AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORUNUNYANINDA KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Qeyd edilmişdir ki, Azərbaycanda həyatın bütün sahələrində nailiyyətlər qazanıldığı, siyasi, iqtisadi və sosial sahələrdə əsaslı islahatların aparıldığı bir dövrdə cəmiyyətimizdə korrupsiyanın hələ də mövcud olması dövlətin və cəmiyyətin inkişafına, ölkədə gedən demokratik proseslərə və vətəndaş cəmiyyəti quruculuğuna əngəl törədir. Məhz bu baxımdan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində dövlətimiz tərəfindən kompleks tədbirlər proqramının işlənib hazırlanması dövrün tələbinə çevrilmişdir. Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün beynəlxalq sənədlərə, o cümlədən BMT-nin “Korrupsiyaya qarşı” və “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” konvensiyalarına qoşulmuşdur.
Natiqlər xatırlatmışlar ki, korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlərin nəticəsi olaraq 2004-cü il yanvarın 13-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirən Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılmışdır.
Korrupsiya ilə bağlı cinayətlərin xarakteri və cəmiyyət üçün müstəsna dərəcədə ictimai təhlükəli olması bu qəbildən hüquqpozmalarla mübarizə sahəsində səmərəli nəzarət mexanizminin yaradılmasını, qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirdiyi üçün dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizədə siyasi iradənin ifadəsi olaraq Azərbaycan Prezidentinin 3 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul edilmişdir.
Namiq Əsgərov demişdir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və daha səmərəli təşkil olunması, prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi tədbirlər sırasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 3 mart tarixli Sərəncamın müstəsna əhəmiyyəti vardır.
Korrupsiyaya qarşı mübarizədə siyasi iradənin təzahürü olan həmin Sərəncama müvafiq surətdə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurum - Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılmışdır.
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” 2004-cü il 28 oktyabr tarixli Fərmanının tələblərinə müvafiq olaraq, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminatla bağlı məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır.
Ötən müddətdə həmin Fərmanın icrası ilə əlaqədar olaraq baş prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin maddi-texniki təminatı istiqamətində Nazirlər Kabineti ilə birlikdə zəruri təşkilati və digər tədbirlərin görülməsi təmin edilmiş, idarədə qulluq keçən şəxslər üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə xeyli yüksək vəzifə maaşları müəyyən edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər sırasında hüquq mühafizə orqanlarında qulluq keçən şəxslərin dövlət məvaciblərinin mərhələlərlə artırılması, onların sosial təminatının gücləndirilməsi istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasətinin növbəti təzahürüdür.
Fəaliyyət göstərdiyi dövrdə idarə tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin edilərək əsas diqqət korrupsiya ilə əlaqədar hüquqpozmalara dair məlumatların, o cümlədən vətəndaşların hüquq və mənafelərinin pozulması ilə nəticələnən halların araşdırılmasına, korrupsiya ilə bağlı cinayət işləri üzrə səmərəli ibtidai istintaqın aparılmasına yönəlmişdir.
İndiyədək Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə vətəndaşların, əsas etibarilə, səhiyyə, təhsil müəssisələri, yerli özünüidarəetmə orqanları işçilərinin hərəkətləri, əhalinin enerji təchizatı məsələləri ilə əlaqədar 205 müraciəti daxil olmuşdur.
Ötən dövrdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində, əsasən, rüşvətalma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama aktları ilə əlaqədar 85 nəfər barəsində 38 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlər üzrə ittiham hökmləri çıxarılmış, təqsirləndirilən şəxslərdən bəraət alanı, habelə məhkəmələr tərəfindən cinayət işlərinin istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılma halları olmamışdır.
Hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən sui-istifadə etməklə başqasının əmlakını talama faktları ilə əlaqədar 22 cinayət işinin istintaqı davam etdirilir.
Korrupsiya cinayətlərindən əldə olunan qanunsuz gəlirlərin müəyyən edilib geri qaytarılması istiqamətində idarə tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, korrupsiya hallarının törədilməsinə şərait yaradan səbəblərin aradan qaldırılması, qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin barəsində intizam tənbehlərinin tətbiq edilməsi, belə pozuntulara gələcəkdə yol verilməməsi üçün müvafiq təşkilati tədbirlərin görülməsi məqsədi ilə istintaqı başa çatdırılmış işlər üzrə aidiyyəti dövlət orqanlarına təqdimatlar verilmişdir.
