Azərbaycan sülhün və sabitliyin təmin olunması üçün ciddi addımlar atır
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan təkcə regionda deyil, qlobal səviyyədə sülhün və sabitliyin təmin olunması məqsədilə bütün mühüm sahələrdə səylərin və imkanların səfərbər edilməsi üçün ciddi addımlar atır. Bu, həm də Azərbaycanın xarici siyasət konsepsiyasının vacib istiqamətverici elementidir. Azərbaycan qlobal səviyyədə etibarlı tərəfdaş kimi Avropa İttifaqının enerji təhlükəsizliyində vacib strateji tərəfdaşıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın tarixinə nəzər salsaq görərik ki, 2006-cı il Azərbaycan və Aİ arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə başlayan enerji münasibətləri, bu ilin yayında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə daha da genişlənib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva deyib.
O bildirib ki, Azərbaycan geostrateji mövqeyi ilə tarixən Avropa ilə Asiya arasında körpü rolunu oynayır, region və Mərkəzi Asiyanın 10-a yaxın ölkəsi üçün Avropaya giriş qapısı rolunu icra edir. Son bir ildə yaranmış geosiyasi reallıqlarda, mövcud və artan çağırışlar fonunda ölkələr enerji təhlükəsizliyinin təminatında aktual və təhlükəsiz diversifikasiya imkanları və dayanıqlılığa ehtiyac duyurlar. Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Saziş Avropanı Cənubi Qafqaza yaxınlaşdırması ilə paralel, xəttin keçdiyi bütün bölgələrdə sülh və stabillik üçün zəmin yaradacaq. Bu, həmçinin Avropa İttifaqi ilə Azərbaycan arasında inteqrasiya proseslərinin inkişafına da təkan verəcək.