AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞ
Qonaqları salamlayan MSK sədri Avropa Birliyi kimi nüfuzlu bir qurumun nümayəndələri ilə görüşdən məmnun olduğunu bildirmişdir. O, Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyalarının fəaliyyəti, gördükləri işlər barədə ətraflı məlumat vermişdir. Seçki komissiyalarının demək olar ki, hər il seçki keçirdiyini, yanvar ayından başlayaraq seçici siyahılarını dəqiqləşdirdiklərini söyləyən sədr, bu yaxınlarda Azərbaycan Respublikasının Milli Məclisinə boş olan yerlərə əlavə seçkilər keçirildiyini, bələdiyyə seçkilərinə isə ölkə miqyasında hazırlıq görüldüyünü qeyd etmişdir. M.Pənahov bu il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq barədə qonaqlara ətraflı məlumat vermişdir. Sədr bildirmişdir ki, respublikamızda bələdiyyələrə 21647 bələdiyyə üzvü seçməliyik. Dairə seçki komissiyalarından 42 mindən artıq vətəndaş namizədliyinin qeydə alınması məqsədi ilə imza vərəqəsi götürmüş, onlardan 40 mindən çoxu imza vərəqələrini və digər seçki sənədlərini DSK-lara təqdim etmiş, 39 min nəfərin isə namizədliyi qeydə alınmışdır.
Məlumdur ki, bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi seçki komissiyalarından gərgin iş tələb edir. Seçkilərin nəticələri ilə bağlı 2735 bələdiyyənin hər biri haqqında ayrı-ayrılıqda məlumat toplanmalıdır. 2000-ci ildən etibarən Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini səsvermə günü axşam ictimaiyyətə çatdırır və bu artıq ənənə halı alıb. Məntəqə seçki komissiyaları kompüter və modemlə təmin olunmadığından onların yekun protokollarındakı məlumatların MSK-ya operativ çatdırılmasında problemlər yarana bilər. Hazırda seçki məntəqələrinin həmin elektron avadanlıqla təmin olunmasına çalışırıq ki, dekabrın 17-də bələdiyyə seçkilərinin ilkin nəticələrini ictimaiyyətə ən qısa vaxt ərzində çatdırmaq mümkün olsun.
Ətraflı məlumat üçün təşəkkürünü bildirən Heyki Talvitiye yerli seçki komissiyaları üzvlərinin hüquqi biliklərinin artırılması, onların təlimatlandırılması istiqamətində görülmüş işlərlə maraqlanmışdır. Mərkəzi Seçki Komissiyasının sədri noyabr ayının ikinci həftəsindən etibarən dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seminar və məşğələlər keçiriləcəyini bildirmiş və qeyd etmişdir ki, yerli seçki komissiyalarının üzvləri üçün bir sıra seçki ədəbiyyatı, o cümlədən seçki günü üçün yaddaş kitabçaları, təlimatlar və izahlar toplusu hazırlanmışdır.
Görüşün sonunda H.Talvitiye səmimi qəbula görə minnətdarlığını bildirmiş və Mərkəzi Seçki Komissiyasına uğurlar arzulamışdır.
Görüşdə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova, MSK Katibliyinin müdiri Çingiz Ələkbərov və mətbuat şöbəsinin müdiri Azər Sarıyev də iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti