Azərbaycan-Ukrayna Dostluq Cəmiyyəti Xarkovda Novruz bayramı keçirmişdir
Kiyev, 21 mart (AZƏRTAC). Ukraynanın iri şəhərlərindən biri olan Xarkovda Beynəlxalq Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Bayramın təşkilatçısı “Dostluq” Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin Xarkov vilayət cəmiyyəti olmuşdur.
“Baku Palace” restoranında səmimi ailə şəraitində 200 nəfərdən çox adam - cəmiyyətin qonaqları və üzvləri, Xarkov Şəhər Sovetinin nümayəndələri, Azərbaycan və Ukrayna jurnalistləri toplaşmışlar.
Tədbiri “Dostluq” cəmiyyətinin sədri, professor Murad Ömərov açaraq toplaşanları Novruz bayramı münasibətilə təbrik etmiş, onlara xeyirxahlıq, sülh , rifah və tərəqqi arzulamışdır.
Xarkov Şəhər Sovetinin vətəndaş birlikləri ilə iş şöbəsinin rəisi Aleksandr Sterin Xarkov şəhərinin başçısı adından iştirakçıları təbrik etmişdir.
Cəmiyyətin idarə heyətinin üzvləri və ağsaqqalları tədbirin iştirakçılarını səmimi salamlamışlar.
Masalara Azərbaycanın milli yeməkləri və şirniyyatı - plov, dolma, lüləkabab, şəkərbura, paxlava və s. düzülmüşdü. Hər masada bayramın rəmzi olan səməni vardı.
Bayramda beynəlxalq və ümumukrayna festivallarının və forumlarının diplomantı, Azərbaycanın “Dostluq” mədəni-maarif mərkəzinin direktoru və “Azərbaycan inciləri” rəqs kollektivinin rəhbəri Ülviyyə Hüseynovanın rəhbərlik etdiyi kollektivin ifasında milli mahnılar və rəqslər səsləndirilmişdir.
Bayramda hökm sürən əhvali-ruhiyyə qonaqların Novruz bayramının xüsusiyyətləri, habelə Azərbaycan xalqının çoxəsrlik milli ənənələri ilə daha yaxından tanış olmasına imkan yaratmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev