AZƏRBAYCAN VƏ ABŞ ÇOX YAXIN DOST VƏ TƏRƏFDAŞ ÖLKƏLƏRDİR
Səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir, dövlətlərimiz arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini vurğulamış, ölkəmizdə geniş vüsət almış demokratik proseslərdən söhbət açaraq, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, insan hüquqlarının qorunması, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı görülən işləri konkret faktlarla diqqətə çatdırmışdır.
Dövlət başçısının tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi, regionlarda hüquq təsisatlarının inkişafı üzrə həyata keçirilən tədbirlərdən danışan nazir, mütərəqqi və şəffaf proseduralar əsasında hakimliyə namizədlərin seçilməsi və tədrisində ABŞ təşkilatlarının və səfirliyinin fəal iştirakına görə təşəkkürünü bildirmiş, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd etmişdir.
Azərbaycanda olduğu qısa müddətdə həyata keçirilən mütərəqqi islahatların müsbət nəticələrini müşahidə etdiyini vurğulayan xanım Ann Ders, etibarlı tərəfdaş olan ölkəmizlə əməkdaşlığa ABŞ-ın mühüm önəm verdiyini, beynəlxalq terrorçuluğa qarşı mübarizə, enerji ehtiyatlarından istifadə və demokratiyanın inkişafı sahəsində belə əməkdaşlığın mövcud olduğunu qeyd edərək, qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün səfir kimi əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə demokratik, xüsusilə hüquqi islahatlarda Ədliyyə Nazirliyinin rolu vurğulanaraq, vətəndaş cəmiyyətinin inkişafı, əhaliyə göstərilən hüquqi xidmətlərin yaxşılaşdırılması və penitensiar sahədə islahatlar, habelə digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.
Tədbirdən sonra qonaq Nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.