Azərbaycan “Qlobal Kiberidman Tur” adlı tədbirə ev sahibliyi edə bilər




Bakı, 25 aprel, AZƏRTAC
Milli Olimpiya Komitəsində (MOK) Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib.
MOK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas məqsədi kiberidman fəaliyyətini gücləndirmək, daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə kiberidmanın Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.
MOK-un baş katibi Azər Əliyev əvvəlcə komitənin fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb.
Qlobal Kiberidman Federasiyasının baş direktoru Paul J. Foster Azərbaycan Olimpiya komandasının “Paris-2024” Yay Olimpiya Oyunlardakı nəticələri münasibətilə təbriklərini bildirib: “Mən, Bakıya heyran oldum. Düzünü desəm, çox yaxın, doğma olduğunu hiss edirəm. Bu məni həqiqətən duyğulandırır. Bakının Beynəlxalq şəhərə çevrildiyini gördüm. Əvvəla, demək istəyirəm ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər tədbirlərin təşkilatçılıq işlərinə heyran qaldım. Bu həqiqətən də onu göstərir ki, Azərbaycan idman ölkəsidir”.
Paul J. Foster 2021-ci ildə Sinqapurda, 2022-ci ildə Türkiyənin İstanbul şəhərində, 2023-cü ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçirilən Qlobal Kiberidman Oyunları və bu il Perunun paytaxtı Lima şəhərində keçiriləcək Qlobal Kiberidman Oyunları haqqında məlumat verib. O, həmçinin bildirib ki, bu ilin noyabr ayında “Riot Games” şirkəti Hindistanın Mumbay şəhərində şücaət çempionatı təşkil edəcək. Bu turizm üçün də maraqlıdır, çünki biz həm Hindistan bazarını, həm də Çin bazarını sınamağı planlaşdırırıq. Baş direktor Azərbaycanda “Qlobal Kiberidman Tur” adlı tədbirini keçirtmək istədiklərini də qeyd edib.