AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNFRANSAYA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
Mən qəbul olunmuş qaydaya əsasən, ingiliscə danışacağam. Hər şeydən əvvəl, bu görüşə gəldiyiniz üçün hamınıza minnətdarlığımı bildirirəm.
Burada deyildi və doğrudan da belədir ki, bu, Prezident seçildikdən sonra mənim ilk rəsmi səfərimdir. Mənə müxtəlif ölkələrdən bir çox dəvətlər gəlmişdi. Amma seçimim Fransaya rəsmi səfər etmək oldu. Bu qərarın verilməsinin bir neçə səbəbi vardır. Son 10 il ərzində Fransa ilə Azərbaycan arasındakı münasibətlər uğurla inkişaf edir. Əməkdaşlığımız geniş miqyas almışdır. Siyasi, iqtisadi və mədəni münasibətlər durmadan inkişaf edir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak edir. Digər tərəfdən, Fransa Avropanın aparıcı ölkələrindən biridir və Avropanın simvolu kimi tanınmışdır. Azərbaycan da Avropanın bir hissəsidir. Bizim ən başlıca prioritetlərimizdən biri Avropa təsisatlarına sıx inteqrasiyadır.
1993-cü ildə seçkilərdən sonra bizim mərhum Prezidentimiz Heydər Əliyev ilk rəsmi səfərini Fransaya etdi. Ona görə də, bugünkü səfər bu ənənənin davamıdır. Düşünürəm ki, bu ənənə uzun zaman yaşayacaqdır.
Bu gün biz söhbətimizi iqtisadi aspektdə cəmləşdirəcəyik. Artıq hörmətli nazirin də qeyd etdiyi kimi, iqtisadi münasibətlərimiz sürətlə inkişaf edir. İqtisadiyyat və ticarət sahəsində bir sıra birgə layihələr mövcuddur. Hər şeydən vacibi isə odur ki, biz birgə işləmək əzmindəyik.
Azərbaycan sürətlə inkişaf edən ölkədir. Müstəqillik qazandığı vaxt və sonrakı ilk illərdə bizim iqtisadiyyatımız tamamilə dağıdılmışdı. Min faizlə ölçülə biləcək iqtisadi tənəzzül hökm sürürdü. Tamamilə dağıdılmış infrastruktur, fabrik və zavodların işini dayandırması ölkəni iqtisadi və siyasi böhranla üz-üzə qoymuşdu. Lakin 1993-cü ildən sonra, Heydər Əliyevin Prezident seçilməsi ilə vəziyyət dəyişdi. Onun yaratdığı ictimai və siyasi sabitlik sonrakı iqtisadi yüksəlişin təməlini qoydu. 1996-cı ildən etibarən iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və inkişaf dövrü başladı.
Son bir neçə il ərzində ölkəmizdə ümumi daxili məhsulun istehsalında 70 faiz artım müşahidə olunmuşdur ki, bu da ildə 10 faizdən çox deməkdir. Azərbaycanda əlverişli sərmayə mühiti yaradılmışdır. Ölkəmiz keçmiş SSRİ respublikaları arasında adambaşına düşən birbaşa sərmayənin həcminə görə liderdir. Azərbaycanda işləyən və mühüm layihələri həyata keçirən şirkətlərin heç bir problemi yoxdur. Biz artıq bir dəfə razılaşdırılmış sazişlərə heç vaxt yenidən qayıtmırıq, onların şərtlərini dəyişmirik. Biz danışıqlar əsasında imzalanmış müqavilələr əsasında işləyirik. Bilirik ki, ölkəmizdə çalışan şirkətlər hər hansı bir sərt addım nəticəsində öz vəsaitlərini itirə bilərlər. Ona görə də onların iqtisadiyyatımıza qoyduqları sərmayələrin qorunması üçün bütün zəruri tədbirlər görülür. Bu proses davam etdiriləcəkdir.
Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində böyük potensial mövcuddur. Əlbəttə, ölkəmizə sərmayə qoyuluşu haqqında danışarkən, ilk növbədə, neft və qaz sektoru nəzərdə tutulur. Bu da təbiidir. Çünki bu sektor maraqlı tərəfləri daha çox cəlb edir. Deməliyəm ki, iqtisadiyyatın bu sahəsində əldə edilən nailiyyətlər ölçüyəgəlməzdir. Azərbaycanın apardığı siyasət, Heydər Əliyevin neft strategiyası əvvəllər əfsanə kimi görünən düşüncələri reallığa çevirdi. 10 il bundan əvvəl, hətta 5 il əvvəl də əsas boru kəmərinin inşa edilməsi çoxlarına xülya kimi görünürdü. Milyardlarla vəsaitin qoyulması və bu kəmərin tikilməsi nəticəsində neft sənayesinin inkişafının yenidən canlandırılması yuxu kimi görünürdü. Bu gün isə neftin nəqli üzrə ən böyük layihə məhz Azərbaycanda həyata keçirilir. Neftin və qazın nəqli üzrə və neft sahəsinin inkişaf etdirilməsi sahəsində ən irimiqyaslı layihələr Azərbaycanda həyata keçirilir. Bununla ölkəmiz etibarlı tərəfdaş olduğunu və münasibətləri qiymətləndirməyi bacardığını sübuta yetirdi. Bu barədə danışarkən mən Fransa şirkətlərinə, fransız iş adamlarına Azərbaycanda işlədiklərinə görə və qarşılıqlı münasibətləri uca tutduqlarına görə minnətdarlığımı bildirirəm. Onlar bizim cəmiyyətimizə fəal inteqrasiya edir, Azərbaycanın ayrılmaz hissəsi olurlar. Bu da cəmiyyətimizdə onlara qarşı hörmət hissi yaradır.