Qeyd edilmişdir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətini digər dövlət orqanları, hüquq mühafizə orqanları, həmçinin korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirən Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya ilə əlaqəli surətdə həyata keçirir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı idarə tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası qanunvericiliyinin korrupsiyaya qarşı mübarizə sahəsində mövcud beynəlxalq konvensiyalara və digər beynəlxalq sənədlərə uyğun olaraq təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərilmiş, idarənin əməkdaşı Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupu tərkibində qanun layihələrinin hazırlanmasında iştirak edərək, həmin layihələrə dair müvafiq təkliflər irəli sürmüşdür.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi beynəlxalq təcrübənin öyrənilməsi, səmərəli üsul və vasitələrin tətbiq edilməsi məqsədi ilə digər dövlətlərin müvafiq qurumları və hüquq mühafizə orqanları ilə əlaqələrini inkişaf etdirir.
İdarənin əməkdaşları ikitərəfli münasibətlər çərçivəsində Litva Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu olan Xüsusi Təhqiqatlar Xidmətində (STT), Böyük Britaniyanın ixtisaslaşdırılmış prokurorluq xidməti olan Ağır Vəzifə Cinayətləri üzrə İdarəsində (SFO) təcrübə keçmişlər. Bununla yanaşı, Avropanın bu sahədə ixtisaslaşmış qurumlarının fəaliyyəti, onların maarifləndirmə, qabaqlayıcı tədbirlərin görülməsi, cinayətlərin istintaqında tətbiq edilən üsul və vasitələr, digər hüquq mühafizə orqanları ilə əməkdaşlığı təcrübəsi də öyrənilir.
İdarənin əməkdaşı ötən il Amerika Birləşmiş Ştatlarının Rozvel Beynəlxalq Hüqüq Mühafizə Akademiyasında təlim kursu keçmişdir. Həmin kursda ədalət mühakiməsinin dövlətlərarası səviyyədə uzlaşdırılmış şəkildə həyata keçirilməsi, ictimai asayişin təmin olunmasına dair müasir strategiyaların işlənib hazırlanması, transmilli cinayətkarlığın yeni tendensiyalarının müəyyən edilməsi kimi aktual məsələlər diqqət mərkəzində olmuşdur.
Keçən il ABŞ-ın Dövlət Departamenti və Ədliyyə Nazirliyinin Xarici Prokurorluqların İnkişafına Yardım və Treninq İdarəsinin təşkilatçılığı ilə “İnsan alveri və çirkli pulların yuyulması əleyhinə ABŞ və Azərbaycan Respublikasının birgə əməkdaşlıq Proqramı” çərçivəsində keçirilən seminarda idarənin əməkdaşları fəal iştirak etmişlər. Tədbirdə ABŞ-da cinayət prosesi iştirakçılarının müdafiə proqramının həyata keçirilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizədə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və digər məsələlərə dair geniş məlumat alınaraq təcrübə mübadiləsi aparılmışdır.
Məlumat verilmişdir ki, 2005-ci ildə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən ATƏT və Cənub-Şərqi Avropa üçün Sabitlik Paktının Antikorrupsiya Təşəbbüsü ilə birlikdə Bolqarıstanın Sofiya şəhərində keçirilən və BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının ratifikasiyası və icrasına həsr olunmuş regional konfransda və Antikorrupsiya işləri üzrə ixtisaslaşmış prokurorlar üçün xüsusi təlimlərdə də idarənin əməkdaşları iştirak etmişlər.
İdarənin əməkdaşı Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin bir qrup işçisi ilə birlikdə 2006-cı ilin fevral ayında ABŞ-da polis orqanlarında korrupsiya hallarının və qanun pozuntularının istintaqı, polis orqanlarında qanunların icrasına nəzarət və daxili təhqiqat mövzusuna həsr olunmuş bir sıra görüşlər, o cümlədən Federal Təhqiqatlar Bürosu, Dövlət Departamentinin Beynəlxalq Narkotiklər və Hüquq Tətbiqi İşləri Bürosu, Ədliyyə Nazirliyinin Cinayət İstintaqı üzrə Beynəlxalq Təlim Proqramı (ICITAR), Nyu-York Şəhəri Federal Prokurorluq İdarəsi, Nyu-York Şəhər Polis Departamentinin əməkdaşları ilə hər iki tərəf üçün çox faydalı və maraqlı görüşlər keçirmişlər.
