Azərbaycanın biznes turizm sahəsində imkanları rusiyalı şirkətlərin diqqət mərkəzindədir
Bakı, 9 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Rusiyanın biznes turizm təmsilçilərini ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın MİCE (biznesturizm) sektorunu təmsil edən 12 şirkət və korporativ müştərilər bu məqsədlə Azərbaycana dəvət olunmuşdur.
Azərbaycan Konqreslər Bürosu və onun tərəfdaşları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Rusiya nümayəndəliyi tərəfindən dəvət olunan nümayəndə heyətinin üzvlərini Azərbaycanın iclas və görüş məkanı kimi gözəl imkan və təcrübəsi ilə yaxından tanış etmək üçün xüsusi tədbirlər təşkil etmişdir. Milli adət və ənənələrimiz və eləcə də şəhərimizdə turistlər üçün yaradılan gözəl imkanları təqdim etmək məqsədilə təşkil olunan tədbirlərdə qonaqlar toy adət-ənənələrimiz, milli mətbəximizin ləziz təamlarından olan qutabın bişirilmə qaydası ilə tanış olacaq, həmçinin karvansarayda yerli musiqiçilərimizin ifasına qulaq asacaqlar.
Bakı buxtasında təşkil olunan gəmi gəzintisi isə qonaqlara şəhərin ecazkar gözəlliyini görməyə imkan verəcəkdir.
Tədbir iştirakçılarının hərtərəfli məlumatlandırılması ölkəmizin turizm sahəsinə yeni sərmayəçilər cəlb etməyə və ölkəmizin biznes turizmi potensialını daha yaxşı tanıtmağa imkan yaradacaqdır. Azərbaycan Konqreslər Bürosu və onun tərəfdaşları ev sahibi olaraq tədbirlərin təşkilində fəal iştirak edir və ölkəmizin turizm mərkəzi kimi təşviqi üçün səylərini əsirgəmirlər.