AZƏRBAYCAN VƏ GÜRCÜSTAN GƏNCLƏRİNİN DOSTLUĞU ƏBƏDİ VƏ SARSILMAZDIR
Səmimi qarşılanma mərasimindən sonra görüş iştirakçıları Qazax rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək dahi rəhbərin abidəsi önünə əklil qoydular. Parkda Azərbaycan-Gürcüstan gənclərinin ənənəvi dostluq mitinqi keçirildi.
Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək, tarixi ənənələrə söykənən Azərbaycan-Gürcüstan dostluğunun gündən-günə möhkəmlənməsindən, bu əlaqələrin daha da inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışdı və Prezidentlər İlham Əliyevin və Mixail Saakaşvilinin bu sahədə gördükləri işləri diqqətə çatdırdı.
Sonra Gürcüstanın mədəniyyət, abidələrinin qorunması və idman naziri Georgi Qabaşvili Gürcüstan gənclərinin salamlarını çatdırdı və belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışdı. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov və rayonun digər sakinləri çıxış edərək, dost gürcü xalqı nümayəndələrinin hər gəlişinin bayrama çevrildiyini bildirmiş və belə görüşlərin tez-tez keçirilməsinin vacibliyindən danışmışlar.
Sonra hər iki ölkənin gənclər təşkilatlarının rəhbərləri əlaqələrin genişləndirilməsini nəzərdə tutan tədbirlərə dair protokol imzalamışlar. Rəsmi imzalanma mərasimindən sonra səmaya şarlar və sülh rəmzi olan göyərçinlər buraxılmış, Azərbaycanın və Gürcüstanın incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti olmuşdur. Konsert başa çatdıqdan sonra hər iki ölkənin gənclər təşkilatlarının rəhbərləri Azərbaycanın və Gürcüstanın kütləvi informasiya vasitələri namayəndələrinin suallarına cavab vermişlər. Sonra gürcüstanlı qonaqlar torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş mərd oğulların xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Rayon mərkəzində sakinlərlə səmimi söhbətlər aparan gürcüstanlı qonaqların növbəti dostluq görüşü rayon mərkəzində yaradılmış “Gənclər parkı”nın açılışı ilə başa çatmışdır. Rəmzi qırmızı lentin kəsilməsində iştirak edən qonaqlar xeyir-dua vermiş, Qazax rayon gənclərinə bu parkda mənalı istirahət arzulamışlar.
Azərbaycan-Gürcüstan gənclərinin sarsılmaz dostluğunun təntənəsinə çevrilən görüşdə Gürcüstanda azərbaycanlıların ən sıx yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Zurab Melikaşvili və Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev də iştirak etmişlər.