Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi genişləndirilir
Bakı, 23 yanvar (AZƏRTAC). Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində ötən il ərzində mühüm işlər görülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, milli parklar isə 3,7 faizini təşkil edir.
Müasir Zooloji Parkın yaradılması üçün Abşeron rayonundakı Qumyataq gölünün sahilindəki ərazilərdə 55 hektar torpaq sahəsi ayrılmışdır. Parkın layihə-dizayn sənədlərinə aidiyyəti dövlət qurumları tərəfindən baxılmış, tələb olunan müsbət rəylər, layihə tapşırıqları və texniki şərtlər alınmışdır.
Dövlətimizin başçısının 2013-cü il 25 iyun tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnaməyə müvafiq olaraq milli parkın fəaliyyətinin, həmçinin qanunvericiliyə uyğun olaraq mühafizə, nəzarət və turizm komponentləri üzrə infrastrukturunun təşkili üzrə işlər davam etdirilir.
“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2013-cü ildə ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyasına başlanılmış və 10 baş ceyran Gürcüstanın Vaşlovani ərazisinə köçürülmüşdür. Bundan əlavə, Korçay Dövlət Təbiət Qoruğuna 10 baş, Acınohur-Sarıca düzünə 10 baş və Ağgöl Milli Parkına 5 baş ceyran reintroduksiya olunmuşdur.
Ötən ildə Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının ikinci nəşrinin I və II cildləri çap olunmuşdur. Ötən bir il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 764 akt və 234 protokol tərtib edilmişdir.
İl ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində aparılmış araşdırmalar nəticəsində aşkar edilmiş qanun pozuntularına görə milli parkların və dövlət təbiət qoruqlarının 72 işçisi barəsində intizam tənbeh tədbirləri görülmüşdür.