Azərbaycanda turizmin imkanlarının gücləndirilməsinə həsr edilmiş Tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir
Bakı, 12 iyun (AZƏRTAC). İyunun 12-də “Hyatt Regency Baku” mehmanxanasında “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin imkanlarının gücləndirilməsi” Tvinninq layihəsinin müvəffəqiyyətlə başa çatması münasibətilə konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu layihə iki ölkə və 20 ekspert tərəfindən reallaşdırılmışdır.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda son illər turizmin inkişafı istiqamətində görülmüş işlərdən söz açmışdır.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş müvafiq Dövlət proqramlarının icrası nəticəsində bu gün ölkəmizdə turizmin inkişafı günün tələbləri səviyyəsində qurulmuşdur. Görülmüş işlər nəticəsində hazırda ölkəyə gələn turistlərin sayı 2 milyona çatmışdır.
Bölgələrdə də turizmin inkişafı istiqamətində görülmüş çoxsaylı layihələrdən söz açan nazir demişdir ki, bu gün Azərbaycanın bütün şəhər və rayonlarında otellər, istirahət mərkəzləri fəaliyyət göstərin.
Tvinninq layihəsinin Azərbaycan turizminə verdiyi dəyərli töhfələri vurğulayan Ə.Qarayev bildirmişdir ki, bu layihənin icrasına 2013-cü il fevralın 15-də başlanılmışdır. On yeddi ayadək bir müddətdə benefisiar qismində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa İttifaqına üzv dövlətlərin qurumları - Avstriya Federal Satınalmalar Agentliyi (FPA) və Litvanın Dövlət Turizm Departamenti tərəfindən həyata keçirilmişdir. Layihənin uzadılmış son müddəti cari il iyunun 27-si müəyyən olunmuşdur.
Vurğulanmışdır ki, bu layihə Azərbaycanda turizm sahəsinin inkişafının üçüncü mərhələsində icra olunmuş və Azərbaycanda dövlət tərəfindən turizmin idarə edilməsi sisteminə çoxsaylı dəyişikliklər gətirmişdir.
Mədəniyyət və turizm naziri demişdir ki, bundan sonra nazirliyin turizm şöbəsi əməkdaşlarının üzərinə çox böyük məsuliyyət düşür. Onlar ölkədə turizm sənayesinin canlanmasına, inkişafına, yenilənməsinə çalışmalıdırlar.
Tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard çıxış edərək bildirmişdir ki, turizm sahəsinin inkişafı Aİ-yə üzv olan bir sıra ölkələr üçün olduqca vacibdir. Onlar ən yaxşı təcrübələrini bölüşməyə həmişə hazırdırlar və bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Turizm sənayesinin Aİ-nin ümumdaxili məhsulunun 5 faizini təşkil etdiyini diqqətə çatdıran səfir demişdir ki, məhz belə layihələr turizmə daha çox insanın cəlb olunmasına yeni imkanlar yaradır.
M.Mard demişdir ki, layihə çərçivəsində əldə olunmuş müsbət nəticələrin tətbiqi bu ölkənin turizm sahəsinin inkişafında mühüm rol oynayacaqdır. Burada nəzərdə tutulmuş tövsiyələr də məhz turizmin inkişafına xidmət edir. Ona görə də layihənin davamlı təşkili olduqca mühümdür və biz əməkdaşlığa həmişə hazırıq.
Turizmin daim dəyişiklik sevən bir sahə olduğunu vurğulayan diplomat demişdir ki, bu sahənin inkişafı üçün Azərbaycanda hərtərəfli imkanlar vardır.
Tədbirdə layihənin əsas tərəfdaş ölkələrinin təmsilçiləri qismində Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç və Litvanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Sarune Kubiliute çıxış edərək Azərbaycanda turizmin inkişafı istiqamətində görülmüş işləri yüksək qiymətləndirmiş və layihənin bu sahənin daha da peşəkarlıqla təşkilinə verəcəyi töhfələrdən danışmışlar.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini, benefisiar tərəfdən layihənin rəhbəri Nazim Səmədov, Avropa İttifaqına üzv dövlət qurumları tərəfindən layihənin rəhbəri Florian Sengstschmid çıxış edərək layihə çərçivəsində görülmüş işlərdən söz açmışlar.
Tədbirdə layihənin icrası zamanı görülmüş işlərin təqdimatı olmuşdur.