İndi bizim ölkə üçün ən mühüm şərtlərdən biri bu uğurlu siyasətin davam etdirilməsidir. Bu nəhəng layihələr yalnız ictimai-siyasi sabitlik şəraitində həyata keçirilə bilər. Yalnız xalqla hökumət arasında qarşılıqlı etimad şəraitində xarici sərmayəçi özünü rahat və təhlükəsiz hiss edə bilər. Düşünürəm ki, bu barədə söylədiklərim ən vacib amillərdir.
Digər tərəfdən, iqtisadi islahatlar iqtisadiyyatımızın bütün sahələrini əhatə edəcək və uğurla davam etdiriləcəkdir. İndi Azərbaycan sosial və iqtisadi inkişaf proqramını həyata keçirməyə başlayır. Regionların inkişaf etdirilməsi proqramı hazırlanır və tezliklə həyata keçiriləcəkdir. Biz gələcəkdə də işimizi elə quracağıq ki, ölkəyə gələn sərmayəçilər öz vəsaitlərinin ən etibarlı şəkildə qorunacağına tam əmin olsunlar. Bununla bağlı bir neçə vacib addımlar da atılacaqdır.
Mən burada iştirak edən Fransanın biznes icmasının üzvlərini, fransız şirkətlərini Azərbaycana gəlməyə ruhlandırıram ki, biz onlarla birlikdə işləməyə hazırıq. Əmin ola bilərsiniz ki, siz ölkəmizə gəlişinizə təəssüflənməyəcəksiniz. Bizim gözəl ölkəmiz, qonaqpərvər insanlarımız vardır. Azərbaycana gəlmiş bir çox əcnəbilər elə burada qalır və fəaliyyətlərini davam etdirməyi üstün tuturlar. Ölkəmizin paytaxtı Bakı da çox gözəl şəhərdir. Bu gün regional layihələri həyata keçirdiyimiz bir vaxtda Azərbaycanın inkişafı regionları da əhatə edəcəkdir ki, bu da ölkəmizin ümumilikdə dinamik və tarazlı inkişafını təmin edəcəkdir.
Hörmətli nazirin də dediyi kimi, ölkəmizdə Neft Fondunun yaradılması maliyyə vəsaitlərinin səffaflığını təmin etmək istiqamətində atılmış çox mühüm addımdır. Biz bu Fondu neftdən alınan ilk gəlirlər büdcəyə daxil olduğu zaman yaratmışıq. Bunun səbəbi ondan ibarətdir ki, daxil olmuş vəsaitləri Fond vasitəsilə qoruyaq, sərəncamımızda olan gəlirlərin şəffaflığını təmin edək və ölkə vətəndaşlarına onlar haqqında məlumat verilsin. Neft hasil edən ölkələr üçün belə fondun yaradılması çox vacibdir. Şəffaflıq zəngin ölkəyə çevrilmək potensialı olan ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın Neft Fondu bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir, Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyir.
Ölkəmizdə Fondun şəffaflığı sahəsində yaxşı təcrübə mövcuddur və biz bunu qonşularımızla bölüşməyə hazırıq. Azərbaycan dünyada hasilat sahələrindəki şəffaflıq təşəbbüsünü, bu sahədəki meylləri tam dəstəkləyir. Biz hesab edirik ki, bu şəffaflıq yalnız hasilat sahələrini deyil, iqtisadiyyatın digər sahələrini də əhatə etməlidir.
Əlbəttə, neft hasilatı Azərbaycanın yaşaması üçün müstəsna əhəmiyyətə malikdir. Ona görə də bu sahəyə böyük diqqət yetirilir. Ancaq digər sahələrdə də geniş imkanlar mövcuddur. Kənd təsərrüfatında, turizmdə, tikinti sahəsində böyük potensialımız vardır. Müasir dövlət quruculuğu ilə məşğul olan Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevrilmək əzmindədir. Bunun üçün bizə beynəlxalq təcrübə, məsləhətlər və daha çox sərmayə qoyuluşu lazımdır. Bu günədək ölkəmizin iqtisadiyyatına 15 milyard dollar vəsait qoyulmuşdur. Adambaşına götürüldükdə, bu, böyük rəqəmdir və onu göstərir ki, ölkəmiz sərmayə qoyuluşu baxımından əlverişli və təhlükəsizdir. Bu, bir də onu sübut edir ki, artıq 10 ildən çox müddətdə Azərbaycan hökuməti ilə sərmayəçilər arasında böyük problemlər olmamışdır. Mən əminəm ki, bu siyasət gələcəkdə də davam etdiriləcəkdir.
