Azərbaycanda pencak-silat idmanının inkişafı üçün geniş imkanlar var
Bakı, 15 fevral, Samirə Allahverdiyeva, AZƏRTAC
Azərbaycanda olduğum üçün çox şadam. Ölkənizə səfərim çox səmərəli və məhsuldar oldu. Səfər müddətində bir sıra görüşlər keçirdim. Bu görüşlərin əsas məqsədi idmanın pencak-silat növünün Azərbaycanda təbliğini və kütləviləşməsini təmin etməkdir.
Bu sözləri Beynəlxalq Pencak-Silat Federasiyasının Azərbaycanda səfərdə olan baş direktoru, Asiya Pencak-Silat Federasiyasının prezidenti Şeyx Alauddin Yakup Marican AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Ölkəmizdə idmanın inkişafına dövlət qayğısının göstərilməsini yüksək qiymətləndirən qonaq deyib: “Ötən il Azərbaycan dünyanın diqqətini özünə cəlb edərək ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. “Bakı-2015”in proqramında qeyri-Olimpiya idman növləri də yer almışdı. Gələn il isə Azərbaycanda IV İslam Həmrəylik Oyunları keçiriləcək. İslam Həmrəylik Oyunlarının proqramına pencak-silat idmanının salınması istiqamətində danışıqlar aparılır. Ümid edirəm, mötəbər yarışda idmanın bu növü üzrə də yarışlar təşkil olunacaq”.
Təmsil etdiyi beynəlxalq qurumun Azərbaycanda idmanın bu növünün inkişafı, idmançıların yetişdirilməsi üçün fəal dəstək verəcəyini bildirən Şeyx Alauddin Yakup Marican bu baxımdan yerli idmançılar üçün ustad dərslərinin təşkilinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırıb ki, Sinqapurda pencak-silat üzrə iki beynəlxalq mərkəz fəaliyyət göstərir. Azərbaycanlı idmançıların bu mərkəzlərdə təlim-məşq toplanışı keçirməsi planlaşdırılır. Apardığımız danışıqlar nəticəsində Azərbaycan oktyabrda Qran-pri yarışlarına ev sahibliyi edəcək. İdmançılar isə mayda Malayziyada keçiriləcək pencak-silatın qaydasız döyüş növü üzrə beynəlxalq turnirdə ilk dəfə olaraq mübarizə aparacaq.
Azərbaycanda idmanın bu növünü gənclər arasında kütləviləşdirmək üçün bundan sonra da birgə layihələrin həyata keçiriləcəyini vurğulayan qonaq deyib ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşlərimiz çox məhsuldar oldu. Bu görüşlərdə pencak-silatın Azərbaycandakı mövcud durumu, gələcək perspektivləri və idmanın bu növünün İslam Həmrəylik Oyunlarının proqramına salınması imkanları müzakirə edildi.
“Azərbaycanda idman infrastrukturu beynəlxalq standartlara tam cavab verir. Səfər müddətində paytaxtda bir neçə idman obyektində oldum. Burada yaradılan şərait məndə xoş təəssürat yaratdı. Hətta bölgələrdəki idman zalları da yüksək səviyyədədir. Qəbələdə idmanın inkişafı üçün hər cür şərait var. Qeyd etmək istəyirəm ki, Azərbaycanın füsunkar təbiəti, tarixi abidələri ilə yanaşı, müasir memarlığı da məni valeh etdi. Bundan başqa, Azərbaycan mətbəxinin zəngin və çoxçeşidli olmasını xüsusi vurğulamaq istərdim”.
Şeyx Alauddin Yakup Marican yüksək qonaqpərvərliyə görə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə, Azərbaycan Sindo-ryu və Pencak-Silat Federasiyasının idarə heyətinin üzvlərinə təşəkkürünü bildirib, ölkəmizə yenidən səfər edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Qeyd edək ki, qonaq səfər çərçivəsində Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb.
Sonra Şəhidlər xiyabanına gələn Şeyx Alauddin Yakup Marican ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib.