AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev humanizm prinsipindən çıxış edərək, 2007-ci il dekabrın 28-də 119 məhkumun əfv olunması haqqında Fərman imzalamışdır.
Fərman əsasında 114 şəxs azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, 2 məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, 3 şəxs isə digər cəzalardan azad edilmişdir.
Məhkumlarla bağlı bir sıra məsələlər üzrə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə müxtəlif formatlarda davamlı və konstruktiv müzakirələr aparılmışdır. Cəzaçəkmə müəssisələrinə mütəmadi baş çəkən, məhkumların saxlanma şəraiti ilə tanış olan, penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən hüquq müdafiəçiləri bu müzakirələr çərçivəsində məhkumların humanitar əsaslarla azad olunması və əfv edilməsi barədə təklif və tövsiyələr vermişlər.
Azərbaycanda vətəndaş cəmiyyəti ilə dövlət arasında dialoqun möhkəmləndirilməsinə nümunə olan belə əməkdaşlıq dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən problemlərin həllində qeyri-hökumət təşkilatlarının rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir.
Azərbaycan Respublikasının Prezidenti kütləvi informasiya vasitələrinin nümayəndələrinin əfv edilməsi ilə bağlı xüsusi vurğulamışdır ki, insan hüquq və azadlıqlarının, o cümlədən fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Söz və mətbuat azadlığının ölkəmizin demokratik inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, jurnalistlərin peşə etikasından kənara çıxmayacaqlarına, peşəkarlıq səviyyələrini artıracaqlarına, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, insanların şərəf və ləyaqətinə hörmətlə yanaşacaqlarına ümid etdiyini bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirmişdir ki, Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində əfv olunan vətəndaşlarımız bu humanist aktdan düzgün nəticə çıxaracaq, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını dərk edəcək, qanunlara dönmədən əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına öz töhfəsini verəcəklər.