Əlbəttə ki, biz hər bir layihəyə böyük əhəmiyyət veririk. Ola bilər ki, çıxışım zamanı sizin gözlədiyiniz bütün sahələri əhatə edə bilmədim. Ancaq deməliyəm ki, Azərbaycanda, ümumiyyətlə, bütün sahələrə xüsusi diqqət yetiriləcək. Düşünürəm ki, sərmayəçiləri bundan artıq ruhlandırmaq və yaxud ölkəyə dəvət etmək mümkün deyildir. Mənə məlumdur ki, bizim İqtisadi İnkişaf Nazirliyi bu sahədə böyük iş görmüş, Bakıda və xarici ölkələrdə seminarlar, konfranslar keçirmişdir. Ən başlıcası, ölkəmizi olduğu kimi təqdim etməyə nail olmaqdır. Bu, bizim üçün çox vacibdir.
Təəssüflə qeyd etməliyəm ki, illərdən bəri davam edən erməni istilasına, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına görə iki ölkə arasındakı münasibətlər heç də normal deyildir. Bu gün dünyadakı erməni icması Azərbaycanı daim fərqli səpkidən təqdim etməyə çalışır. Bütün bunlar reallıqdan çox uzaqdır. Biz Azərbaycan gerçəkliklərini dünyaya yaymaq üçün böyük əmək sərf etmişik. Ancaq ölkəmizi olduğu kimi görməyin ən yaxşı yolu Azərbaycana gəlməkdir. Ölkəmizə yeni gəlmiş şirkətlərin nümayəndələri, ayrı-ayrı adamlar və siyasətçilərlə görüşlərim zamanı onlar mənə deyirlər ki, gördüklərimiz eşitdiklərimizdən tamamilə fərqlənir. Ona görə də siz Azərbaycan haqqında mühakiməni yalnız hər şeyi öz gözlərinizlə gördükdən sonra yürüdə biləcəksiniz. Mən sizi Azərbaycana dəvət edirəm.
Gələcək üçün çoxlu planlarımız var, çoxlu layihələr nəzərdə tutulur. Hökumətin əsas məqsədi insanların həyatında yaxşılığa doğru dəyişikliklər etməkdir. Bu, bəlkə də, kənardan çox sadə görünür, amma qəti məqsədimiz bundan ibarətdir. Bu sahədə çoxlu sosial proqramlar həyata keçirilir. Azərbaycana çoxlu sosial layihələr lazım olacaqdır. Bizdə elektrik sektorunu tam yeniləşdirmək layihəsi var. Yeni yolların çəkilməsi, yeni infrastrukturun yaradılması nəzərdə tutulur. Yüzlərlə, minlərlə yeni iş yerləri açmaq proqramı var. Bunun da öhdəsindən gələcəyik. Yerli səviyyədə sərmayələr, hökumətin dəstəyi, bank infrastrukturu, qanunların işləməsi, tənzimləmələr və xarici sərmayələr bizə imkan verəcəkdir ki, nəzərdə tutulan planlar həyata keçsin. Azərbaycan böyük ölkə deyildir. Əlbəttə, balaca ölkə olmağın üstünlükləri də var, mənfi cəhətləri də. Biz, əlbəttə ki, üstünlüklərdən istifadə etməyə çalışacaq, mənfi cəhətlərin qarşısını alacağıq.
Azərbaycan demokratik dəyərlərə möhkəm inanan ölkədir. Demokratiyanın inkişafına tam sadiqdir. Biz başa düşürük ki, cəmiyyətin demokratikləşməsi həyata keçmədən nəzərdə tutduğumuz iri iqtisadi layihələr uğurlu ola bilməz. Azərbaycan dinamik inkişaf edən ölkədir. İndi hamımız, mənim özüm, rəhbərlik etdiyimiz qurumlar, Azərbaycan xalqı, Azərbaycanın dostları, biznes icması üzərlərinə düşən vəzifələri yerinə yetirməlidir. Hamımız birləşməliyik ki, özümüzü vəziyyəti dəyişməyə, insanlarımızın həyatını yaxşılaşdırmağa həsr edək. Mən əminəm ki, Bakıdan Ceyhana gedən əsas ixrac kəməri işə düşəndən sonra indiyədək görünməmiş sürətli artım müşahidə olunacaqdır. Bu artım həyat standartında, həyat səviyyəsində özünü göstərəcəkdir. İndi isə bilirik ki, bizim potensialımız böyükdür, indi əsas fəaliyyətimizin təşkilati və hazırlıq işini tamamlamışıq. Elə bir məqama çatmışıq ki, Azərbaycan nefti iri həcmlərlə dünya bazarlarına daşınacaq və böyük mənfəət gətirəcəkdir. Azərbaycan qazı Avropaya çatdırılacaq və Avropada alternativ təchizat mənbəyi olacaqdır. Bunlar vasitəsilə Azərbaycan iqtisadiyyatı şaxələnəcəkdir. Bizim iqtisadiyyat gərək yalnız neft faktorundan asılı olmasın. Neft amili bizim üçün möhkəm çoxşaxəli iqtisadiyyat qurmağın vasitəsidir. Ümid edirəm ki, nəzərdə tutduğumuz bütün planlar həyata keçəcəkdir. Hökumətin nəzərdə tutduğu planlar yeni müsbət nəticələrlə müşayiət olunacaq və əminəm ki, Fransa şirkətləri, Fransa biznesinin nümayəndələri Azərbaycanda fəaliyyətlərini artıracaqlar. Buyurun, bizim ölkəyə gəlin. Sərmayəçi kimi, podratçı şirkət kimi, dost kimi gəlin. Mənim çağırışımı qəbul edib, Azərbaycana gəlsəniz görəcəksiniz ki, doğru addım atmısınız.
