Məclisinin sədri seçdiyinizə görə, səmimi qəlbdən sizə minnətdarlığımı bildirirəm. Mən parlament çoxluğunu təşkil edən, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının nümayəndəsiyəm.
Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edib möhkəmlənən bu partiyanın sıralarında olmağımla fəxr edirəm. Son 5 ildə sizinlə bərabər mən də bu partiyanın siyasi xəttinin Milli Məclisdə həyata keçməsi üçün var qüvvəmi sərf etmişəm. Bundan sonra da əlimdən gələni edəcəyəm. Ölkəmizin qanunvericilik orqanı öz fəaliyyətini daha da təkmilləşdirəcək, möhtərəm Prezidentimizin arzuladığı kimi, qabaqcıl dünya ölkələrinin parlamentləri səviyyəsinə yüksələcəkdir.
Hörmətli deputatlar, 2005-ci ildə parlament seçkiləri ölkəmizin demokratik inkişafında mühüm bir mərhələ oldu. Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan xalqı və dünya ictimaiyyəti Prezident İlham Əliyevin müasir demokratik standartlara cavab verən seçkilərin keçirilməsinə yönəlmiş siyasi iradəsinin reallığa çevrilməsini məmnunluqla qarşılamışdır. Ölkəmizdə bərqərar olan demokratik mühitdə keçirilmiş seçkilər nəticəsində xalqın etimadını qazanan namizədlər parlamentin üzvü mandatını əldə etmişlər. Seçkilər nəticəsində Yeni Azərbaycan Partiyasının üzvləri parlamentdə yerlərin əksəriyyətini qazanmışlar. Bu fakt Prezident İlham Əliyev başda olmaqla, partiyamızın xalq qarşısında çox böyük nüfuza malik olduğunu nümayiş etdirmişdir.
Parlament seçkiləri demokratiyanın təntənəsinə çevrilmiş, ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası yolunda irəliyə doğru mühüm addım olmuşdur. Azərbaycan parlamentində xalqımızın özünün seçdiyi insanlar təmsil edilmişlər. Bu parlament qarşıda duran bütün vəzifələrin öhdəsindən gəlməyə tamamilə qadirdir.
Beləliklə, üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətə başlamışdır. Bu münasibətlə icazə verin, mən də üçüncü çağırış Milli Məclisə seçilmiş bütün deputatları ürəkdən təbrik edim və onlara öz işlərində böyük uğurlar arzulayım.
Yeri gəlmişkən, bir məsələnin üzərində dayanmaq istəyirəm. Azərbaycanda olduğu kimi, dünyanın bütün başqa ölkələrində də seçkilər keçirilir. Hər yerdə qalib gələnlər də, məğlubiyyətin acısını dadanlar da olur. Amma az-az ölkələr ola bilər ki, orada seçkini uduzan qüvvələr öz məğlubiyyətini Azərbaycanın dağıdıcı radikal müxalifəti kimi bu qədər həsəd və qısqanclıq hissləri ilə qarşılasınlar. Xalq arasında dayağı olmayan bu qüvvələr indi də seçkinin nəticəsini şübhə altına almaq, Azərbaycan iqtidarının fəaliyyətinə qara yaxmaq, müxtəlif beynəlxalq təşkilatlara üz tutmaq istəyirlər. Amma onların bütün bu səyləri əbəsdir. Azərbaycanda siyasi radikalizm və ekstremizm dövrünə çoxdan son qoyulmuşdur. Heç bir qüvvə böyük əzm, iradə və uzaqgörənlik, ağır zəhmət hesabına yaradılmış ictimai-siyasi sabitliyi pozmağa, bir vaxtlar baş verdiyi kimi, cürbəcür çirkin üsullardan isitifadə edərək, küçələrdən hakimiyyətə gəlməyə qadir deyildir. Heç kəs Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.
Hörmətli deputatlar!
