AZƏRBAYCAN XİN-İN BAŞÇISI MOSKVA DANIŞIQLARININ YEKUNLARINDAN RAZI QALMIŞDIR
Nazirin sözlərinə görə, Moskvada kifayət qədər intensiv danışıqlar aparılmış, danışıqlar prosesinin gedişində yaranmış problemlərlə bağlı həmsədrlərin təklif etdikləri bir sıra ideyalar müzakirə olunmuşdur. E.Məmmədyarov demişdir: “Ermənistan-Azərbaycan münaqişəsinin həllinin əsas prinsiplərinə dair konstruktiv və səmərəli fikir mübadiləsi aparılmışdır. Danışıqlar zamanı müzakirə olunan ideyaları təhlil etmək üçün hər iki tərəfin oktyabrın 24-dək fasilə götürməsi barədə razılıq əldə edilmişdir. Danışıqları Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində oktyabrın 24-də Parisdə davam etdirmək qərara alınmışdır”.
E.Məmmmədyarov bildirmişdir ki, görüşün formatı ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə başlanmış, sonra isə fərdi qaydada davam etdirilmişdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə təklikdə fərdi görüş keçirilmiş, sonra həmsədrlərlə ayrılıqda görüşlər davam etdirilmişdir. Danışıqlarda ATƏT-in hazırkı həmsədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak etmişdir.
“Böyük səkkizlik ölkələrinin ehtimal etdikləri kimi, münaqişəni 2006-cı ilin sonunadək nizama salmaq mümkün olacaqmı?” sualına cavabında nazir demişdir ki, hansısa müddətlər qoymaq lazım deyil, çünki bu, olduqca ciddi və həssas məsələdir, lakin danışıqlar prosesində irəli getməyə çalışacağıq. Danışıqların başlıca mövzusu nizamasalmanın əsas prinsipləridir və həmsədrlərin təklifləri Praqa prosesi çərçivəsində uzun illər müzakirə olunan prinsiplərə əsaslanır. Hazırda problemin bir hissəsi statusla, bir hissəsi erməni qoşunlarının tam çıxarılması ilə bağlıdır. Bizim vəzifəmiz incə tarazlığı tapmaq və onun əsasında irəliləməkdir. Biz münaqişənin nizama salınmasının əsas prinsiplərini razılaşdırmışıq, lakin razılaşdırılmamış iki prinsip qalmışdır ki, onların da üzərində işləyirik. Bu gün məhz həmin prinsiplər müzakirə edilmişdir.
E.Məmmədyarov, ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiyanın fəaliyyətini qiymətləndirərək bildirmişdir ki, Rusiya tərəfi danışıqlar prosesində irəliləyiş əldə olunması üçün kifayət qədər intensiv maraq göstərməkdən ötrü bütün imkanlara malikdir və maraq göstərir. O demişdir: “Hesab edirik ki, Rusiya bizim həm siyasi, həm də iqtisadi tərəfdaşımız, qonşumuzdur. Şübhəsiz ki, o, nizamasalma baxımından həlledici rollardan birini oynamalıdır. Gördüyümüz kimi bu istiqamətdə Rusiyanın Azərbaycanı və Ermənistanı ortaq məxrəcə gətirmək arzusu vardır ki, biz nizamasalmanın birinci mərhələsinə keçə bilək. Şübhəsiz ki, belə mürəkkəb münaqişəni birdəfəyə həll etmək mümkün deyil, o, mərhələlərlə həll olunmalıdır. Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərə gələcək ən son elementi çox böyük əhəmiyyətə malik etimad elementidir və bu baxımdan Rusiya böyük rol oynaya bilər”.
Azərbaycan XİN-in başçısı vurğulamışdır ki, ölkəmizin qarşısında duran vəzifələrdən biri Azərbaycanı regionun lideri səviyyəsinə qaldırmaqdır və bu, münaqişənin dinc yolla nizama salınması üçün daha çox imkanlar açacaqdır. Bu mərhələdə biz çalışırıq ki, atəşkəs pozulmasın və eyni zamanda, münaqişənin həll edilməsi üzərində işləyirik. Bu, Azərbaycan və Ermənistan üçün, habelə bütün region üçün vacibdir.