Çox vaxtınızı almayacağam. Çox sağ olun ki, bu gün mənimlə görüşə gəldiniz, Azərbaycanın gələcəkdəki planları, inkişafı ilə bağlı, xarici sərmayənin bu inkişafda oynaya biləcəyi rolla bağlı fikirlərinizi bölüşdünüz. Əmin olduğumu bildirmək istəyirəm ki, bu görüşdən sonra digər görüşlərimiz də olacaqdır. Fransada da, Bakıda da bu görüşlər bizi bir-birimizə daha çox yaxınlaşdırır. Diqqətinizə görə çox sağ olun, sizə ən xoş arzularımı bildirirəm.
X X X
Sonra MEDEF-in prezidenti FRANSUA PERİQO dərin məzmunlu nitqinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək dedi:
-Çox sağ olun, cənab Prezident. Görüşün davamı aşağıdakı kimi olacaqdır. İki ölkə arasında razılıq imzalanacaq və biz isə iftixar hissi keçiririk ki, razılıq bu binada imzalanır. Və istərdim ki, Mərkəzi Asiya və Qafqaz işləri üzrə komitənin sədrindən xahiş edim ki, Azərbaycana Fransa biznes nümayəndələrindən ibarət nümayəndə heyəti hazırlansın, onlar Azərbaycana getsinlər.
Bugünkü görüşdə sual vermək istəyənlər də var. Xahiş edirəm, yalnız vacib suallarla müraciət edəsiniz, Prezidentin vaxtı azdır. Cənab Prezident, Sizdən isə xahiş edirəm ki, vaxt ayırıb iştirakçıları maraqlandıran suallara cavab verəsiniz. Burada olmağınız hamımız üçün olduqca xoşdur.
SUAL: Cənab Prezident, biz Azərbaycanda 1997-ci ildən bəri işləyən “Kastel” qrupunu təmsil edirik. Azərbaycanda pivə istehsal edirik. Sizə və hökumətinizə minnətdarlığımızı bildirmək istəyirik. İlkin mərhələdə çətinliklərlə üzləşirdik. Lakin hökumətə müraciət etdikdən sonra problemlərimiz həll olundu. İşlərimiz qaydaya düşdü. “Kastel” qrupu olaraq, Azərbaycana 40 milyon dollar vəsait qoymuşuq. Bunu ona görə etmişik ki, Azərbaycana inanırıq, ölkənizdə də etibar qazanmışıq. Minnətdarlığımı bildirirəm ki, Sizin ölkənizə gəlmək şəraiti yaratmısınız. Deməliyəm ki, indi biznes sahəsində işləmək çox rahatdır. Narazılıqlar olan zaman məhkəməyə müraciət edirik, haqlı olduğumuz zaman prosesi uduruq, haqlı olmadığımız zaman uduzuruq. Ədalətli məhkəmə sistemi mövcuddur. Vergi ilə bağlı işimizin başlanğıc mərhələsində müəyyən problemlər olsa da, sonradan hökumətə müraciət etdik, bu problem də həll olundu. Hansı problem olursa olsun, Sizin hökumətin dəstəyini həmişə hiss edirik. Azərbaycanda olmağımızla şərəf hissi keçiririk və fəal sərmayəçiyik. Sizin cağırışı dəstəkləyirik. Cənab Prezident, çox sağ olun.
CAVAB: Dediyiniz sözlərə görə çox sağ olun. Elə bilirəm, sizin bu sözləriniz o deməkdir ki, sərmayə imkanları yalnız neft və qaz sektorunu əhatə etmir. Kənd təsərrüfatı sahəsində geniş imkanlar var. Xüsusilə də kənd təsərrüfatı məhsullarının emalında Azərbaycan Sovet İttifaqı dövründə ən böyük üzüm istehsalçısı idi. O zaman üzüm istehsalı ildə 2 milyon tona bərabər idi. Lakin keçmiş SSRİ rəhbərliyinin həyata keçirdiyi antialkoqol kampaniyasından sonra ölkəmizdəki üzümlüklərin əksəriyyəti məhv edildi. Şərabçılıq sənayesini bərpa etmək üçün bugünkü gündə sərmayə lazımdır. Mən bilirəm ki, siz pivə istehsalında nailiyyətlər əldə edirsiniz, məhsulunuz yaxşı satılır. Buna görə də sizi dəvət edirəm ki, bu işinizi, bu sərmayələrinizi davam etdirəsiniz. Hökumət tərəfindən nə lazımdırsa, olunacaqdır. Biz bu prosesi stimullaşdıracağıq. Xoş sözlərinizə görə bir daha sağ olun. Azərbaycandakı hər bir sərmayə qorunacaq, istənilən səviyyədə yarana biləcək hər hansı bir çətinlik həll ediləcəkdir. Sağ olun.