İkinci çağırış Milli Məclis artıq tarixə çevrilmişdir. Ötən dövrdə parlament səmərəli işləmişdir. Milli Məclisin 311 iclası keçirilmiş, ümumən 1042 akt, o cümlədən 909 qanun və 133 qərar qəbul edilmişdir. Görülmüş işləri qeyd etməklə yanaşı, mən ölkəmizin qanunvericilik orqanı qarşısında dayanan vəzifələr haqqında öz mülahizələrimi söyləmək istəyirəm.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin işə başlaması ölkəmiz üçün çox əlamətdar bir dövrə təsadüf edir. Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində mühüm coğrafi-siyasi mövqe tutan, demokratik, hüquqi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən gənc müstəqil, suveren bir dövlətdir. Əldə etdiyimiz nailiyyətlər göz qabağındadır. Bunları xalqımız da, dünya ictimaiyyəti də layiqincə qiymətləndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada analoqu olmayan bir sürətlə inkişaf edir. Ümumi daxili məhsul və dövlət büdcəsinin mədaxili ildən-ilə çoxalır. Bildiyiniz kimi, bu ilin dövlət büdcəsi 2 milyard 200 milyon yeni Azərbaycan manatı idi. Gələn ilin büdcəsi 3,5 milyard yeni Azərbaycan manatıdır. Dövlətimizin gəlirlərinin durmadan artması Azərbaycanın demokratik cəhətdən inkişaf etmiş qüdrətli bir dövlətə çevrilməsini, xalqımızın rifah halının daha da yüksəlməsini təmin edəcəkdir.
Üçüncü çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasının yaradılmasını təşkil etməkdir. Azərbaycanda dövlət hakimiyyətinin bir şaxəsi olan Milli Məclis özünün bütün fəaliyyəti ilə Prezidentin daxili və xarici siyasətini bundan sonra da fəal surətdə dəstəkləyəcəkdir. Ölkədə uğurla davam etdirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşmə prosesinin hüquqi mexanizmini daha da inkişaf etdirməli və təkmilləşdirməlidir. Parlamentin bütün fəaliyyəti Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsinə kömək göstərilməsinə yönəldiləcəkdir. Milli Məclis qanun yaradıcılığı və qanunvericilik fəaliyyətində qabaqcıl dünya təcrübələrindən, Avropa parlamentlərinin ənənələrindən bəhrələnməlidir.
Qanunvericilik hakimiyyəti səlahiyyətlərini həyata keçirərkən parlament Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsaslanmalı, öz fəaliyyətində demokratik, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsiplərini genişləndirməlidir. Qanun yaradıcılığı prosesində Milli Məclis Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, mərkəzi və yerli dövlət orqanları, ölkənin aparıcı elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlamalıdır.
Parlamentdə qanun layihələrinin qəbulu zamanı beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmalıdır. Qanunvericilik proseslərinin səmərəliliyini artırmaq üçün Avropa dəyərləri milli dəyərlərimizlə üzvi şəkildə birləşdirilməlidir. Milli Məclis iqtisadiyyatda köklü dəyişikliklər aparılmasını, ölkəyə xarici sərmayələrin cəlb edilməsini, dövlətimizin neft strategiyasının həyata keçirilməsini, aqrar islahatların qanunvericilik bazasının möhkəmləndirilməsini, ordu quruculuğu, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin tənzimlənməsini, əhalinin sosial müdafiəsini, qaçqınlara və məcburi köçkünlərə qayğı göstərilməsini, ətraf mühitin mühafizəsini, qanunun aliliyinin təmin olunmasını, milli dəyərlərimizin qorunmasını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını, mədəniyyətin, elm və təhsilin inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamalıdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası BMT-nin, Avropa Şurasının insan hüquqları və azadlıqları ilə bağlı bir sıra konvensiyalarına qoşulmuşdur. Zənnimcə, yeni parlamentin qarşısında duran ən vacib vəzifələrdən biri də insan hüquqları və azadlıqlarını təmin edən beynəlxalq hüquq normalarını milli qanunvericiliyə daxil etməkdən ibarət olmalıdır. Parlament ölkəmizdə qətiyyətlə həyata keçirilən iqtisadi islahatların ardıcıl surətdə davam etdirilməsinə, özəlləşdirmənin genişləndirilməsinə, aqrar bölmədə ərzaq müstəqilliyinin möhkəmləndirilməsinə yönəldilən qanunların qəbul edilməsinə xüsusi diqqət verməlidir. Qüvvədə olan qanunvericiliyin yeni qəbul olunmuş Avropa standartlarına uyğunlaşdırılması üçün zəruri qanunvericilik aktlarını hazırlayıb qəbul etməlidir.