Korrupsiyaya qarşı mübarizə idarəsi beynəlxalq təcrübədən bəhrələnməklə yanaşı, digər ölkələrin hüquq mühafizə orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində səy göstərir. Belə ki, Azərbaycan Respublikası Prokurorluğu adından MDB üzv dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurası çərçivəsində idarənin əməkdaşları xarici həmkarları ilə birgə hüquqpozmaların korrupsiya ilə əlaqədar cinayətlərə aid edilməsinin meyarlarının müəyyənləşdirilməsi işini aparır və statistik hesabatların hazırlanması, korrupsiya ilə əlaqədar olan transmilli cinayətkarlığın qarşısının alınması sahəsində təsirli tədbirlərin görülməsini təmin edirlər.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ölkəmizin üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya Şəbəkəsi (OECD ACN) və Avropa Şurasının Korrupsiya Əleyhinə Avropa Dövlətlərinin Qrupu (GRECO) qarşısındakı öhdəliklərinin yerinə yetirilməsində yaxından iştirak edir. Antikorrupsiya Şəbəkəsinə daxil olan ölkələrin birinciləri sırasında ölkəmizin qurumun ekspertləri tərəfindən monitorinqi təşkil edilmiş, bunun üçün lazım olan geniş milli məruzə tərtib olunmuş, aidiyyəti məlumatların ekspertlərin diqqətinə çatdırılması üçün müvafiq tədbirlər görülmüşdür.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İstanbul Antikorrupsiya Fəaliyyət Planı çərçivəsində 2005-ci ildə Paris şəhərində keçirilmiş iclasında iştirak edən idarənin əməkdaşları İstintaqları Keçid Mərhələsində olan Dövlətlərin Antikorrupsiya Şəbəkəsinin ekspertləri tərəfindən verilmiş tövsiyələrin icrasına dair Azərbaycan Respublikasının məruzəsini təqdim etmiş, həmçinin bu plan çərçivəsində digər ölkənin monitorinqində ekspert kimi iştirak edərək öz təklif və tövsiyələrini vermişlər.
Fəaliyyət göstərdiyi müddətdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış mütəxəssislərlə əməkdaşlığının qurulması məqsədi ilə müxtəlif görüşlər keçirilir və müzakirələr aparılır, onların analitik-informasiya sahəsində işlərin həyata keçirilməsinə cəlb edilməsi yolları öyrənilir.
Diqqətə çatdırılmışdır ki, 2005-ci ildə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə Gənc Hüquqşünaslar Birliyi ilə birgə Azərbaycanın bir sıra bölgələrində, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, İsmayıllı, Lənkəran və Şəki rayonlarında həmin regionların prokurorluq və digər hüquq mühafizə orqanlarının əməkdaşları, habelə yerli icra prokurorluq və digər hüquq mühafizə orqanlarının əməkdaşları, habelə, yerli icra hakimiyyəti və özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən seminarda idarənin əməkdaşları fəal iştirak edərək məruzələrlə çıxış etmiş və seminar iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.
İdarənin işində aşkarlığın təmin edilməsi məqsədi ilə kütləvi informasiya vasitələri ilə əlaqələrə xüsusi diqqət yetirilərək, korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi, qanunvericiliyin təbliğ edilməsində onların imkanlarından geniş istifadə olunur. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun və Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının məqsəd və mahiyyəti, onların icrasına yönəlmiş tədbirlər, idarənin fəaliyyəti, vətəndaşların müraciətlərinin qəbulu, müvafiq araşdırmaların aparılması və cinayət işlərinin istintaqı, maraq doğuran digər məsələlər barədə məlumatların televiziya və dövri mətbuat vasitəsilə ictimaiyyətə çatdırılması mütəmadi surətdə təmin edilir.
Vurğulanmışdır ki, idarə prokurorluğun digər strukturları ilə birlikdə bundan sonra da fəaliyyətini dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurmaq üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, ölkəmizin dinamik şəkildə yüksələn xətlə inkişafına və demokratiyanın bərqərar olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsində, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqların etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.