AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Prezident sarayında NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşmüşdür.
Görüş zamanı Prezident İlham Əliyev NATO baş katibinin Azərbaycana səfərini ölkəmizin bu təşkilatla əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı ölkəmizin Avratlantik strukturlarla, o cümlədən Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi işində böyük rol oynayan NATO təşkilatı ilə əməkdaşlığının daim möhkəmləndiyini və genişləndiyini məmnunluqla qeyd etmişdir. Azərbaycanın bu təşkilatın “Sülh naminə tərəfdaşlıq” proqramında fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev hazırda NATO ilə fərdi tərəfdaşlıq planı əsasında konkret işlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti bununla bağlı ölkəmizin müvafiq qurumları tərəfindən fəal iş aparıldığını bildirmiş, Azərbaycan-NATO əlaqələrinin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdır.
Prezident İlham Əliyevlə görüşündən məmnunluq duyduğunu bildirən Yaap de Hoop Sxeffer dövlətimizin başçısının Brüsselə son səfərinin çox uğurlu olduğunu qeyd etmişdir. NATO ilə Azərbaycan arasında əlaqələrin daim inkişaf etməsini yüksək qiymətləndirən NATO-nun baş katibi ölkəmizin bu təşkilatın fəal tərəfdaşlarından biri olduğunu vurğulamışdır. Cənab Sxeffer rəhbərlik etdiyi təşkilatın ölkəmizlə əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu bildirmişdir.
Görüşdə beynəlxalq, regional təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.