Azərbaycan–Qırğızıstan elmi-mədəni əməkdaşlığı yeni mərhələdə
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan və Qırğızıstan arasında elmi-mədəni əlaqələrin inkişafında folklorşünaslıq və ədəbiyyat sahəsində əməkdaşlıq mühüm yer tutur.
AMEA Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlığın nümunələrindən biri Qırğızıstanın paytaxtı Bişkekdə akademik Abdıldajan Akmataliyevin 70 illik yubileyinə həsr olunmuş “Manasdan Aytmatova: humanitar elmlərin aktual problemləri” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransdır. Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev konfransda fəxri qonaq qismində iştirak edib.
Folklor İnstitutunun Elmi şurasının qərarı ilə akademik Abdıldajan Akmataliyevə “Fəxri doktor” diplomu təqdim edilib. Hikmət Quliyev konfransda “Kollektiv mədəni yaddaş kontekstində folklor və ədəbiyyat: akademik Akmataliyevin elmi yanaşmaları və türkoloji perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə akademik Akmataliyevin qırğız folklorşünaslığı və ədəbiyyatşünaslığının inkişafındakı xidmətləri, xüsusilə “Manas” eposundan Çingiz Aytmatov yaradıcılığına uzanan mənəvi-mədəni xəttin elmi baxımdan öyrənilməsindəki rolu yüksək qiymətləndirilib.
Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev də Azərbaycanda keçirilən mühüm elmi platformalarda fəal iştirak edib. O, Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq elmi simpoziumunda çıxış edərək Üzeyir Hacıbəylinin əsərlərinin Qırğızıstanda səhnələşdirilməsini iki ölkə arasında mədəni əlaqələrin və ümumtürk mədəni inteqrasiyasının bariz nümunəsi kimi dəyərləndirib.
Alim “Arşın mal alan” operettası və “Koroğlu” operasının Qırğızıstan teatrlarında tamaşaya qoyulmasının iki xalq arasında ortaq mədəni yaddaşın və əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
AMEA və Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda beynəlxalq elmi simpoziumun bağlanış iclasında çıxış edən akademik Abdıldajan Akmataliyev simpoziumun türk xalqlarının ortaq elmi və mədəni irsinin öyrənilməsi istiqamətində mühüm platformaya çevrildiyini bildirib. O, Türk dünyası alimlərinin birgə fəaliyyətinin daha da genişləndirilməsinin, ortaq elmi layihələrin və nəşrlərin hazırlanmasının folklorşünaslıq elminin inkişafına, eləcə də türk dövlətləri arasında elmi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Folklor İnstitutu Azərbaycan və Qırğızıstan arasında mövcud elmi-mədəni əlaqələrin daha da genişləndirilməsini qarşıya qoyduğu mühüm vəzifələrdən biri hesab edir. Bu istiqamətdə Qırğızıstanın müvafiq elmi-tədqiqat müəssisələri və alimləri ilə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı elmi səfərlərin təşkili, ortaq konfrans və simpoziumların keçirilməsi, birgə nəşrlərin hazırlanması, folklor materiallarının və elmi təcrübənin qarşılıqlı mübadiləsi əməkdaşlığın gələcək perspektivləri sırasında xüsusi əhəmiyyət daşıyır.
Müxbir - Tünzalə Arazlı