Azərbaycanın Aktaudakı baş konsulluğunda Gənclər Günü münasibətilə konfrans keçirilib
Aktau, 4 fevral, AZƏRTAC
Azərbaycanın Aktaudakı baş konsulluğu 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə videokonfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə baş konsul Elmar Məmmədov Qazaxıstanın Mangistau, Atırau, Aktöbe və Qərbi Qazaxıstan vilayətlərində təhsil alan azərbaycanlı tələbələri bayram münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Diplomat azərbaycanlı gənclərin məhz ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. O, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasının, 1996-cı il fevralın 2-də Ulu Öndərin təşəbbüsü ilə ölkə gənclərinin birinci forumunun keçirilməsinin, 1997-ci ildə imzaladığı Sərəncamla 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunmasının dahi şəxsiyyətin gənclərə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib.
Baş konsul tədbir iştirakçılarını Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanması və torpaqlarımızı düşmən tapdağından azad etməsi münasibətilə də təbrik edib, dövlətimizin başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan, onlar üçün yaradılan imkanlardan danışıb.
Tələbələr tədbirin təşkilinə görə təşəkkürlərini bildirərək, Vətən müharibəsinin parlaq Qələbə ilə başa çatması münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Görüşdə tələbələrlə müxtəlif mövzulara dair fikir mübadiləsi aparılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan