AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORLUĞUNDA GENİŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Baş prokuror Zakir Qaralov müşavirəni açaraq bildirdi ki, son illərdə Azərbaycan prokurorluq orqanlarının əldə etdiyi bütün uğurlar ulu öndərimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin prokurorluğa göstərdiyi böyük qayğı, diqqətin və etimadın məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 29 sentyabr tarixli sərəncamları ilə prokurorluq işçilərinin yüksək dövlət mükafatı ilə təltif edilməsi, bir qrup prokurorluq işçisinin ali xüsusi rütbəyə layiq görülməsi, prokurorluq işçilərinin sosial müdafiəsinin daha da gücləndirilməsi bütün qurumun kollektivində sevinc, qürur və iftixar hissi doğurmaqla yanaşı, onlardan xidməti işlərinə vicdanla və böyük məsuliyyət hissi ilə yanaşmağı tələb edir.
Müşavirədə, həmçinin qeyd edildi ki, prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti dərk edərək dövlətimizin başçısı İlham Əliyevə onların fəaliyyətlərinə verdiyi yüksək qiymətə görə səmimi minnətdarlıqlarını bildirir və ölkəmizin Prezidentini əmin edir ki, Azərbaycan Prokurorluğu öz işini göstərilən böyük etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi, ölkədə qanunun aliliyinin təmin edilməsi işinə layiqli töhfəsini verəcək, prokurorluq işçisi kimi yüksək və şərəfli adı bundan sonra da ləyaqətlə daşıyacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizin müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi qüdrətinin və xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş möhtəşəm dövlətçilik fəaliyyətində daim ona yardımçı olacaq, bu məqsədlə bütün qüvvələrini və bacarıqlarını səfərbər edəcəklər.
Dövlətimizin başçısının 2006-cı il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq Baş Prokurorluqda struktur dəyişiklikləri aparılmaqla və digər təşkilati tədbirlər görülməklə prokurorluğun fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu məqsədlə yaradılmış yeni qurumların yüksək peşəkarlığa malik olan kadrlarla komplektləşdirilməsi məsələləri müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.
Son illər ölkəmizin Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində müstəqil Azərbaycan Respublikasının dünya dövlətləri birliyinin sırasında yerinin daha da möhkəmləndirilməsini, nüfuzunun və əlaqələrinin durmadan artmasını, bununla əlaqədar ölkəmizin çoxsaylı konvensiyalara qoşulmasını, ikitərəfli və çoxtərəfli sazişlərin bağlanmasını nəzərə çatdıran baş prokuror Zakir Qaralov bildirdi ki, bu siyasətin çərçivəsində Azərbaycan Prokurorluğunun da beynəlxalq əlaqələri gündən-günə genişlənir, intensivləşir. Baş Prokurorluq tərəfindən beynəlxalq öhdəliklərin icrası ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi, cinayətkarların ekstradisiyası, Müstəqil Dövlətlər Birliyi ölkələrində və digər xarici dövlətlərdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının daha etibarlı surətdə qorunması, erməni terrorçularının və Dağlıq Qarabağ separatçılarının cinayətkar əməllərinin beynəlxalq aləmdə qətiyyətlə ifşa olunması zərurəti yaranmışdır.
Müşavirədə, həmçinin prokurorluqda sağlam kadr siyasətinin yeridilməsinin, layiqli gənclərin işə qəbul edilməsinin prinsipial və gələcək üçün böyük əhəmiyyət daşıdığı vurğulandı, son illərdə yaranmış və uğurlu olduğunu təcrübədə təsdiq etmiş prokurorluğa builki qulluğa qəbulun müsabiqə əsasında, beynəlxalq standartlara və şəffaf prosedurlara uyğun keçirilməsinin əhəmiyyəti nəzərə çatdırıldı və müvafiq müzakirələrdən sonra bu sahədə işlərin təşkili üçün zəruri göstərişlər verildi.
Bundan sonra, 2006-cı ilin birinci yarısının yekununa həsr olunmuş Baş Prokurorluğun geniş Kollegiya iclasının 2006-cı il 19 avqust tarixli qərarında dövlətçiliyin maraqlarının qorunmasına, qanunun aliliyinin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə, qanunçuluğun və hüquq qaydasının bərqərar edilməsinə, habelə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəldilmiş tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması tələb edildi.