SUAL: Mən Fransa-Azərbaycan Ticarət və Kommersiya Palatasının sədriyəm. Adım Serj Buadvedir. Mən Sizin ölkəni 1974-cü ildən tanıyıram. Mərhum Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm və artıq 10 ilə qədərdir ki, bizim qurum vasitəsilə Fransa şirkətlərinin Azərbaycanda işini təmin etmək vəzifəsi ilə məşğul oluruq. Biz, həm Azərbaycandan xaricdə işləyirik, həm də Azərbaycanda çalışırıq ki, şirkətlərlə Azərbaycanın əlaqədar təsisatlar arasında müvafiq ünsiyyət yaradaq. Biz artıq Ticarət və Kommersiya Palatasının Bakıda ofisini də açmışıq və çox istərdik ki, imkan düşən zaman görüşək və Sizinlə gələcək iş perspektivlərini müzakirə edək. Qəti fikrimiz belədir ki, yalnız neft və qaz sənayesində deyil, digər sahələrdə də, məsələn, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün böyük imkanlar var. Sağ olun.
CAVAB: Siz də sağ olun!
SUAL: Bizim şirkət, təxminən, 8 ildir ki, Azərbaycanda biznes ilə məşğul olur. Cənab Prezident, Sizin dediyiniz kimi, Azərbaycan son müddət ərzində çox sürətlə inkişafda olan ölkədir. Hər bir kəs razılaşır ki, ARDNŞ çox yaxşı, səmərəli danışıq aparan işçi qrupuna malikdir və ümumilikdə, Azərbaycanın xarici şirkətlərlə apardığı danışıqlar çox yaxşı məcrada keçir. Amma, eyni zamanda, həm də müşahidə olunur ki, digər sektorlar neft və qaz sənayesi kimi inkişaf etmir. Necə fikirləşirsiniz, digər sahələri Neft Fondu vasitəsilə maliyyələşdirmək olarmı? Dövlət vəsaiti ilə özəl vəsait hesabına qarışıq maliyyələşdirməyə necə baxırsınız?
CAVAB: Neft və qaz sektorunun digər sənaye sahələrindən daha sürətlə inkişaf etməsi faktı doğrudur və bu, tamamilə təbiidir. Çünki Azərbaycan müstəqilliyini qazanarkən ölkənin heç bir maliyyə ehtiyatı yox idi. Praktiki olaraq, heç bir vəsaitimiz yox idi və bizim iqtisadiyyatın sonrakı inkişafı tamamilə xarici sərmayədən asılı idi. Əlbəttə, o vaxt, müharibə şəraitində iqtisadiyyatın hər hansı sahəsinə xarici sərmayələr cəlb etmək mümkün deyildi. Hərc-mərclik və iqtisadi tənəzzül şəraitində hətta neft sektoruna da sərmayə cəlb etmək çox çətin idi. Biz 1994-cü ildə sərmayəçiləri dəvət etməkdən ötrü böyük səylər qoyduq. Artıq 1995-ci ildə vəziyyət tamamilə dəyişdi və sərmayəçilər Azərbaycanda iş almaqdan ötrü rəqabət aparırdılar. Ona görə də bu sahəyə daha çox sərmayə cəlb olunması təbiidir. Amma bu, o demək deyil ki, biz digər sahələrə az diqqət yetiririk. Biz neftdən gələn gəlirlərdən, Neft Fondunun vəsaitindən digər sahələrin, infrastrukturun inkişaf etdirilməsində istifadə etmək fikrindəyik. Hazırda bu vəsaitdən qaçqın-köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün istifadə olunur. Ermənistanın işğalı nəticəsində qaçqın-köçkün vəziyyətinə düşmüş bir milyon insana lazımi kömək göstərilir. Biz onlar üçün yeni evlər, qəsəbələr, şəhərciklər salırıq. Bu proses davam etdiriləcəkdir. Eyni zamanda, Fondun vəsaiti yeni qurğular, müəssisələr və iş yerləri yaradılması üçün də istifadə olunacaqdır. Yeni yollar çəkiləcək, su elektrik stansiyaları tikiləcəkdir. Bu baxımdan dövlət özəl sərmayəçilərlə birgə iqtisadiyyat üçün sərmayələr ayıra bilər.
SUAL: Cənab Prezident, biz xüsusilə elektrik stansiyalarının tikintisinə böyük maraq göstəririk. Bu sahədə Azərbaycanda hansı perspektivlər mövcuddur? Energetika təsərrüfatının özəlləşdirilməsi gözlənilirmi?
CAVAB: Biz energetika sektoruna xüsusi fikir veririk. Bu gün Azərbaycanda olan elektrik stansiyalarının sayı və gücü bizə imkan vermir ki, tələbləri tam ödəyək. Ölkəmiz inkişaf edir və yeni müəssisələr yaranır. Ona görə də əlavə elektrik stansiyalarına ehtiyac vardır. Bu sahədə layihələr həyata keçirilir. Böyük elektrik stansiyalarından biri Bakı ətrafında Yaponiya hökumətinin yardımı ilə tikilmişdir. Digər, gücü 400 meqavat olan elektrik stansiyasının tikilməsi ilə bağlı da danışıqlar aparılır. Bu sahənin inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə olunur. Köhnə elektrik stansiyaları müasir tələblərə, bu günün reallıqlarına cavab vermir. Onlar həddindən artıq çox yanacaq – mazut və qaz sərf edirlər. Baxmayaraq ki, biz neft hasil edən ölkəyik, ancaq hələlik enerji daşıyıcılarına ehtiyacımız da böyükdür. Ona görə də Rusiyadan təbii qaz alınır.
