AZƏRBAYCANIN DÖRD BOKSÇUSU YARIMFİNALA VƏSİQƏ QAZANARAQ ARTIQ ÖZLƏRİNƏ BÜRÜNC MEDALI TƏMİN ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də Bakıda yeniyetmələr arasında boks üzrə 6-cı dünya çempionatının növbəti görüşləri keçirilmişdir.
Günün birinci yarısında müxtəlif ölkələri təmsil edən 74 idmançı 7 çəki dərəcəsi üzrə mübarizə aparmışdır.
Azərbaycan boksçuları Elvin İsayev (46 kq), Heybətulla Hacəliyev (57 kq) ukraynalı idmançılar Mikola Buçenko ilə Aleksandr Kuneçi, digər idmançılarımız Qismət Eynullayev (60) avstraliyalı Roxan Merdoku, Anar Cəfərov (63 kq) isə rəqibi, irlandiyalı Djeyson Quqlini məğlub edərək yarımfinala vəsiqə qazanmışlar.
İdmançılarımızdan Rəşad Abdullayev (86 kq) polşalı Martin Sivi məğlub etmişdir.
Yarımfinala vəsiqə almış idmançılarımız sentyabrın 7-də qızıl medal uğrunda mubarizə aparacaqlar.
İlk dəfə yarışa qoşulan Rəşad Müslümov (75 kq) amerikalı Opiu Kavika, bir neçə görüşü uğurla başa vuran Malik Məmmədzadə (80 kq) isə serbiyalı Zoran Yasareviçə məğlub olmuşlar.
Hazırda Azərbaycanın 11 boksçusu yarışları davam etdirir.
Digər görüşlərdə müxtəlif çəki dərəcələri üzrə mübarizədə qalib gələn boksçular - Ekər Səlcuk, Güney Haydaralı, Aydın Hasan (Türkiyə), Lyus Kortes (ABŞ), Martin Uord (İngiltərə), Daniel Badulesku (Rumıniya), Aleksandr Besputin, Dimitri Bivol, Kureyş Saqov, Qriqori Nikolayçuk, Dimitri Kulajenko, Aleksandr Korobkov (Rusiya), Uktamali Paxmonov, Casurbek Latipov, Calolbek Xabizov, Maşur Ruziev (Özbəkistan), Vladimir Savenko, Sergey Smolin (Ukrayna), Nursultan Ablaev, Jandos Mikanov (Qazaxıstan), Yunq Djin-Qan (Koreya Resbublikası), Umeş Yadav (Hindistan), Stepan Kurda (Belarus), Martines Ysla (Kuba) və Kayta Tapia (Puerto- Riko) növbəti mərhələyə adlamışlar.