Azərbaycan rəssamı Kopenhagendə dizayn festivalında iştirak edib
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan rəssamı Aida Mahmudova Danimarkanın paytaxtı Kopenhagendə dizayn festivalı “3daysofdesign”də iştirak edib.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, “3daysofdesign” festivalı dünyanın müxtəlif ölkələrindən olan tanınmış və yeni fəaliyyətə başlayan rəssam-dizaynerlər üçün platforma rolunu oynayır.
Festivalda Aida Mahmudova Kopenhagenin mədəniyyət mərkəzlərindən biri sayılan “Kongernes Lapidarium” muzeyində təşkil olunmuş ekspozisiyada “Elysium” silsiləsindən olan xalçalarını, habelə “Adsız” silsiləsindən olan heykəltaraşlıq lampalarını uğurla təqdim edib.
“Elysium” silsiləsindən olan xalçalar Azərbaycanın üç müxtəlif toxuculuq emalatxanasında hazırlanmış və əsrlər boyu formalaşmış sənətkarlıq ənənələrini yenilikçi heykəltaraşlıq elementləri ilə birləşdirir. Bu əsərlər Aida Mahmudovanın tekstil irsinə olan dərin marağını və yaradıcılıq yanaşmasını əks etdirir. Çoxlaylı və üçölçülü formalar ilə apardığı eksperimentlər vasitəsilə o, tekstilə əsaslanan yaradıcılıq imkanlarını genişləndirir. Bu bədii yanaşma xalçanı təkcə səth kimi deyil, həm də məkanla qarşılıqlı əlaqədə olan və dərin mənalarla yüklənmiş müstəqil heykəltaraşlıq əsəri kimi təqdim edir.
“Adsız” silsiləsinin heykəltaraşlıq lampaları yaddaş və məkan mövzularını keramika, şüşə və daş materialları vasitəsilə araşdırır. Bu incəsənət nümunələri Aida Mahmudovanın və İspaniyanın “Worn Studio” arasında sıx əməkdaşlıq nəticəsində ərsəyə gətirilib. Tarixən rituallar və ya istiqamət nişanələri kimi istifadə olunan şaquli yığılmış sütunvari daş obyektlərdən ilham alan rəssam bu formaları şəxsi yaddaş abidələri kimi yenidən şərh edir.
Rəssam bu silsilə əsərləri ilə ziyarətçilərə duyğulara xitab edən bir təcrübə bəxş edir – burada ənənələr müasirliklə qovuşur, Azərbaycan identikliyi isə incəsənət və dizayn dili ilə tərənnüm olunur.