Həmin sektorun özəlləşdirilməsinə gəldikdə isə biz gərək bu məsələdə çox ehtiyatlı olaq. Bu gün elektrik enerjisinin paylanma sistemi xarici şirkətin idarəçiliyinə verilmişdir. Bu proses davam etdirilə bilər. Amma resursların özü – neft, qaz dövlətə məxsusdur. Mən elə bilirəm ki, biz energetikanın potensialını artıra bilərik və bunu yeni qurğular, infrastruktur yaratmaqla əldə edə bilərik. Neft hasilatı artan zaman isə Azərbaycan hətta elektrik enerjisini qonşu ölkələrə də ixrac edə biləcək səviyyəyə çata bilər.
SUAL: Azərbaycanlıların müxtəlif ölkələrə gedərək orada bizneslə məşğul olmalarına münasibətiniz necədir?
CAVAB: Mənim bu prosesə münasibətim çox müsbətdir. Düşünürəm ki, azərbaycanlılar yaşayış yerlərini seçməkdə azaddırlar. Biz kommunist ideologiyası sistemində, hər şeyin qadağan olunduğu şəraitdə o qədər yaşamışıq ki, sərbəst surətdə yaşayış yeri seçmək hüququmuz olmayıbdır. Ona görə də azadlığın nə olduğunu yaxşı bilirik və mən dediyiniz meyli tamamilə dəstəkləyirəm. Azərbaycanlılar Avropada və digər yerlərdə nə qədər çox yaşasalar, orada Azərbaycan haqqında daha çox məlumat olacaqdır. Bizimkilər də oralardan zəngin təcrübə qazanacaqlar, yeni biliklər alacaqlar, əlaqələr quracaqlar, yeni biznes sahələri öyrənəcəklər və uzunmüddətli perspektiv baxımından bunun hamısı bizim ölkənin xeyrinə işləyəcəkdir. Onlar həm də bizim ölkəni tanıdacaqlar. Azərbaycanlılar öz ölkəsinə, vətəninə bağlıdırlar. Onlar xaricdə ölkəmizin haqq sözünü deyəcəklər. Yaxşı haldır ki, bizim vətəndaşlar indi azaddırlar və digər ölkələrdə məskunlaşırlar. Onlar yaşadıqları ölkənin iqtisadi inkişafında da iştirak edir, eyni zamanda, bizim ölkənin inkişafına öz töhfələrini verirlər. Yəqin ki, bu sualı verəndə özünüzü nəzərdə tuturdunuz. Mən sizə də
işinizdə uğurlar arzulayıram.
SUAL: Mənim adım Jan Pol Delandır. 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətdə çalışıram. Biz iki proqram üzrə fəaliyyət göstəririk – Avropa İttifaqının maliyyələşdirdiyi Füzuli və Ağdam rayonları kəndlərinin yenidən qurulması və Azərbaycanda müxtəlif sərmayə layihələrinin həyata keçirilməsi proqramları. Mənim iki sualım vardır. Birincisi, Ermənistanla danışıqlar hansı səviyyədədir və razılıq əldə olunması Azərbaycan iqtisadiyyatına necə təsir edəcəkdir? İkincisi, Sizin Bakı şəhərində infrastruktur dəyişiklikləri ilə əlaqədar geniş planlarınız və layihələriniz vardır. Bununla əlaqədar məlumat verə bilərsinizmi?
CAVAB: Sağ olun. Təəssüflər olsun ki, uzun müddətdir Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində tərəqqi yoxdur. Bu, əsasən Ermənistanın qeyri-konstruktiv siyasəti ilə bağlıdır. Bilirsiniz ki, XXI əsrdə bir ölkənin digər ölkənin ərazisini işğal etməsi dözülməz haldır. Bəli, Azərbaycanın Dağlıq Qarabağ ərazisində müharibə olub, separatizm olubdur. Lakin on ildir ki, biz atəşkəs rejimində yaşayırıq və bütün bu müddət ərzində danışıqlar aparılır. Təəssüf ki, danışıqlar uğurlu olmayıbdır. Zənnimcə, əsas məqsəd müharibəyə son qoymaqdır. Lakin bu, yalnız erməni işğalçı qüvvələrinin zəbt edilmiş ərazilərdən geri çəkiləcəyi təqdirdə olacaqdır. Düşünürəm ki, Ermənistanda qərar qəbul edən şəxslər başa düşəcəklər ki, özlərini mühüm regional layihələrdən təcrid etmək çıxış yolu deyildir. Bəli, Azərbaycan müharibədən əziyyət çəkib, biz ərazilərimizi itirmişik, insanlarımız həlak olmuş, yaralanmışdır. Amma biz müstəqilliyimizi qorumuşuq. Bu isə ən vacib məsələdir.