Milli Məclis ən böyük dərdimiz olan Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyünün qorunması şərtilə, dinc yolla nizama salınması üçün möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasəti bundan sonra da fəal surətdə dəstəkləməli, Ermənistanın işğalı nəticəsində yurdundan didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin, eləcə də əhalinin aztəminatlı təbəqələrinin, xalqın güzəranının yaxşılaşdırılmasını, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsini təmin edən qanunvericilik aktlarını qəbul etməlidir. Dövlətimizin gənclər və qadın siyasətinin həyata keçirilməsi üçün zəruri qanunvericilik tədbirləri görülməlidir.
Parlament ölkədə müvəffəqiyyətlə həyata keçirilən hüquqi islahatların başa çatdırılmasına, ölkəmizin inkişafının təmin olunmasına yönəldilən yeni qanunlar qəbul etməlidir. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsi sahəsində Milli Məclisin üzərinə məsuliyyət düşür. Ölkənin ali qanunvericilik orqanı Parlamentlərarası İttifaq, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası, İslam Konfransı Təşkilatı, NATO Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq qurumlarla əlaqələri daha da genişləndirməlidir. Bir sözlə, görüləcək işlərimiz çoxdur.
Möhtərəm cənab Prezident!
Ötən dövrdə parlamentin fəaliyyətində Sizin qayğı və diqqətinizi həmişə hiss etmişik. Siz Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququnuza əsaslanaraq, Avropa standartlarına uyğun qanunların hazırlanıb qəbul edilməsi işinə dəyərli töhfələr vermisiniz. Azərbaycan parlamentində qanun yaradıcılığı və qanunvericilik işinin daha da gücləndirilməsi və təkmilləşdirilməsi üçün həyata keçirdiyiniz tədbirləri xalqımız minnətdarlıq hissi ilə qarşılayır. Sizi əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi dövlətimizin və xalqımızın ehtiyacları və tələbatı üzərində quracaq, Milli Məclisin dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsinə yüksəlməsinə çalışacağam.
Hörmətli deputatlar!
Əminən ki, sizinlə birlikdə səmərəli fəaliyyət göstərəcək, Azərbaycan Respublikası parlamentinin üzvü adını şərəflə qoruyacağıq.
Diqqətinizə görə minnətdaram.
X X X
Sonra Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin ilk iclası davam etdirildi. Parlamentin sədri dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli deputatlar!
Milli Məclisin daxili nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin sədri seçildikdən sonra yeni çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iclası bitmiş hesab olunur. Lakin bilirsiniz ki, parlament seçkilərindən bir aya yaxın vaxt keçmişdir. Azərbaycan xalqı, ölkə vətəndaşları üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin işə başlamasını səbirsizliklə gözləyirdi. Ona görə təklif edirəm ki, fasilə olmadan Milli Məclisin iclasını davam etdirək, sədrin müavinlərini və daimi komissiyaların sədrlərini seçək.
Təklif səsə qoyularaq qəbul edildi.
Sonra Oqtay Əsədov Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Ziyafət Əsgərovun, Milli Məclis sədrinin müavinləri vəzifəsinə deputat Bahar Muradova və bitərəf deputat Valeh Ələsgərovun namizədliyini təklif etdi. Bu təkliflərin hər biri səsə qoyuldu, açıq səsvermə yolu ilə qəbul olundu.
Daha sonra “Milli Məclisin daimi komissiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, Milli Məclisin 11 daimi komissiyasının sədrləri seçildi.
Deputat Əli Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının, Ziyafət Əsgərov Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının, Ziyad Səmədzadə İqtisadi siyasət daimi komissiyasının, Valeh Ələsgərov Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Eldar İbrahimov Aqrar siyasət daimi komissiyasının, Hadi Rəcəbli Sosial siyasət daimi komissiyasının, Arif Rəhimzadə Regional məsələlər daimi komissiyasının, Şəmsəddin Hacıyev Elm və təhsil məsələləri daimi komissiyasının, Nizami Cəfərov Mədəniyyət məsələləri daimi komissiyasının, Rəbiyyət Aslanova İnsan hüquqları daimi komissiyasının, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədrləri təsdiq edildilər.
Bununla da üçüncü çağırış Milli Məclisin ilk iclası öz işini başa çatdırdı.
Milli Məclisin sədri Oqtay Əsədov Prezident İlham Əliyevə parlamentin ilk iclasında iştirakına görə deputatlar adından minnətdarlığını bildirdi.