Azərbaycan və Rusiya dünyada energetikanın inkişafına həsr edilmiş beynəlxalq konfrans keçirirlər
Moskva, 2 iyul, AZƏRTAC
Rusiyanın Energetika naziri Aleksandr Novak və onun azərbaycanlı həmkarı Pərviz Şahbazov “Qlobal energetika və beynəlxalq siyasi risklər” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər.
“Valday” Beynəlxalq Diskussiya Klubunun mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, konfrans Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə təşkil edilib.
Forumun gündəliyinə dünyada energetikanın inkişafı və enerji sektoru üçün əsas beynəlxalq siyasi risklər məsələləri daxil edilib. Bu, həm Rusiya, həm də Azərbaycan üçün aktualdır. Yaranan risklərə birgə reaksiya vermək tələb olunan hallarda müştərək ekspertiza və fikir mübadiləsi aparılması həm Rusiya, həm də Azərbaycan üçün zəruridir.
Konfrans çərçivəsində “Valday” Klubunun “Dünya energetikası üçün siyasi risklər: resurs millətçiliyindən “azadlıq molekulları”na və iqlim silahına qədər” adlı yeni məruzəsi təqdim ediləcək.
Klubun mətbuat xidmətinin məlumatında deyilir: “Azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq şəraitində keçirilən konfrans 2019-cu ildə “Valday” Klubunun illik konfransında Prezident İlham Əliyevin iştirakının məntiqi və təbii davamıdır. Prezident Əliyev həmin konfransın plenar sessiyasında Rusiya Prezidenti Vladimir Putin, Filippinin, Qazaxıstanın liderləri və İordaniya kralı ilə bərabər çıxış etmişdi. Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) “Valday” Klubunun tərəfdaşıdır. 2019-cu ildə yaradılmış bu mərkəzin hədəfi beynəlxalq münasibətlərdə strateji məsələlərə dair sənədlər və tövsiyələr hazırlamaqdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva