Azərbaycanda gələn ildən sosial xarakterli xəstəliklər - şəkərli diabet, hemofiliya, talassemiya, xroniki böyrək çatışmazlığı üzrə tibb proqramları həyata keçiriləcəkdir. Bunu jurnalistlərə səhiyyə naziri Oqtay Şirəliyev bildirmişdir. Bu kateqoriyadan olan xəstələrə tibbi xidmət göstərilməsi baha başa gəldiyi üçün (böyrək çatışmazlığından əziyyət çəkən xəstəyə bir il ərzində təkcə hemodializ vurulması 2,5 min dollara başa gəlir) nazirlik həmin proqramın, habelə uşaqlar arasında yoluxucu xəstəliklərin profilaktikasına dair tədbirlərin əlavə maliyyələşdirilməsi xahişi ilə ölkə Prezidentinə müraciət etmişdir. Nazirliyin bu təşəbbüsü dövlətimizin başçısı tərəfindən dəstəklənmişdir və hazırda Maliyyə Nazirliyi ilə müvafiq danışıqlar aparılır. Proqram 2006-2010-cu illəri əhatə edəcəkdir.
Səhiyyə Nazirliyi yeni doğulmuş hər bir uşaq üçün açılacaq bioloji pasportun tətbiqinə də hazırlaşır. Plastik kart şəklində olacaq bioloji pasporta peyvəndlər, uşağın keçirdiyi xəstəliklər və təyin edilən müalicə üsulu barədə məlumat daxil olunacaqdır. Gələcəkdə bu sistem əhalinin başqa yaş kateqoriyalarına da aid ediləcəkdir. Pasportlardakı məlumat Səhiyyə Nazirliyinin vahid informasiya sistemində toplanacaqdır.