AZƏRBAYCANDA BƏLƏDİYYƏ SEÇKİLƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçirilmişdir. Səhər saat 8-00-da start götürmüş siyasi aksiya axşam saat 19-00-da başa çatmışdır. “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babyev səsvermənin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında demişdir ki, seçkilər ölkə üzrə 82 dairənin 940 məntəqəsində təşkil olunmuşdur. Seçkilər 5 rayonda şəhər bələdiyyəsini, habelə kənd və qəsəbə bələdiyyələrini əhatə etmişdir. Seçkidə iştirak edən seçicilərin sayı 805 min 211, seçiləcək bələdiyyə üzvlərinin sayı isə 1931 nəfərdir. 603 bələdiyyəyə keçirilən siyasi aksiyada 164 bələdiyyə tam tərkibdə seçiləcəkdir. Bu gün 141 bələdiyyəyə təkrar, 37 bələdiyyəyə əlavə, 305 bələdiyyədə yeni, 22 bələdiyyədə isə ilk dəfə seçki keçirilmişdir. Bələdiyyə üzvlüyü uğrunda 4524 namizəd mübarizə aparmışdır ki, onların da 239-u qadındır. Namizədlərin 2096 nəfəri bitərəf, 2171-i Yeni Azərbaycan Partiyasının, qalanları digər partiyaların üzvləridir. 23 nəfər namizəd siyasi mənsubiyyətini göstərməmişdir.
Axşam saat 19-00-da səsvermə tam başa çatmış, məntəqələr bağlanmışdır. 78 seçki dairəsindən daxil olan məlumata görə, səsvermədə 265 min 847 nəfər seçici iştirak etmişdir. Bu da ümumi seçicilərin 33,01 faizini təşkil edir. Səsvermənin gedişi zamanı hər hansı bir ciddi qanun pozuntusu aşkarlanmamışdır. Seçkilərin nəticələrini qənaətbəxş hesab etmək olar.
İ.Babayev bildirdi ki, digər dairələrdən də məlumatlar daxil olduqca elan ediləcəkdir.