Mən, tam əminəm ki, bu gün ərazisinin 20 faizi işğal edilmiş Azərbaycan əraziləri işğal olunmayan Ermənistandan daha müstəqildir. Bu müharibə iqtisadi baxımdan çox zərərli və dağıdıcı olub. Ancaq gəlin, müharibənin sonluğuna baxaq. Ermənistan özünü münaqişədə üstünlük qazanan ölkə kimi görürsə, mən buna şübhə edirəm. Gəlin, nəticəyə baxaq, Azərbaycanın və Ermənistanın iqtisadi inkişafını müqayisə edək. Gəlin, iki ölkənin perspektivlərinə nəzər salaq və görək ki, iki ildən sonra nələr olacaqdır. Bu gün Azərbaycanın büdcəsi Ermənistandakından üç dəfə artıqdır və üç ildən sonra 5-10 dəfə artıq olacaqdır. Bu uçurum daha da dərinləşəcək və fərq artacaqdır. Bu gün iki ölkədəki iqtisadi vəziyyət müqayisəolunmazdır. Ona görə də hər hansı üstünlük barədə danışmaq böyük sual altındadır.
Mən istərdim ki, müharibə dayansın və ərazilərimiz sülh yolu ilə geri qaytarılsın. Amma bu, yalnız bizdən asılı deyildir. Bu, habelə beynəlxalq ictimaiyyətdən də asılıdır. Beynəlxalq aləm gərək beynəlxalq hüquq normalarını pozan tərəfə təzyiq göstərsin. Bu normaları Azərbaycan pozmur. Biz heç kimin ərazisini işğal etmirik, torpaqlarını ələ keçirmirik. Bu müharibədə biz itki vermiş tərəfik və müharibənin qurbanıyıq. Ona görə də problemin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həyata keçirilə bilər.
İnfrastruktur layihələrinə gəldikdə, hazırda ölkədə yeni yollar çəkilir. Azərbaycanı Gürcüstanla birləşdirən qədim İpək yolu bərpa olunur. Bu yolun bizim ərazimizdən keçən hissəsi 400 kilometrə yaxındır. Eyni yollar ölkəmizin paytaxtından İrana və Rusiyaya da çəkiləcəkdir. Ona görə də bizim gələcəkdə hər üç istiqamətə rahat yolumuz olacaqdır. Bakının özündə də şəhərdaxili yolların salınması nəzərdə tutulur, müsabiqələr elan olunur. İştirak etmək istəyən şirkətlər öz təkliflərini verə bilərlər. Ümumiyyətlə, gələcək üçün çoxlu layihələr nəzərdə tutulur. Yolların tamamilə yenidən qurulması həyata keçiriləcəkdir ki, onlar müasir tələblərə cavab versin. Burada həm beynəlxalq maliyyə qurumları, həm də bizim hökumətimiz vəsait qoyublar. Əlavə sərmayəçilər olarsa, biz onlarla da işləməyə hazırıq.
SUAL: Cənab Prezident, mən turizmin inkişafı ilə maraqlanıram. Biz Azərbaycanda Şəki xanlarının sarayını, Naxçıvandakı məqbərələri və Şirvanşahlar sarayını görmüşük, Bakı ətrafında atəşpərəstlərin məbədi ilə də tanış olmuşuq. Birinci missiya BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilirdi. Bizi çox maraqlandıran digər bir sahə isə Bakının və Abşeron yarımadasının dənizə qovuşan sahəsidir. Bu layihə haqqında sizin fikriniz necədir? Ümidvarıq ki, Fransa hökuməti bu layihələrlə bağlı bizə kömək edəcəkdir.
CAVAB: İlk əvvəl onu deyim ki, mən Prezident vəzifəsinə yeni seçilmişəm və layihələrin hamısı ilə yaxından tanışlıq üçün bir qədər vaxt lazım olacaqdır. Həm də Azərbaycanda o qədər layihələr həyata keçirilir ki, onların hamısı haqqında dəqiq məlumatlar vermək bir qədər çətindir. Amma sizin dediklərinizə görə minnətdaram. Bizim mədəniyyət incilərimiz qorunub-saxlanılmalıdır. Azərbaycanın qədim tarixi, memarlıq abidələri vardır ki, onlar ölkənin bütün bölgələrində mövcuddur. Ölkəmizin görməli yerləri çoxdur və bizdə 9 müxtəlif iqlim qurşağı vardır ki, bu da rəngarəng təbiət deməkdir. Ona görə turizm bizim üçün mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Təəssüflər olsun ki, Ermənistanın təcavüzü sovet dövründə qazandığımız bir çox turistlərdən bizi məhrum etmişdir. Onlar ölkəyə gəlməkdən qorxurlar. Bizim gözəl dənizimiz, dağlarımız vardır və onları turist yerləri kimi istifadə etmək imkanları böyükdür. Azərbaycanda turizm sənayesinə böyük diqqət yetiriləcəkdir, ölkənin hər bir bölgəsində turistləri maraqlandıra biləcək yerlər vardır. Mən ölkəyə qayıdan kimi sizin söylədiyiniz layihə ilə maraqlanacağam. Sizə isə bu məsələ ilə bağlı müraciət etdiyinizə görə minnətdaram.
SUAL: Cənab Prezident, mən MEDEF-in Mərkəzi Asiya və Qafqaz üzrə komitəsinin prezidenti Kristian Monsam. İcazə verin, Sizə öz minnətdarlığımı bildirim. Çox təqdirəlayiq haldır ki, Siz demokratikləşmə prosesinin iqtisadi layihələrin həyata keçirilməsində həlledici rolunu xüsusi vurğuladınız. Mən Sizinlə tam razıyam.
