Azərbaycan Texniki Universitetində “Həyatla oyun” tamaşası nümayiş olunub
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Azərbaycan Texniki Universitetində (AzTU) Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası nümayiş olunub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tamaşa Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Tamaşadan əvvəl AzTU-nun prorektoru, professor İsa Xəlilov bildirib ki, narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbirlərin ali təhsil müəssisələrində mütəmadi keçirilməsi gənclərin sağlam cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclik yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Şahin İsmayılov narkotik vasitələrin aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Daxili İşlər Nazirliyinin lazımi tədbirlər gördüyünü diqqətə çatdırıb, bu cür təbliğatın vacibliyini vurğulayıb.
Sonra “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində AzTU-da “Həyatla oyun” tamaşası nümayiş olunub. Tamaşa bütün bəşəriyyətin bəlası olan narkomaniya və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə həsr edilib. Əsərin müəllifi Arzu Soltan, tamaşanın rejissoru isə İntiqam Soltandır.
Bakı Uşaq Teatrının gənc aktyorlarının ifasında canlandırılan tamaşada narkotik vasitələrin istifadəçilərinin həyat tərzi bütün çılpaqlığı ilə ortaya çıxarılıb. Ssenaridə əsasən kiçik yaşlarında təlim-tərbiyə işlərində övladlarına laqeyd qalan valideynlər, uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tələbələrin böyük marağına səbəb olan tamaşa alqışlarla qarşılanıb. Rejissor və aktyorlar yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.