Azərbaycan-Qırğızıstan təhsil əməkdaşlığının genişləndirilməsi tələbələr üçün yeni imkanlar yaradacaq
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin həyata keçirilməsi dünya dövlətləri ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin də diqqət mərkəzindədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı təhsil sahəsinə də mühüm töhfələr verə bilər. Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağına çevrilməsi və Zəngəzur dəhlizinin açılması ölkənin beynəlxalq əhəmiyyətini daha da artırır. Son illərdə Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində ikili diplom proqramlarının həyata keçirilməsi bu əməkdaşlığın perspektivlərini göstərən mühüm nümunələrdəndir. Eyni yanaşmanın Qırğızıstanla münasibətlərdə də tətbiqi iki ölkənin ali təhsil sistemlərinin qarşılıqlı zənginləşməsinə şərait yarada bilər.
“Qırğızıstanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkənin tələbələri üçün yeni imkanlar yarada bilər. Birgə ikili diplom proqramlarının həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, qarşılıqlı təqaüd imkanlarının artırılması Azərbaycan və Qırğızıstanın ali təhsil sistemlərinin daha yaxından inteqrasiyasına xidmət edər. Belə əməkdaşlıq çərçivəsində tələbələr qarşı tərəfin ali təhsil sistemində tətbiq olunan müasir yanaşmalarla tanış olmaq, nəzəri və praktiki biliklərini artırmaq imkanı əldə edə bilərlər. Eyni zamanda, azərbaycanlı tələbələrin Qırğızıstanda, qırğız tələbələrin isə Azərbaycanda təhsil alması iki ölkə arasında akademik əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacaq. Yaxın gələcəkdə Azərbaycan-Qırğızıstan Universitetinin yaradılması kimi layihələrin gündəmə gəlməsi mümkündür. Bununla yanaşı, əməkdaşlığın orta ümumtəhsil və peşə təhsili səviyyələrinə də genişləndirilməsi hər iki ölkənin təhsil sistemləri üçün faydalı ola bilər”, - deyə ekspert əlavə edib.
Ramin Nurəliyev bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında təhsil əməkdaşlığının genişlənməsi ölkəmizin beynəlxalq təhsil əlaqələrinin inkişafı ilə sıx bağlıdır. Onun sözlərinə görə, Azərbaycanın Avropa ölkələri, Türkiyə, Çin və Cənubi Koreya ilə həyata keçirdiyi müxtəlif təhsil layihələri, o cümlədən ikili diplom proqramları digər dövlətlərin də ölkəmizin ali təhsil sisteminə marağını artırır.
Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşması da ölkənin təhsil imkanlarının dünya səviyyəsində tanınmasına müsbət təsir göstərir.
Azərbaycanın siyasi və iqtisadi imkanları ilə yanaşı, təhsil sahəsində əldə etdiyi nailiyyətlər də ölkəmizə beynəlxalq marağın artmasına təsir göstərən amillərdəndir. Bu əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də tərəfdaş ölkələrin tələbələri üçün yeni təhsil və inkişaf imkanları yaradacaq.