SİYASƏT
Azərbaycanın böyük Qələbəsinə kölgə salmaq cəhdləri baş tutmayacaq
Bakı, 22 dekabr, AZƏRTAC
44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması, işğal altında olan torpaqlarımızın tam azad edilməsi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu reallıq həm də respublikamız qarşısında yeni perspektivlər açdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov bildirib.
İşğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin aparılması, təhlükəsizliyin təmin edilməsi diqqət mərkəzindədir
S.Novruzov deyib ki, işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinin aparılması Azərbaycanın inkişafında yeni mərhələyə təkan verəcək. Həmin ərazilərdə təhlükəsizliyin təmin olunması da xüsusi diqqət mərkəzindədir və bu istiqamətdə müvafiq addımlar atılır.
Yeri gəlmişkən, son vaxtlar bəzi internet saytlarında, sosial şəbəkələrdə ermənilərin Xankəndidə evlərini satışa çıxarmaları, azərbaycanlıların bu mənzilləri almalarının vacibliyi məsələsi müzakirəyə çıxarılır. Hesab edirəm ki, bu məsələ ətrafında özəl müzakirə açmağın xüsusi əhəmiyyəti yoxdur. Ona görə ki, Xankəndi də respublikamızın ərazisidir və Azərbaycan vətəndaşları bütün bölgələrimizdə mənzil almaq və yaşamaq hüququna malikdirlər.
Mətbuat nümayəndələri yüksək vətənpərvərlik nümayiş etdirdilər
Vacib bir məqamı da qeyd etmək istərdim. İstər Vətən müharibəsi dövründə, istərsə də sonrakı mərhələdə Azərbaycan mətbuatı öz peşəkarlığı, vətənpərvərliyi ilə fərqləndi. Media nümayəndələri həm Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar, həm də erməni yalanlarını ifşa etdilər. Onlar, eyni zamanda, xaricdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına layiqli cavab verdilər, informasiya müharibəsində fəallıq göstərdilər. Bu, dövlətimizin maraqlarının qorunması baxımından olduqca böyük əhəmiyyətə malikdir.
Qələbəmizə kölgə salmaq istəyənlər erməni lobbisinin sifarişlərini yerinə yetirirlər
Toxunmaq istədiyim digər məsələ son günlər “sapı özümüzdən olan balta”ların sosial şəbəkələrdə çirkin təbliğat aparmalarıdır. İnkaredilməz həqiqətdir ki, Vətənini sevən hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsini böyük qürur və sevinclə qarşılayır. Amma vaxtilə torpaqlarımızın işğal altına düşməsinə səbəb olan bir qrup antimilli ünsür böyük qələbənin üzərinə kölgə salmaq, insanları yanıltmaq, xalqı aldatmaq üçün canfəşanlıq göstərir. Xalqa xəyanət yuvasına çevrilmiş antimilli şura adlanan satqınlar klubunu təmsilçiləri ermənilərin tezislərini təkrarlayırlar. Erməni mənşəli olan və erməni çörəyi yeyən belələri, sözsüz ki, elə erməni lobbisinin sifarişlərini yerinə yetirirlər.
“Əlbəttə, onların bu cəhdləri yenə də iflasa uğrayacaq, antimilli ünsürlər məkrli niyyətlərinə çata bilməyəcəklər. Çünki Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi var. Xalqımız Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, tarixi qələbəmizi çox yüksək qiymətləndirir”, - deyə Milli Məclisin komitə sədri qeyd edib.