Azərbaycan Turizm İnstitutunun əməkdaşı İsveçrə və İspaniyada Beynəlxalq müşavirlər forumunda iştirak etmişdir
Bakı, 13 iyun (AZƏRTAC). İsveçrənin Montrö və İspaniyanın Marbella şəhərlərində LAUREATE Beynəlxalq Universitetlər Qrupunun təşkilatçılığı ilə Beynəlxalq müşavirlər forumu keçirilmişdir.
Tədbir həmin ölkələrin ali təhsil müəssisələrinin tanışlığına həsr olunmuşdur.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin qatıldıqları tədbirdə bu ali təhsil ocağının tədris şöbəsinin müdiri Nərminə Abdullayeva da iştirak etmişdir. O, tədbir çərçivəsində İsveçrənin Glion - Les Roches və İspaniyanın Les Roches universitetlərində təqdimat-tanışlıq turunda olmuş, müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan tələbələrlə görüşmüşdür.
Nəzəri biliklərin təcrübi vərdişlərlə möhkəmlənməsini şərtləndirən tədris proqramının üstünlükləri və konkret faydası tədbir iştirakçılarında böyük maraq doğurmuşdur. Glion - Les Roches və Les Roches universitetlərində tələbələrin istehsalat təcrübə semestri ATİ-dən fərqli olaraq 20 həftəlik deyil, il boyu davam edir. Bu da tələbə-gənclərin uğurlu karyera qazanmalarına etibarlı zəmin yaradır.
Altı gün davam edən tədbirin gündəliyinə əsasən İspaniya və İsveçrənin brend otellərinə tanışlıq turu da təşkil olunmuşdur.
Sonda forum iştirakçılarına sertifikatlar təqdim verilmişdir.