Siz yoxsulluğun azaldılması proqramından da bəhs etdiniz. Beləliklə, qarşınızda çətin vəzifələr durur. Bir tərəfdən, bazar iqtisadiyyatı şəraitində sərmayəçiləri cəlb etməyi düşünürsünüz, digər tərəfdən, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına çalışırsınız. Bir sıra ölkələr bu çətin vəzifələrin öhdəsindən gələ bilməyiblər. Bəziləri yarı yolda düşünüblər ki, bazar iqtisadiyyatı sosial bərabərliklə yanaşı addımlaya bilməz. Zənnimcə, bu, düzgün deyildir. Digərləri sosial ədalət mövzusunda həddindən artıq uzağa gediblər. Nəticədə, rəqabət qurban verilmişdir. Elə bilirəm ki, bu məsələ ilə bağlı Sizin fikirlərinizi öyrənmək maraqlı olacaqdır.
CAVAB: Mən sizinlə tamamilə razıyam. Elə bilirəm ki, indiyədək Azərbaycanda bazar iqtisadiyyatının və sosial ədalətin tarazlığı təmin olunubdur. Bazar iqtisadiyyatına gəldikdə, deməliyəm ki, genişmiqyaslı özəlləşdirmə proqramı həyata keçirilmiş, ticarət sərbəstləşdirilmiş, torpaq islahatı aparılmış və nəticədə hazırda ümumi daxili məhsulumuzun 71 faizi özəl sektorda istehsal edilir.
Bildiyiniz kimi, hökumətin inhisarında olan neftdən gələn böyük həcmdə gəliri də nəzərə almaqla, 71 faiz böyük göstəricidir. Bu, hələ son rəqəm deyildir. Bu proses davam edir. Bütün bu göstəricilər büdcəmizdə də əks olunmuşdur. İndi ticarət və kənd təsərrüfatının, xidmət sahələrinin büdcədə payı artmışdır. 1,5 milyarda çatdırılmış bu büdcə sosial yönümlüdür və onun çox hissəsi məhz sosial istiqamətlərə xərclənir – məvaciblər verilir, pulsuz təhsil və səhiyyəyə sərf olunur. Əlbəttə, bizim fikrimizcə, yalnız bazar iqtisadiyyatı dəyərləri tətbiq olunsaydı, büdcəmiz də tam fərqli olardı. Lakin bugünkü vəziyyət tam optimaldır və bizim tutduğumuz yol digərləri üçün örnək ola bilər.
Ölkənin ehtiyacları çoxdur, görüləsi işlər də yetərlidir. Bizə yeni elektrik stansiyaları, yeni qurğular, zavodlar, yeni iş yerləri açmaq lazımdır. Lakin eyni zamanda, neftdən əldə olunmuş gəlirləri qaçqın-köçkünlərin ehtiyaclarına da xərcləyirik. Bu məqsədlə artıq 70 milyon dollar vəsait ayrılmışdır. Onlar üçün yeni evlər tikilib, qəsəbələr salınmışdır. Mən bununla bağlı yeni bir fərman imzalayacağam. Ölkədə bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Biz bu siyasəti aparırıq və əminik ki, bu, bizə uğur gətirəcəkdir.
İqtisadiyyatın öz qanunları var, biz bu qanunları bilirik və onlara riayət etmədən ölkə uğura nail olmayacaqdır. Amma eyni zamanda, ölkənin normal sosial inkişaf proqramı da var. Sosial inkişaf qanunlarına da riayət etmək mühümdür. Azərbaycanın zəngin olmaq üçün böyük potensialı var. Zəngin olan ölkədə yoxsullar olmamalıdır. Ölkədə zəngin adamların sayı artır. Bu da ki, ölkədə gedən normal inkişafın nəticəsidir. Lakin eyni zamanda, yoxsulluq səviyyəsində yaşayanları həmin nöqtədən yuxarı qaldırmaq lazımdır. Ona görə də hökumətimiz üçün yoxsulluğun aradan qaldırılması ilə bağlı proqramlar çox böyük əhəmiyyət kəsb edəcəkdir. Xalqımız bunu görür və qiymətləndirir. Elə bilirəm ki, bu tarazlığı saxlamaq çox vacibdir, bazar iqtisadiyyatı və sosial yardım siyasəti gələcəkdə də davam etdiriləcək.
Görüşün sonunda MEDEF-in prezidenti FRANSUA PERİQO Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlə dedi:
- Cənab Prezident, Sizin bizə ayırdığınız vaxt sona çatdı və deməliyəm ki, çox vaxt belə azad sual-cavab aparmaq imkanı olmur. Çoxumuz ölkənizdə mövcud olan imkanlar barəsində ətraflı məlumat əldə etdik. Sonda hamımızın adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən cənab nazirə də öz minnətdarlığımı bildirirəm. O, əvvəlcə ingiliscə zəif bildiyini desə də, sonra çox gözəl çıxış etdi. Xoşbəxtik ki, burada saziş imzalandı və həmin saziş ölkələrimiz arasında münasibətlərin inkişafını sürətləndirəcəkdir.
Siz bizi ölkənizə səfərə dəvət etdiniz. Biz bu səfəri həyata keçirəcəyik. Çox sağ olun, cənab Prezident.